"Baku Steel Company"dən kimlər gəldi, kimlər keçdi? - ARAŞDIRMA

Hazırda “Baku Steel Company” QSC-yə məxsus poladəritmə və metal məmulatları istehsalı zavodu “Bakelektroqaynaq” ASC-nin səhmlərinin 1999-cu ildə 182 milyon ABŞ dolları məbləğində sərmayə qoyuluşu şərti ilə investisiya müsabiqəsində özəlləşdirilməsi nəticəsində qurulub. Müəssisə 2001-ci ilin iyun ayında eks-prezident Heydər Əliyevin iştirakı ilə işə salınıb.
2006-cı ildə investisiya proqramının icrası başa çatdı və “Bakelektroqaynaq” ASC-nin 98 faiz səhmi Baku Steel Company Ltd. şirkətinin mülkiyyətinə keçdi. Həmin vaxt Baku Steel Company Ltd. şirkəti “Bakelektroqaynaq” ASC-nin əmlakını və yerləşdiyi torpaq sahəsini 5 illik (sonradan uzatmaq şərtilə) icarəyə götürdü. İcarə müqaviləsinin şərtinə görə, ASC-yə illik icarə haqqı olaraq təxminən 300 min manat ödənilir. Həmin icarə müqaviləsi hazırda qüvvədədir. Başqa sözlə, Baku Steel Company şirkəti səhmlərinin 97,9 fazisinə sahiblik etdiyi “Bakelektroqaynaq” ASC-yə məxsus əmlakı bazar şərtlərindən çox-çox aşağı qiymətə icarəyə götürüb. Bu səbəbdən ASC-nin elan olunmuş zərərləri hazırda 17 milyon manata yaxındır.
Baku Steel Company Ltd. şirkətinin və Bakıdakı zavodların ilk sahibi və rəhbəri Paolo Əmir Pərviz olub. O, Baku Steel Company Ltd. şirkətini ofşorda - Men Adasında qurmuşdu. 2008-ci ilin may ayında P.Pərviz şirkəti tərk edib və onu İsrail mənşəli iş adamlarına satıb. BSC-yə əvvəlcə David Stainfield, 2009-cu ilin aprel ayından isə Aksel Borovski rəhbərlik edib. Bu dövrdə zavod müxtəlif səbəblərdən, o cümlədən ciddi vergi yoxlaması nəticəsində fasilələrlə işləyib. 2009-cu ilin dekbr ayında İsrailin Azərbaycandakı səfiri Mixael Lavon Lotem Turan İA-ya müsahibəsində deyib ki, İsrail sərmayəçiləri BSC-dəki sərmayəsini geri çəkiblər.
2010-cu ilin yanvar ayında BSC-yə Nikolay Qolovaçov rəhbərlik etməyə başlayıb. Az əvvəl isə, yəni 2009-cu ilin avqust ayında Baku Steel Company Ltd. şirkətinin 3 Azərbaycan şirkətində (“Bakelektroqaynaq” ASC, “Azərtəkrarqarametal” ASC və “Bakı Oksigen Kompani” ASC) sahibi olduğu səhmlərin bazasında nizamnamə kapitalı 36 milyon manat olan eyniadlı MMC – “Baku Steel Company” (VÖEN: 1501481481) yaradılmışdı. “Baku Steel Company” MMC-nin təsis olunması və onun paylarının 50%-nin Azərbaycanda qeydiyyatdan keçən “Politon” MMC-yə (VÖEN: 1401600321) dövlət anhisat qurumunun razılığı əsasında satışı təxminən eyni dövrə təsadüf edib. “Politon” MMC o dövrdə vergilər naziri olmuş Fazil Məmmədovun, eləcə də prezident İlham Əliyevin ailə üzvlərinin dolayı nəzarət etdiyi bir çox şirkətin hüquqi ünvanı olan Bakı şəhəri, Süleyman Rüstəm, ev 9-dakı ofislərdən birində qeydiyyatdan keçmişdi.
2010-cu ilin iyul ayında “Baku Steel Company” MMC-yə Süleyman Hikmət oğlu Məmmədovun rəhbər təyin edildiyi elan edildi. O, hazırda özünü bu şirkərin sahibi olduğunu elan edən Rasim Məmmədovun qardaşıdır.
Zəruri qeyd: Süleyman Məmmədov hələ də “Bakelektroqaynaq” ASC-nin (VÖEN: 9900060121) direktoru vəzifəsini daşıyır. Yeni komandanın bu ilin yayında səhmdarların illik ümumi yığıncağında onu vəzifədən azad etmək imkanı olsa da, bu addımı qaranlıq səbəblərdən atmadı.
Qayıdqq Rasim Məmmədova. 2011-ci ildən başlayaraq o, hakimiyyət orqanlarının dəstəyi ilə qara metal məmulatları bazarının rəqib iştirakçılarına, o cümlədən idxalçılara qarşı fəal aqressiv hərəkətlərə start verdi. Əvvəlcə Nurəddin Zülfüqarlı və onun qardaşlarının səhmlərinə və paylarına sahib olduqları bir neçə müəssisəyə (“Bakelektroştamp” ASC, “Bakı Poladtökmə” ASC, “Xəzər-Boru” MMC) reyder hücumları təşkil edildi, növbəti ildə isə bazardakı kiçik oyunçuların (aşağı həcmlərdə polad armatur və katanka istelsal edən sexlər) istehsal sahələrinə idmançı görkəmli qrupların işrirakı ilə polis müdaxiləsinə rast gəlmədən təcavüz edildi, şəxsi əmlaka zərər vuruldu və nəticədə bu müəssisələrin istehsal fəaliyyəti dayandırıldı. Hüquq-mühafizə və prokurorluq orqanları şikayətlərə əhəmiyyət vermədi.
2021-ci ilin əvvəlində media məlumat verdi ki, AMEA prezidenti Ramiz Mehdiyevin oğlu, fövqəladə hallar nazirinin müavini Teymur Mehdiyev və kürəkəni, keçmiş deputat İlham Əliyev hüquq-mühafizə və dövlət təhlükəsizlik orqanlarına Rasim Məmmədova qarşı şikayət ediblər. Onlar ərizələrində iddia edirdilər ki, Rasim Məmmədov onların müvafiq olaraq 4 milyon və 3,5 milyon dollar vəsaitini mənimsəyib.
Rasim Məmmədov 2021-ci ilin yanvar ayının 29-da Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs olunub.
İttiham sənədində qeyd olunur ki, Rasim Məmmədov “Baku Steel Company” MMC-nin Müşahidə Şurasının sədri olduğu dövrdə “öz səlahiyyətlərindən qulluq mənafelərinə qəsdən zidd olaraq istifadə edib rəsmiləşdirilmiş satış üzrə müəssisəyə mədaxil edilmiş pul vəsaitlərindən 13 milyon 200 min manatı mənimsəmə yolu ilə talamasına, 42 milyon manat dəyərində istehsal olunmuş məhsulu israf etməsinə, bu əməlləri ilə “Baku Steel Company” MMC-nin maliyyə ehtiyatlarına və davamlı fəaliyyətinə mühüm ziyan vurmasına, həmçinin müxtəlif şəxslərdən külli miqdarda pul vəsaitini aldatma və etibardan sui-istifadə etməklə ələ keçirib təkrar dələduzluq əməllərini törətməsinə əsaslı şübhələr müəyyən olunub”.
Rasim Məmmədov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 179.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
2021-ci ilin dekabr ayında Ernst & Young Holdings şirkəti “Baku Steel Company” MMC və onun törəmə şirkətlərində kənar auditor yoxlaması keçirib. Audit rəyi və birləşdirilmiş maliyyə hesabatı (ingilis dilində olan versiyası) 2022-ci ilin yanvar ayının əvvəlində BSC-nin internet səhifəsində bir neçə saat saxlandıqdan sonra müəmmalı şəkildə saytdan silinib.
Hesabata görə, 1 yanvar 2021-ci il tarixinə şirkət 61 milyon manat zərərə sahib olmaqla 23 milyon manat mənfi kapitala sahib idi. “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə, “Xalq Bank” ASC-yə və ləğvetmə prosesində olan “Bank Standard” QSC-yə 63,7 milyon manat kredit borcu yığılıb qalmışdı.
Maliyyə hesabatına görə, “Baku Steel Company” MMC-yə “Politon” MMC (75%) vasitəsilə iş adamı İman Quliyev nəzarət edir. Şirkətdəki payın 25 faizi vətəndaşlığı və ata adı qeyd olunmayan Əli Kərimova məxsusdur. Şirkətlər qrupuna aşağıdakı şirkətlər daxildir: “Bakı Oksigen Kompani” ASC (100%), “Bakelektroqaynaq” ASC (97,89%), “Baku Steel Construction” ASC (80,03%), “Azərtəkrarqarametal” ASC (98,81%), “Bakı Elektroştamp” ASC (80%), “Azərboru” (97,39%) ASC və “Xəzər-Boru” MMC (95%). Bundan başqa, “Azəri Steel-2009” MMC, “Baku Mon Ferrous and Foundry Company” MMC, “Semoco” MMC, “S.Steel Company” MMC, eləcə də “Aktau Steel” MMC (Qazaxıstan) BSC ilə əlaqəli tərəf olan şirkətlərdir.
2022-ci ilin yanvar ayının 7-də “Baku Steel Company” MMC təşkilati-hüquqi formasını dəyişərək qapalı səhmdar cəmiyyətinə çevrildiyini elan edib. Şirkətin hazırkı səhmdarları və onların pay bölgüsü barədə rəsmi və qeyri-rəsmi məlumat yoxdur.
Bu qısa hekayət bir dostumuzun xahişi ilə BSC ətrafında baş verən olayların xronologiyasını təsvir etmək üçün yazılıb. Təqdim olunan məlumatlar və faktlar sənədli sübutlara söykənir.
Hafiz BABALI, araşdırmaçı jurnalist