Kiçik və Orta Biznesin İnkişafı Agentliyi turizm sektorunun inkişafına mühüm dəstək verir - Göydəniz Qəhrəmanov
“Yaxın günlərdə turizm sahəsinə aid bir sıra məsələlərlə bağlı Azərbaycan Turizm Agentlikləri Assosiasiyası (ATAA) Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) müraciət edəcək”.
Bunu AFN.az-a açıqlamasında Azərbaycan Turizm Agentlikləri Assosiasiyası İctimai Birliyinin İdarə Heyətinin sədri, KOBİA yanında İctimai Şuranın sədr müavini Göydəniz Qəhrəmanov deyib. Onun sözlərinə görə, əslində ATAA olaraq bir neçə dəfə KOBİA-ya müraciət edilib: “Turizm şirkətlərinin əməkdaşları üçün bu yaxınlarda AYATA-nın kurslarının təşkil edilməsi ilə bağlı müraciət etdik. Bu kurslar beynəlxalq statusda olan kurslardır və xərcləri də tək bir turizm şirkətinin ödəyəcəyi məbləğ deyil. Yəni kifayət qədər bahalı kurslardır. Digər tərəfdən də pandemiya ilə əlaqədar olaraq turizm sektoru işçi qıtlığı ilə üzləşib. Çünki məlum olduğu kimi, pandemiya dövründə turizm digər sahələrə nisbətən daha çox fəaliyyətsiz qaldı, bu sahədə çalışanlar məcburi öz iş yerlərini dəyişdilər. Bu səbəbdən də yeni işçilərin peşəkarlaşmasına ehtiyac yaranıb. AYATA-nın kursları bu baxımdan çox əhəmiyyətli və paralel olaraq da bahalı kurslardır. Biz dəstək üçün KOBİA-ya müraciət etdik. Təşkil edilmiş kurslarda 135 nəfər iştirak etdi. Onlar müvəffəqiyyətlə kursları başa vurub AYATA-nın sertifikatını aldılar. Məlumat üçün bildirim ki, bütün dünyada turizm sektorunda AYATA sertifikatı çox vacib və yüksək səviyyəli sənəd hesab olunur. KOBİA ilə belə layihələrin davam etdirilməsini nəzərdə tuturuq”.
ATAA sədri qeyd etdi ki, KOBİA turizm sahəsində ötən ildən daha bir layihəyə də dəstək verir. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyi, KOBİA və Dövlət Turizm Agentliyinin dəstəyi ilə həyata keçirilən bi layihə “Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” adlanır və kənd turizminin inkişafına və kəndlərdə məşğulluğa dəstək məqsədilə reallaşdırılır: “Layihə çərçivəsində turizm potensialı yüksək olan rayonların kəndlərində kənd qonaq evləri kimi fəaliyyət göstərəcək yeni sahibkarlıq subyektləri yaradılır. Bu məqsədlə bu il Quba, Qusar, Xaçmaz, Şəki, Zaqatala, Qax, Lənkəran, Astara, Lerik rayonlarında turistlər üçün kənd qonaq evləri kimi fəaliyyət göstərəcək 51 sahibkarlıq subyektinin təsis olunması həyata keçirilib. Kəndlilərin turizm sahəsinə cəlb edilməsi və onların turizm-xidmət sahələri üzrə müvafiq biliklərə yiyələnmələri üçün uyğun namizədlər seçilib, sonra isə təlimlərə cəlb edilib. Turizm obyekti kimi istifadə olunacaq ərazidə də təmir işləri aparılıb. Daha sonra həmin obyektlər Dövlət Məşğulluq Agentliyi tərəfindən lazım olan avadanlıqlarla, o cümlədən divan, kreslo, stol-stul və yataq dəstləri, mebel avadanlıqları, soyuducu, kondisioner, mətbəx ləvazimatları, televizor və s.-lə təmin olunub.
Onu da bildirim ki, bu layihənin ilk mərhələsində 2021-ci ildə İsmayıllı rayonunda 15 kənd qonaq evi yaradılıb, onlar artıq fəaliyyət göstərirlər. Bu layihəni daha da genişləndirmək niyyətindəyik”.
Göydəniz Qəhrəmanov bildirdi ki, ATAA sədri olaraq dekabr ayında KOBİA yanında İctimai Şuranın sədr müavini seçilib. O, ümumiyyətlə, ictimai şuraların funksiyasından danışaraq qeyd etdi ki, onların işi dövlət qurumları ilə özəl sektoru bir araya gətirməkdir: “Hər ay bizim görüşlərimiz olur, bütün sektorların təmsilçiləri ilə, istər qida, istər tikinti, istər turizm sektoru və s. olsun, sahibkarların çətinlikləri, təklifləri dinlənilir. Elə məsələlər var ki, yerində həll olunur, elə məsələlər də olur ki, müzakirə olunur, sonradan müəyyən qərarlar verilir. Düşünürəm ki, ictimai şuralar çox mühüm bir vəzifəni yerinə yetirir və işlərini bu istiqamətdə də davam etdirməlidirlər”.
Fəxriyyə ABDULLAYEVA