Qarabağın minalardan təmizlənməsinə niyə beynəlxalq dəstək verilmir?

Qarabağın işğaldan azad olunmuş ərazilərinin minalardan təmizlənməsi Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) rəhbərliyi altında 3 dövlət qurumu (Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidməti) və 4 özəl şirkətlə (“Alphademining”, “Qaya Safety”, “Safety point” və “Azerbaijan demining”) birlikdə aparılır.
AFN.az xəbər verir ki, 2021-ci ildə 18 770 ha, 2022-ci ildə 43 916 ha, 2023-cü ilin ilk 2 ayında 4 245 ha, ümumilikdə isə 66 931 ha sahə minalardan və partlamamış hərbi sursatlardan təmizlənib. Prosesi şərh edən iqtisadçı ekspert Qalib Bayramovun bildirib ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə böyük qayıdışa dair I Dövlət Proqramı”nda qoyulan hədəflərə (2022-2025-ci illərdə - 215 min ha, 2020-2026-ci illərdə 280 min ha) necə nail olunmasını zaman göstərəcək. "Hazırda bu məsələ aktual deyil. Aktual olan humanitar minatəmizləmə fəaliyyətinin şəffaflıq və hesabatlılıq standartlarına uyğun aparılıb-aparılmamasıdır" - deyə ekspert qeyd edib.
Q.Bayramov təəssüflə bildirib ki, ANAMA kimi əhəmiyyətli dövlət qurumunun hələ də saytı yoxdur, agentlik fəaliyyəti ilə bağlı məlumatları sosial şəbəkələr vasitəsilə açıqlayır: "Hər il cari il dekabrın 1-dək ANAMA minatəmizləmə sahəsində fəaliyyət göstərən digər dövlət orqanlarının, fiziki və hüquqi şəxslərin, habelə xarici ölkələrin müvafiq qurumlarının minatəmizləmə fəaliyyəti üzrə mövcud qüvvə və vasitələri nəzərə alınmaqla ərazilərdə minatəmizləmə fəaliyyətinin hər növbəti il üçün planlaşdırılmasına dair təkliflərini Nazirlər Kabinetinə təqdim edir. Nazirlər Kabineti isə ANAMA-nın təklifləri əsasında dekabrın 25-dək işğaldan azad edilmiş ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi sahəsində prioritet təşkil edən ərazilər nəzərə alınmaqla minatəmizləmə üzrə illik planı təsdiq edir. Öncədən deyim ki, illik plan qapalı sənəddir, əlçatan deyil.
Burada digər bir mühüm məqam prioritet təşkil edən ərazilər məsələsdir. Əslində, bunun üçün meyar müəyyənləşdirmək də yersizdir. Kimdən “Qarabağda minalardan təmizlənmək üçün prioritet ərazilər hansıdır” soruşsaq, “Yolların, enerji və su xətlərinin keçdiyi ərazilər və təbii ki, yaşayış məskənləri” deyəcəklər. Bunu biz deyirik, bəs faktlar (reallıq) nə deyir? Minalardan təmizlənmiş ərazilərin 2021-ci ildə 32%-i, 2022-ci ildə isə 39%-i kənd təsərrüfatının (əkin sahələrinin) payına düşür. Yaşayış məntəqələri isə müvafiq olaraq 20% və 21% təşkil edib".
Q.Bayramov hesab edir ki, hökumət üçün əkin sahələri yaşayış məntəqələri ilə müqayisədə daha prioritetdir: "Əgər minalardan təmizlənən ərazilər Qarabağın ancaq yaşayış məntəqələrini əhatə etsəydi - təbii ki, nəqliyyat və enerji infrastrukturunun vacibliyini inkar etmirəm, bu sadəcə bir müqayisədir – o zaman işğaldan qismən (Xocalı, Xocavənd, Şuşa, Tərtər, Kəlbəcər) və tam (Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın) azad olunmuş rayonların 49 963 hektarlıq 936 ədəd bütün yaşayış məntəqələri minalardan tamamilə təmizlənərdi".
Ekspert bildirib ki, minatəmizləmə fəaliyyətinə dövlət büdcəsindən ayrılan vəsaitin hansı istiqamətlərə xərclənməsi də açıqlanmır: "2021-ci ildə dövlət büdcəsindən işğaldan azad olunmuş ərazilərin yenidənqurma və bərpasına ayrılmış 2 178,0 mln. manatın 98 mln. manatı minatəmizləməyə xərclənib. 2022-ci ildə isə büdcədən qeyd olunan istiqamətə ayrılan 4 310,6 mln. manatın təxminən 100 milyon manatı işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsinə və müvafiq avadanlıqların alınmasına sərf olunub. Bunlar detallı statistika olmasa da, tam açıq məlumatlar da deyil. Xərclərin istiqamətlərindən danışmaq isə yersizdir.
Bəlkə də Qarabağda aparılan humanitar minatəmizləmə fəaliyyətinə güclü beynəlxlaq dəstəyin olmamasının səbəblərini də elə burada axtarmaq lazımdır. Gəlin, nağılları boş verib, gerçəkliyə fokuslanaq, bəlkə, doğrudan da əngəl bardaqdadır".