BDU-da “Mir Cəlalın insanlıq fəlsəfəsi”adlı beynəlxalq elmi seminar keçirilib
Bakı Dövlət Universitetində (BDU) görkəmli yazıçı, ədəbiyyatşünas alim və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasının 115 illiyinə həsr olunmuş “Mir Cəlalın insanlıq fəlsəfəsi” adlı beynəlxalq elmi seminar keçirilib.
Seminarın açılışında çıxış edən BDU-nun rektoru Elçin Babayev bildirib ki, XX əsrin 30-cu illərindən bu günümüzə kimi nəhəng sənətkar, müdrik ziyalı, görkəmli ədəbiyyat adamı olan Mir Cəlalın yaradıcılığı parlaq bir şölə kimi ədəbiyyatımızı, mədəniyyətimizi, milli Azərbaycan bədii fikrini işıqlandırır. Mir Cəlal Paşayev ömrünün 50 ilini nadir istedadı və insanlığı ilə bəşəriyyətə, Azərbaycan milli mədəniyyətinə, ədəbiyyatına, xalqına xidmətə həsr edib.
Onun çoxşaxəli, zəngin bədii yaradıcılığı milli nəsrimizin ən parlaq, mənalı, seçilən nümunələrindəndir. Mir Cəlalın pedaqoji fəaliyyətinin xüsusiyyətləri Azərbaycan maarifçiliyinin, pedaqoji fikir tarixinin ən dəyərli, qiymətli tarixi faktlarındandır. Böyük ədib ömrü boyu elmi-pedaqoji fəaliyyətindən uzaqlaşmayıb. O, ötən əsrin 30-cu illərindən tutmuş 80-ci illərin əvvəllərinə qədər Azərbaycan ziyalılar ordusunun ərsəyə gəlməsi işində başqa həmkarları ilə birlikdə əzmlə çalışıb. Azərbaycan elmi fikrinin ən görkəmli şəxsiyyətlərinin formalaşmasında fəal iştirak edib. Həmçinin, bir çox klassik və müasir sənətkarların yaradıcılıq xüsusiyyətlərinin dərindən öyrənilməsində, ədəbiyyat tariximizə dair ciddi tədqiqat əsərlərinin yazılmasında, elmi-tənqidi fikrimizin düzgün inkişafında onun əvəzsiz xidmətləri olub. Rektor qeyd edib ki, Mir Cəlal görkəmli ədəbiyyatşünas-alim, ədəbiyyat tarixçisi, nəzəriyyəçisi, yüzlərlə ədəbi-tənqidi məqalənin və dərsliyin müəllifidir. Onun N. Gəncəvi, M.Füzuli, M.P.Vaqif, M.Ş.Vazeh, A.Bakıxanov, Q.Zakir, M.F.Axundov, C.Məmmədquluzadə, M.Ə.Sabir, S.Vurğun. C.Cabbarlı, S.Rüstəm və bir çox klassiklər haqqında tədqiqatları, məqalələri, monoqrafik əsərləri ədəbiyyatşünaslıq elmimizin parlaq, əvəzsiz elmi səhifələrindəndir. Ana dilinin zənginliyinə arxalanan sənətkarın olduqca sadə, yığcam, dolğun və təsirli dili var. Böyük vətənpərvər yazıçı elmi yaradıcılığında da millilik və azərbaycançılıq amilini həmişə nəzərə alıb, xalqın milli dəyərlərinin unutdurulduğu bir zamanda böyük Azərbaycan şairi Füzulidən və onun ana dilində yaratdığı əsərlərinin poetik qüdrətindən bəhs edib. Ana dilinə məhəbbət hisslərini geniş anlamda ifadə edib. Yazıçı xalqına ləyaqətlə xidmət etməyə çalışan milli duyğulu, sədaqətli insan obrazları yaratmağa müvəffəq olub, dövrün mənzərəsini ustalıqla əks etdirib. Mir Cəlal BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müdiri, Universitetin əvəzolunmaz pedaqoqlarından biri kimi öz məktəbini yaradıb, neçə-neçə nəhəng ədəbiyyatşünas-alim yetişdirib. Hazırda onun yetirmələri doğma fakültəsində Mir Cəlal məktəbini ləyaqətlə davam etdirirlər.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Mir Cəlalın əsərləri ilə böyüyən nəsillər üçün görkəmli yazıçının əbədi yaşayacağını bildirib. O qeyd edib ki, Mir Cəlal göründüyü kimi olan, əsərlərində yazdığı, təbliğ etdiyi dəyərləri ilə yaşayan, öz həyatı ilə nümunə olan yazıçı idi: “Mir Cəlal heç vaxt ədəbiyyatın maraqlarını dövrün maraqlarına qurban verməyib. Məhz ona görə də onun əsərləri günümüzdə də rahatlıqla çap edilir. Ötən əsrin 37-ci illərində çoxları dövrün konyukturasına uyanda Mir Cəlal Füzulidən yazırdı, XX əsrin başlanğıcındakı ədəbi məktəbləri araşdırırdı. Mir Cəlal böyük müəllim idi, minlərlə gəncin yetişməsi onun ən böyük xidmətlərindəndir”.
Qazaxıstan Prezidentinin müşaviri Malik Otorbayev isə çıxışında Mir Cəlalı “türk dünyasının böyük ədibi” adlandırıb. O qeyd edib ki, görkəmli yazıçının “Bir gəncin manifesti” əsəri keçmiş Sovet İttifaqının ən məşhur romanlarından, Mərdan, Bahar, Sona obrazları isə gənclər üçün örnək idi. O, türk dünyasının Mir Cəlal kimi ədiblərlə fəxr etdiyini diqqətə çatdırıb və türkdilli dövlətlər arasında mədəniyyət sahəsində əlaqələri daha da dərinləşdirmək üçün şair və yazıçıların üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib.
BDU-nun Rus ədəbiyyatı tarixi kafedrasının müdiri Ədibə Paşayeva isə qeyd edib ki, Mir Cəlalın 115 illik yubiley tədbirlərinin belə bir mötəbər seminarla BDU-da başlaması təsadüfi deyil. Çünki BDU Mir Cəlal üçün doğma məkan idi. Ədibə Paşayeva bildirib ki, XX əsr Azərbaycan ədəbiyyatının böyük nümayəndəsi olan Mir Cəlal böyük yazıçı, alim, pedaqoq və insan idi. Mir Cəlalın zəhmət, istedad üzərində qurulan həyatı, fəaliyyəti gənclər üçün nümunə sayılır.
Daha sonra Qırğızıstan Milli Yazıçılar Birliyinin sədri, Əməkdar mədəniyyət xadimi, şair Nurlan Kalıbekov, Saxa (Yakutiya) Yazıçılar Birliyi sədrinin müavini Qavril Androsov, İraq türkmənlərinin tanınmış nümayəndəsi, şair-publisist, ictimai xadim Şəmsəddin Kuzəçi, “Arxangelsk vilayətinin Azərbaycan diasporu” regional ictimai təşkilatının sədri Tərlan Qasımov çıxışlarında Mir Cəlalın Azərbaycan ədəbiyyatı tarixindəki əvəzolunmaz mövqeyindən və elmimizə verdiyi dəyərli töhfələrdən bəhs ediblər.