Rusiyadan ABŞ-yə viza maneəsi etirazı



Rusiyanın Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəsi Vasili Nebenzya BMT Təhlükəsizlik Şurasının (BMT TŞ) iclasında iştirak etmək üçün Nyu-Yorka gəlmək istəyən Rusiya xarici işlər nazirinin müavini Aleksandr Alimova ABŞ-nin viza vermədiyini açıqlayıb.

AFN.az xəbər verir ki, "BMT Nizamnaməsinin məqsəd və prinsiplərini müdafiə etmək və BMT mərkəzli beynəlxalq sistemi gücləndirmək" mövzusunda keçirilən iclasda çıxış edən Nebenzya rusiyalı diplomatın bu ay BMT TŞ-yə sədrlik edən Çin Xarici İşlər Nazirliyi tərəfindən dəvət olunduğunu bildirib.

Rusiyanın toplantıda nazir müavini səviyyəsində təmsil olunmalı olduğunu vurğulayan daimi nümayəndə ABŞ-nin viza imtinasını kəskin tənqid edib.

O, Vaşinqtonun bu addımını təkcə BMT ilə razılaşma üzrə öhdəliklərin pozulması deyil, həm də Çinin sədrliyinə və müzakirə olunan mövzuya qarşı hörmətsizlik kimi qiymətləndirib.

Mövzu ilə bağlı açıqlama verən BMT Baş katibinin sözçünün müavini Farhan Haq ev sahibi ölkənin təşkilatın tədbirlərinə qatılmaq istəyən hər kəsə viza verməli olduğunu xatırladıb və problemin aidiyyəti komitə çərçivəsində həllini tapacağına ümid etdiyini deyib.

Digər tərəfdən, İran xarici işlər naziri Abbas Əraqçinin BMT Baş katibi Antonio Quterreş ilə nəzərdə tutulan görüşünün də son anda ləğv edildiyi və İran rəsmisinin Nyu-Yorka gəlmədiyi rəsmən təsdiqlənib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu