Rusiya və Çindən İrana hücumlara sərt reaksiya



Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında İrana qarşı hücumların müzakirə edildiyi fövqəladə iclasda Rusiya və Çin nümayəndələri baş verən hərbi əməliyyatlardan duyduqları ciddi narahatlığı ifadə ediblər.

AFN.az xəbər verir ki, Rusiyanın BMT-deki daimi nümayəndəsi Vasili Nebenzya ABŞ və İsrailin İrana qarşı son hərbi hücumlarını kəskin şəkildə qınayaraq, bu hərəkətləri əsassız silahlı hücumlar kimi qiymətləndirib.

Nebenzya qeyd edib ki, Vaşinqton və Qərbi Qüdsün bu addımları təşkilatın nizamnaməsini və beynəlxalq hüququn fundamental prinsiplərini pozan, suveren və müstəqil bir BMT üzvü olan dövlətə qarşı törədilmiş növbəti əsassız təcavüzdür. Hücumların İranın daxili işlərinə müdaxilə mənasına gəldiyini müdafiə edən rusiyalı diplomat, daha əvvəl xəbərdarlıq etdikləri kimi, ABŞ və İsrailin məsuliyyətsiz və ehtiyatsız addımlarının bölgədəki vəziyyəti kəskin şəkildə gərginləşdirdiyini bildirib. O, bu hərbi müdaxilələri diplomatiyaya xəyanət adlandıraraq, beynəlxalq birliyi ABŞ-ın İrana qarşı hücumları mövzusunda həssas olmağa çağırıb.

Digər tərəfdən, Çinin BMT-dəki daimi nümayəndəsi Fu Sunq da ABŞ və İsrailin hücumlarının regionda gərginliyi ciddi şəkildə artırdığına diqqət çəkərək, ölkəsinin bu hadisələrdən dərin narahatlıq keçirdiyini vurğulayıb. Fu Sunq vəziyyətin daha da pisləşməsinin qarşısını almaq üçün hərbi əməliyyatların dərhal dayandırılması ilə bağlı çağırış edib və ABŞ ilə İran arasında diplomatik danışıqların aparıldığı bir dövrdə bu cür hərbi hücumların reallaşmasını şokedici hadisə kimi xarakterizə edib.

Çinli təmsilçi çıxışında ölkəsinin bütün tərəflərin BMT nizamnaməsinin məqsəd və prinsiplərinə əməl etməli olduğunu müdafiə etdiyini və beynəlxalq münasibətlərdə güc tətbiqini pislədiyini qeyd edib. O, İranın və bölgənin digər ölkələrinin suverenliyinə, təhlükəsizliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşılmasının vacibliyini bir daha xatırladıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu