Dəri xərçənginə yoluxan Lula da Silvanın müalicəsinə başlanılıb



Braziliya Prezidenti Lula da Silvanın baş nahiyəsində aşkarlanan dəri xərçəngi səbəbindən radioterapiya müalicəsinə start verilib.

AFN.az xəbər verir ki, Braziliya mətbuatında yer alan məlumatlara görə, dövlət başçısına ümumilikdə üç həftə ərzində 15 seans radioterapiya tətbiq olunacaq.

Ötən ay eyni nahiyədəki törəmənin götürülməsi üçün cərrahi əməliyyat olunan Lulanın müalicəsi San-Pauludakı "Sirio-Libanes" xəstəxanasında həyata keçirilir.

Tibbi hesabatda cərrahi müdaxilədən sonra tamamlayıcı müalicə olaraq profilaktik səthi radioterapiyanın məqsədəuyğun hesab edildiyi və 80 yaşlı Lulanın bu müddət ərzində gündəlik fəaliyyətini heç bir məhdudiyyət olmadan davam etdirəcəyi bildirilib.

Həkimlər tərəfindən aprel ayında əməliyyatla götürülən və lezyon olaraq adlandırılan bu törəmənin ən çox rast gəlinən və adətən daha az riskli hesab edilən dəri xərçəngi növlərindən biri olduğu vurğulanıb.

Qeyd edək ki, Lulanın səhhəti onun oktyabr ayında keçiriləcək seçkilərdə yenidən namizəd olmağa hazırlaşması səbəbindən media tərəfindən yaxından təqib edilir.

Əvvəllər namizədliyinin fiziki durumundan asılı olduğunu söyləyən Braziliya lideri son vaxtlar özünü yaxşı hiss etdiyini və mübarizəyə hazır olduğunu bəyan edib.

Cari hakimiyyət dövründə rəsmi iqamətgahında yıxılaraq beyindaxili qansızma səbəbindən də əməliyyat olunan Lula 2011-ci ildə boğaz xərçənginə yoluxmuş, lakin kimyaterapiya və radioterapiya müalicələrindən sonra bu xəstəliyə qalib gəlmişdi.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu