Yarım qalmış bir ömür - şəhid Tahirov Hüseyn Zakir oğlunun xatirəsinə
Tahirov Hüseyn Zakir oğlu. 1975-ci il aprelin 16-ında Füzuli rayonunun Yuxarı Veysəlli kəndində anadan olub. Ailənin 4-cü övladı olan Hüseyn orta məktəbə də elə həmin kənddə gedib.
Hələ uşaq yaşlarından ciddi xarakteri, gücü, qüvvəsi ilə yaşıdlarından fərqlənirdi. Onun vətənə olan sevgisi hər kəsə bəlli idi. 1989-cu ildə əmisi Tahirov Şakir Hüseyn oğlu ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilərkən Hüseynin cəmi 14 yaşı var idi. Adətən bu yaşda uşaqların belə hadisələri dərk etmədiklərinin şahidi olmuşuq. Lakin Hüseyn əmisinin ölümündən çox kədərlənmişdi. Hüseyn həmin gün əmisinin qisasını almaq istəsə də ailəsi, valideynləri və kənd camaatı onu sakitləşdirmişdi. Həmin gün o, bir gün mütləq əmisinin qisasını alacağına and içmişdi.
Ucqar dağ kəndi olan Yuxarı Veysəlli kəndi mənfur erməni kəndi ilə qonşu olduğundan onların yolu Veysəlli kəndinin içindən keçirdi. Ermənilər hər dəfə bu yoldan gəlib-getdikcə Hüseyn özünü güclə ələ alırdı. Səbirsizliklə onlardan qisas alacağı günü gözləyirdi. Bu hadisədən 3 il sonra hərbi xidmətə getməsi üçün ərizə yazdı. Lakin oradan ona yaşının tamam olmaması səbəbindən əsgərliyə aparıla bilməyəcəyini bildirdilər. Bundan sonra kənddə kənd camaatından ibarət könüllülər batalyonuna yazıldı. Beləliklə, o öz arzusunu yerinə yetirməyə – düşməndən qisas almağa başladı. Kənd camaatı artıq illərdən bəri idi ki, düşmənin qəfil atəşlərinə, hücumlarına adət etmişdilər. Əlbəttə ki, düşmənin hücumu cavabsız qalmırdı. Könüllü dəstənin igid oğulları onların cavabını verib susdururdular. Ancaq 1992-ci il fevralın 21-dən 22-nə keçən gecə başqa gecələrə bənzəmədi. Bəlkə də, heç kəsin ağlına belə gəlməzdi ki, qışın sərt-soyuğunda gecə saat 3-4 radələrində düşmən hücuma keçər. Bəli, həmin gecə azğın düşmən çox saylı canlı qüvvə və zirehli texnikalarla hücuma keçmişdilər.
Hüseyn həmişə olduğu kimi, yenə də səngərdə idi. Hüseyn döyüş yoldaşı və xalası oğlu olan Məmmədov Valeh ilə birlikdə döyüşə atıldı. Neçə-neçə erməni alçaqlarını məhv etdilər. Bu zaman onları düşündürən bircə şey var idi - qız-gəlinlərin, qocaların, körpələrin kənddən sağ-salamat çıxarılması. Onlar dayanmadan düşmən ilə mübarizə apardılar və öz istəklərinə nail oldular. Amma hər iki gəncin ömür kitabı həmin gecə sona yetdi. Hərdən düşünürəm ki, Hüseynin arzuları yarımçıq qaldı, amma yadıma düşür ki, onun ən böyük arzusu elə əmisi Şakirin, Yavərin, Əhədin, Səmədin, Bakirin və neçə-neçə qəhrəmanlarımızın qisasını almaq idi. Bax o zaman bir təsəlli tapıram. Təsəlli tapıram ki, Hüseyn şəhidlərimizin qisasını almaqla yanaşı, canından çox sevdiyi torpağından bir gün belə olsa ayrı yaşamadı. Sənin ömür kitabın bitsə belə, dünya durduqca vərəqlənəcək, səhifə-səhifə oxunacaqdır, qardaş! O səhifələrin hər birindən sən boylanacaqsan. Bizlər də hər zaman sənin qəhrəmanlığınla, igidliyinlə qürur duyacağıq. İndi hər birimizin bir təsəllimiz var. Sənin uğrunda canından keçdiyin o torpaq Yuxarı Veysəlli və digər kənd-şəhərlərimiz azaddır. İndi hər bir kəndimizdə, şəhərimizdə Azərbaycanın üçrəngli bayrağı qürur və əzəmətlə dalğalanır.
Arzu Tahirova