Qonşular 6G-dən danışıb, Zarina Zeynalova isə "Aztelekom"un GPON-undan...

Qonşu ölkələrin mobil operatorları beynəlxalq tədbirdə 5G/6G -dən danışıblar, "Azercell" rəhbəri isə "Aztelekom"un GPON layihəsindən.
AFN.az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz sosial şəbəkə hesabında yazıb. Ekspertin sözlərinə görə, Avrasiya regionunun mobil operatorları bu dəfə Özbəkistanda bir araya gəliblər. Belə ki, ənənəvi “M360 Eurasia 2025” forumu bu dəfə Daşkənddə keçirilir. Son iki il ərzində bu tədbir Bakıda baş tutub.
O.Gündüzün sözlərinə görə, tədbirin gündəliyinə, çıxışlara, təqdimatlara nəzər salanda və "Azercell"in rəsmi olaraq yaydığı açıqlamalara baxanda təəssüflənməmək mümkün deyil: "Bizim ən öndə gedən mobil operatorumuz, nəhəng dövlət şirkəti olan "Azercell" regionda innovasiyalar və texnologiyalar sahəsində öz mövqelərini itirməkdədir. Bu geriləmə son bir neçə bu tip konfransda açıq şəkildə görsənib.
"Azercell"in prezidenti Zarina Zeynalova ilə yanaşı, zalda əyləşən qonşu ölkələrin mobil operatorlarının rəhbərləri 5G və 6G -dən, 5G və süni intellektin inteqrasiyasından, daha innovasiyalı addımlardan danışdıqları halda o, "Aztelekom"un GPON layihəsindən danışıb".
Ekspert qeyd edib ki, əslində başqa gözlənti də yoxdur. Çünki uzun müddətdir ki, hansısa səbəblərdən bizim mobil operatorlar 5G şəbəkəsinin qurulmasına start verə bilmirlər: "Heç lisenziyaları da yoxdur. Distant təhsil xidməti vermək istəyən universitetləri zorla arxadan tutub saxladıqları kimi, kimlərsə bizim mobil operatorlara da 5G-ni qadağan edib. Regionda 5G şəbəkəsi genişlənir, 6G müzakirə olunur, bizim mobil operatorların başı qarışıb mövcud tarifləri qaldırmağa, bəsit xidmətlərə. Ən bahalı mobil internet və mobil danışıqlar isə bizdədir.
Amma tariflərin qaldırılmasından əldə olunan vəsaitlərin yeni texnologiyalara investisiya yatırımını, keyfiyyət və xidmət çeşidlərinin artımını da biz müşahidə etmirik. Tezlikləri lisenziyanı mobil operatorlara verməli olan İKTA-nın başı qarışıb provayderlərlə internet sürəti qaldırmaq kimi bəsit müzakirələrə.
Qlobal şirkətlərlə işbirliyi quran qonşu ölkələr, Gürcüstan (Nokia), Ermənistan (Nokia), Qazaxıstan (Nokia, Huawei), Özbəkistan (Nokia), Tacikistan (Huawei) innovasiyalarda, süni intellektdə, hətta 5G və süni intellektin inteqrasiyası sahəsində irəliləyirlər. Çox təəssüf edirəm".