İndoneziyada 5,7 bal gücündə zəlzələ – 100-dən çox ev zədələndi

İndoneziyanın Sumatra adasındakı Bengkulu şəhəri yaxınlığında 5,7 bal gücündə zəlzələ qeydə alınıb. Təbii fəlakət nəticəsində 100-dən çox ev və 6 ictimai obyektə ziyan dəyib.
İndoneziya Meteorologiya, İqlim və Geofizika Agentliyinin (BMKG) məlumatına görə, zəlzələnin episentri Bengkulu şəhərinin 43 kilometr cənub-qərbində yerli vaxtla saat 02:50-də olub.
ABŞ Geoloji Araşdırmalar Mərkəzi (USGS) isə zəlzələnin 5,7 bal gücündə və 68 kilometr dərinlikdə baş verdiyini açıqlayıb. Hadisədən sonra tsunami xəbərdarlığı edilməyib.
İndoneziya Milli Fəlakətlərin Azaldılması Agentliyinin (BNPB) sözçüsü Abdul Muhari zəlzələnin ardından Bengkulu şəhərində 100-dən çox ev və 6 ictimai tikilinin zərər gördüyünü, 8 evin isə tamamilə uçduğunu bildirib.
Bengkulu valisi Helmi Hasan dövlət xəbər agentliyi Antaraya açıqlamasında zəlzələ nəticəsində can itkisi olmadığını və təxminən 100 evin zədələndiyini təsdiqləyib.
Vali Hasan həmçinin bildirib ki, ağır ziyan görmüş evlər yenidən inşa ediləcək, az zədələnənlər isə bərpa olunacaq.
Qeyd edək ki, İndoneziya Sakit okean "odlu halqası" üzərində yerləşdiyi üçün tez-tez zəlzələlər və vulkan püskürmələri ilə qarşılaşır.