İndoneziyada 6,1 bal gücündə zəlzələ baş verib

İndoneziyanın Sulavesi adasının şimalında 6,1 bal gücündə zəlzələ baş verib.
Amerika Birləşmiş Ştatları Geoloji Xidməti (USGS) yerli vaxtla saat 06:55-də adanın şimalında 10 kilometr dərinlikdə zəlzələ baş verdiyini açıqlayıb.
İndoneziya Meteorologiya, İqlim və Geofizika Agentliyi (BMKG) zəlzələ ilə bağlı nəhəng dalğa xəbərdarlığı etməyib.
Zəlzələdən sonra verilən ilkin məlumata görə, ölən və yaralananlarla bağlı ölkə mətbuatında heç bir məlumat yayılmayıb. Bölgədə zəlzələlərin davam etdiyi bildirilib.
130 aktiv vulkanı olan İndoneziya Sakit Okeanın Atəş Halqasında yerləşir və dünyanın seysmik cəhətdən ən aktiv ölkələri sırasındadır.