Orban Ukraynanı Macarıstan ərazisində casusluqda ittiham edib

Macarıstanın baş naziri Viktor Orban Ukraynanı ölkəsinə qarşı casusluqda, o cümlədən Macarıstan ərazisində kəşfiyyat əməliyyatları aparmaqda ittiham edib.
AFN.az-ın yerli mediaya istinadən məlumatına görə, Orban bildirib ki, Kiyev Avropa İttifaqına daxil olmaq üçün Macarıstanın siyasi müxalifətindən istifadə edir.
Hökumət başçısı qeyd edib ki, Macarıstan xüsusi xidmət orqanları tərəfindən müəyyən edilmiş Ukrayna agentlərinin işi ilə bağlı videomateriallarla tanışdır. Onların məqsədi, guya, Macarıstan ictimai rəyini Ukraynanın Aİ-yə üzvlüyünə yönəltməkdir.
"Bir çox hərəkətləri göstərir ki, onlar macarları Ukraynanın Avropa İttifaqına üzvlüyünə dəstək verməyə inandırmağa çalışırlar", - deyə Orban bildirib. Onun sözlərinə görə, Ukraynalı agentlər hazırda Macarıstanda keçirilən referenduma etimadı sarsıtmaq üçün müxalifət partiyaları ilə əlaqə qururlar və dezinformasiya kampaniyaları aparırlar.
"Ukraynanın xüsusi xidmət orqanları Macarıstan ərazisində əməliyyatlar həyata keçirirlər ki, Macarıstan hökumətini öz maraqlarına zidd qərar qəbul etməyə məcbur etsinlər. Bu məqsədlə Ukrayna böyük vəsaitlər və ciddi resurslardan istifadə edir", - deyə Orban əlavə edib.