Orban: Ukrayna Aİ-dən işıq ili uzaqdadır
"Macarıstan Brüsseldə qurulan hazırkı Avropa modelinə yox deməlidir".
Bunu Macarıstanın baş naziri Viktor Orban Fidesz partiyasının konqresində deyib. "Reuters"in xəbərinə görə, o, əlavə edib ki, Avropa İttifaqı tərk edilməli deyil, dəyişdirilməlidir.
Orban bir daha bəyan edib ki, onun hökuməti Ukraynanın Aİ-yə daxil olması ilə bağlı danışıqların başlanmasına qarşıdır.
"Ukrayna ilə Aİ-yə üzvlüklə bağlı danışıqlara başlamaqla bağlı Brüsselin səhv vədini düzəltmək də bizim vəzifəmiz olacaq, çünki Ukrayna artıq Aİ-dən bir neçə işıq ili uzaqdadır", - deyən Orban Macarıstanın Aİ-nin miqrantları ölkəyə yerləşdirmək cəhdlərinə qarşı çıxacağını əlavə edib.
“Biz Brüssel bürokratlarının çılğın ideyalarına, miqrantların işğalına, gender təbliğatına qarşı duracağıq”, – deyə Orban qeyd edib.