"Medilandia Hospital"da uşaq ölümü: yoxlama aparıldı, ciddi pozuntular aşkarlandı

Yeni doğulan uşağın ölümü ilə bağlı açılmış cinayət işi çərçivəsində Lənkəran şəhəri, Nizami Gəncəvi küçəsində yerləşən "Medilandia Hospital"da aparılan araşdırmalar zamanı ciddi qanun pozuntuları müəyyən edilib.
Qaynarinfo-nun əldə etdiyi məlumata əsasən, hüquq-mühafizə və aidiyyəti dövlət qurumları tərəfindən aparılan yoxlamalar zamanı bəzi işçilərin əmək müqaviləsi qüvvəyə minmədən işə cəlb olunduğu məlum olub.
Xüsusilə müəyyən edilib ki, klinikada 15 oktyabr 2024-cü ildən 3 fevral 2025-ci ilədək tibb bacısı vəzifəsində fəaliyyət göstərmiş A.S. adlı şəxs ilə ümumiyyətlə əmək müqaviləsi bağlanmayıb.
Yoxlama nəticəsində aşkarlanmış pozuntular əsasında İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən klinika barəsində protokol tərtib edilib və iş məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə "Medilandia Hospital" rəhbərliyi sözügedən inzibati xətanı törətməkdə təqsirli bilinərək 20.000 manat məbləğində cərimə olunub.