Azərbaycanda büdcə şəffaflığı: Ən böyük xərc maddələrinə dair nə qədər məlumatlıyıq?


Azərbaycanda uzun illərin dəyişməz problemlərindən biri, bəlkə də birincisi dövlət büdcəsindən həyata keçirilən xərcləmələrdəki qeyri-şəffaflıqdır. Ölkəyə neft gəlirlərinin axını başlanandan indiyədək büdcə vasitəsilə xərcləmələrin həcmi 3 il(2014-2016-cı illər) istisna olmaqla, daim artım dinamikası nümayiş etdirib. Bu illər ərzində artan büdcə xərcləmələrində şəffaflığın da artdığını söyləmək qeyri-mümkündür. Əksinə, bu sahədə qapalılığın daha da kəskinləşdiyi müşahidə olunur...
Son illər ölkədə yüksək vəzifəli məmurların müntəzəm olaraq həyata keçirilən gurultulu həbslərindən sonra aparılan istintaq araşdırmaları göstərir ki, dövlət qurumlarında dövlət vəsaitlərinin talanması geniş vüsət alıb. Korrupsiyalaşmış məmurlar büdcədən müxtəlif istiqamətlərə ayrılan vəsaitləri rahatlıqla təyinatından yayındıraraq mənimsəyə bilirlər. Bunun əsas səbəbi büdcə vəsaitləri üzərində real ictimai nəzarətin olmaması, xərcləmələrlə bağlı effektiv hesabatlılıq və şəffaflığın təmin edilməməsidir.
Bir sıra beynəlxalq təşkilatların büdcə şəffaflığına dair çoxsaylı tövsiyələri olmasına baxmayaraq, Azərbaycan hələ ki, onlardan yararlanmaq niyyətində deyil. Ölkə qanunvericiliyində - “Büdcə sistemi haqqın” qanunda şəffaflıqla bağlı tələblər beynəlxalq qurumların standartlarından kəskin fərqlənir. Faktiki olaraq, Azərbaycan vətəndalarının büdcənin hazırlanması, tərtibi prosesindən xəbəri olmur. İctimaiyyət dövlət büdcəsi və digər sənədlərdə əks olunan məlumatları ən tezi sentyabr ayının sonlarında – büdcə layihəsi Milli Məclisə daxil olarkən əldə edə bilir. Bu vaxta qədərki dövrdə ictimaiyyət nəinki büdcənin tərtibi prosesində iştirak etmir, hətta büdcənin parametrləri barədə ən elementar məlumata malik olmur. Büdcə sənədləri parlamentə təqdim olunduqdan sonra Maliyyə Nazirliyi rəsmi internet saytında müvafiq ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlama yerləşdirir. Bu sənəddə büdcə gəlir və xərclərinə dair ümumi məlumatlar əksini tapır.
Büdcə xərcləmələrinə dair məlumatlar gəlirlərə nisbətən daha məhdud olmaqla bu sahədə böyük qapalılıq hökm sürməkdədir. Bu qapalılıq büdcənin ən iri xərc maddələrindən olan dövlət əsaslı vəsait qoyuluşu, həmçinin ehtiyat fondları ilə bağlı xüsusilə diqqəti cəlb edir. Belə ki, nə büdcə layihəsində, nə də onun icrasına dair hesabatda bu xərc maddələri üzrə ayrılan vəsiatlərin layihələr və qurumlar üzrə bölgüsü açıqlanmır. Məsələn, 2022-ci ilin dürüstləşdirilmiş büdcəsində dövlət əsaslı vəsait qoyuluşu xərc maddəsi üzrə ayrılmış 3 milyard 286 milyon 400 min manat vəsaitin hansı layihələrin icrasına sərf olunacağı, icraya hansı dövlət qurumunun məsul olduğu cəmiyyətə bəlli deyil. Bu vəsaitin ümumi istiqamətlər üzrə bölgüsünü(təhsil, sosial, infrastruktur və sair yönümlü layihələr kimi) Maliyyə Nazirliyi büdcənin illik icra hesabatında açıqlayacaq. Həmin məlumatın nə qədər “əhatəli” olduğunu 2021-ci ilin büdcəsinin icra hesabatından aydın görmək olur. Belə ki, həmin hesabata görə, 2021-ci ildə dövlət əsaslı vəsait qoyuluşu xərcləri üçün ayrılması nəzərdə tutulmuş 2 milyard 835,0 milyon manat vəsaitin 2 milyard 505,5 milyon manatı və ya 88,4 faizi sifarişçi təşkilatlar tərəfindən istifadə edilib. Bu sifarişçi təşkilatların adları, sifarişçisi olduqları layihələr, həmin layihələr üzrə ayrılan vəsaitlərin həcminə hesabatda rast gəlmək mümkün deyil.
Dövlət əsaslı vəsait qoyuluşu xərc maddəsinin icrasına dair müəyyən məlumata Hesablama Palatasının büdcənin icrasına dair hazırladığı rəydə rast gəlmək mümkündür. Bu rəylərdə adətən ehtiyat fondları və dövlət əsaslı vəsait qoyuluşu xərc maddələrinin ayrıca təhlili verilir. Dövlət əsaslı vəsait qoyuluşu xərc maddəsinin icrasına dair məlumat açıqlıq baxımından Maliyyə Nazirliyinin hesabatından ciddi fərqlənmir. Bu maddə çərçivəsində ayrı-ayrı təşkilatlara ayrılan vəsaitlərin xərclənmə vəziyyətinə dair geniş məlumat və analizlər Hesablama Palatasının illik hesabatlarında yer alır. Lakin bu məlumatlar adətən, fraqmental xarakter daşımaqla, ayrılan bütün vəsaitləri deyil, hansısa dövlət qurumu vasitəsilə xərclənən hissələri əhatə edir.
Ehtiyat fondlarına münasibətdə Palatanın rəylərində əsasən fondlara proqnozlaşdırılan və real olaraq ayrılan vəsaitlərin məbləği, onların xərclənmə vəziyyəti, xərclənməyə dair qərar və sərəncamların sayı və sair məlumatlar əksini tapır. Məsələn, 2021-ci ilin dövlət büdcəsinin icrasına dair rəydən aydın olur ki, dövlət büdcəsində Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondu üzrə nəzərdə tutulan 475 milyon manatdan 35 sərəncama əsasən il ərzində 24 quruma və dini icmalara maliyyə yardımı üzrə 40 layihə üçün ayrılması nəzərdə tutulan 474,8 milyon manata qarşı kassa icrası 470,1 milyon manat təşkil edib. Hesabat ilində Dövlət büdcəsinin Ehtiyat Fondundan əvvəlcə nəzərdə tutulan 110,0 milyon manata qarşı Nazirlər Kabinetinin 51 sərəncamına əsasən 680,4 milyon manat kassa icrası qeydə alınıb.
Göründüyu kimi, Palatanın verdiyi məlumat fondların ümumi məbləğində dəyişiklikləri, onların sərəncamlar üzrə icra səviyyəsini əhatə edir. Sərəncamlarla maliyyə ayrılan layihələr barədə hər hansı məlumat yoxdur.
Maliyyə Nazirliyinin saytında büdcənin icrasına dair yerləşdirilən məlumatda isə fondlara ayrılan vəsaitlərin məbləğindəki dəyişikliyin “əvvəlcədən proqnozlaşdırılması mümkün olmayan bir sıra tədbirlərin həyata keçirilməsi” zərurəti ilə bağlı olduğu bildirilir. Məlum olur ki, dövlət büdcəsinin ehtiyat fondundan 5 dəfə artan xərcləmələrin maliyyələşdirilməsi üçün “2021-ci il dövlət büdcəsinin bəzi xərclərinin icrası zamanı qənaət olunmuş vəsait”dən istifadə edilib. Nazirliyin məlumatına əsasən Prezidentin Ehtiyat Fondundan xərclənən 470,1 milyon manatın 379,1 milyon manatı və ya 80,6 faizi əsaslı xərclərə, 91,0 milyon manatı və ya 19,4 faizi cari xərclərə sərf olunub. Vəsaitlərin 273,6 milyon manatı xüsusi müdafiə təyinatlı layihələrin, 110,4 milyon manatı sosialyönlü sahələrin, 66,2 milyon manatı infrastrukturyönlü sahələrin, 19,9 milyon manatı digər sahələrin maliyyələşdirilməsinə yönəldilib.
2021-ci ildə dövlət büdcəsinin ehtiyat fondu vasitəsilə xərclənən 680,4 milyon manatın isə 137,2 milyon manatı və ya 20,2 faizi əsaslı xərclərin, 543,2 milyon manatı və ya 79,8 faizi cari xərclərin maliyyələşdirilməsinə yönəldilib. Dövlət büdcəsinin ehtiyat fondundan istifadə olunmuş vəsaitin 265,9 milyon manatı koronavirus (COVID-19) pandemiyası ilə mübarizə çərçivəsində tibb işçilərinin əməkhaqlarının və müddətli əlavələrin verilməsi, habelə vaksinlərin alınmasına, 245,8 milyon manatı sosialyönlü sahələrin, 84,0 milyon manatı infrastruktur yönümlü sahələrin, 19,8 milyon manatı xüsusi müdafiə təyinatlı layihələrin, 64,9 milyon manatı digər sahələrin maliyyələşdirilməsinə sərf olunub.
Hər iki fonddan maliyyələşən layihələr barədə açıq mənbələrdən bu məhdud məlumatlardan əlavə hər hansı bilgi almaq qeyri-mümkündür. Belə məlumatlara hökumətin illik fəaliyyət hesabatlarında da rast gəlinmir. Hətta Nazirlər Kabinetinin büdcənin ehtiyat fondundan vəsaitlərin ayrılmasına dair sərəncamlarını belə tapmaq müşkül məsələdir. Prezidentin Ehtiyat Fondundan ayırmalara dair Prezident sərəncamlarının bir qismini hüquqi aktların yerləşdirdiyi İnternet resursundan tapmaq olsa da, tam siyahı açıq deyil. Hətta rəsmi informasiya sorğuları vasitəsilə də belə məlumatları əldə etmək mümkün olmur. Halbuki hər iki fonddan vəsait ayrılan layihələr, onların icrası barədə məlumatlar ictimaiyyət üçün açıq mənbələrdə yerləşdirilməlidir.
İqtisadçı-ekspert Rövşən Ağayevin sözlərinə görə, büdcə investisiyaları və ehtiyat fondları ilə bağlı xərclərin açıqlıq səviyyəsi qaneedici deyil: “Doğrudur, ehtiyat fondları ilə bağlı büdcənin icrasına dair illik hesabatlara məlumatlar daxil edilir. Lakin bu məlumatlar ümumi xarakterilidir, sərf olunduqları layihə və tədbirləri əhatə etmir. Yalnız ümumi istiqamətlər göstərilir. Eyni yanaşma investisiya layihələrinə münasibətdə də nümayiş etdirilir. Halbuki şəffaflıq və informasiya açıqlığının yüksək səviyyəsi o deməkdir ki, bütün bu xərclərin hansı konkret layihə və tədbirlərə, hansı təşkilatlar tərəfindən xərcləndiyi, hətta ölkənin hansı ərazilərində sərf olunduğu barədə hər kəsin açıq mənbələrdə məlumat almaq imkanı olsun. Təəssüf ki, nəinki sadə vətəndaşların, hətta media və vətəndaş cəmiyyətinin belə bu tip detallı büdcə məlumatlarına çıxışı yoxdur. Belə məlumatları 2017-ci ilə qədər qeyri-rəsmi kanallarla əldə etmək olurdu. Lakin son 5 ildə hökumətin açıqlamadığı büdcə informasiyalarının sızmasına nəzarəti son dərəcə sərtləşdirilib və tamamilə əlçatmaz olub”.
Ekspertin fikrincə, belə qapalılıq yalnız qanunvericilikdən qaynaqlanmır: “Problem qanunvericilikdən çox hökumətin şəffaf və hesabatlı olmağa hazır olmaması ilə bağlıdır. Məsələn, "Büdcə sistemi haqqında" Qanunun 12-ci maddəsi investisiya layihələrinin açıqlanmasını tələb edir. Yaxud "İnformasiya əldə etmək haqqında" Qanun bu tip büdcə məlumatlarının açıq olmasını nəzərdə tutur. Amma hökumət təcrübədə buna əməl etmirsə, demək, problem qanunvericilikdən çox idarəedicilərin davranışından qaynaqlanır”.
Ekspertə görə, şəffaflığı artırmaq üçün hökumət şəffaflıq sahəsində beynəlxaql standatlara, xüsusən Beynəlxaql Büdcə Layihəsi Təşkilatının və Beynəlxalq Valyuta Fondunun tələblərinə əməl etmək üçün siyasi iradə göstərməlidir: “Əgər hökumət belə bir iradə göstərməsə, onu buna vadar edəcək media və vətəndaş cəmiyyəti artıq mövcud deyil”.
İqtisadçı-alim, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramovun dediyinə görə, son illər hökumətin hesabatlarında, büdcə sənədlərində daha çox məlumatların açıqlanması müşahidə olunur: “Büdcə sənədlərində üç sektor üzrə ortamüddətli xərcləmələr ayrıca təqdim olunur. Bu da həmin xərcləmələrin izlənməsi baxımından vacibdir. Lakin bununla yanaşı, bizim bir sıra təkliflərimiz də var. Bunlar ilk növbədə büdcənin icrasına dair hesabatda bütün büdcədənkənar fondların büdcəsinə dair ayrıca hesabatın təqdim olunmasını nəzərdə tutur. Belə fondların kifayət qədər böyük büdcələri var və onların icrasına dair daha geniş məlumatların açıqlanması zəruridir”.
Millət vəkili bildirir ki, Azərbaycan Açıq Büdcə İndeksində mövqeyini daha da yaxşılaşdırmaq üçün büdcə məlumatlarının açıqlığı istiqamətində addımlar atılmalıdır: “Son illərdə Maliyyə Nazirliyi büdcəyə dair daha çox məlumatlar açıqlayır, lakin düşünürəm ki, bu işlərin davam etdirilməsi vacibdir”.
İqtisadçı-ekspert Rəşad Həsənov bildirir ki, dövlət büdcəsi xərclərinə dair məlumatları müxtəlif mənbələrdən əldə etməyə çalışır: “Əsaslı vəsait qoyuluşları 2018-ci ildən bəri dövlət başçısının sərəncamları əsasında bölüşdürülür. Həmin sərəncamların müəyyən hissəsini biz rəsmi mətbuatdan əldə edə bilirik. Amma daha çox məlumatı dövlət satınalmalarına dair portalda qeydə alınan müqavilələrdən əldə etməyə çalışırıq. Orada layihələrin seçim əsasları, icraçının seçim meyarları və sair əksini tapmır. Bundan əlavə, Hesablama Palatasının hesabatlarından, Dövlət Statistika Komitəsinin məlumatlarından, həmçinin media araşdırmalarından da məlumatlar əldə edə bilirik. Lakin bu məlumatlarla tam şəffaf mənzərə formalaşdırmaq, təəssüf ki, mümkün deyil. İlk dəfə 2020-ci ilin büdcə layihəsində hər bir sahə üzrə xərc istiqamətləri, əsaslı vəsait qoyuluşu xərcləri “Büdcə sistemi haqqında” qanunda nəzərdə tutulan xərc istiqaməti kodlarına uyğun olaraq ictimailəşdirildi. Lakin bu, ilk və son belə hal oldu, ondan sonrakı illərdə belə açıqlıq yoxdur. Nəticə isə çox acınacaqlıdır: həbslər və istintaq prosesləri göstərir ki, dövlət vəsaitlərinin mühüm bir hissəsi korrupsiyanın yeminə çevrilir. Beynəlxalq təcrübə də göstərir ki, ən çox korrupsiya imkanı dövlət vəsaiti ilə investisiya qoyuluşlarında yaranır. Buna görə də hökumət korrupsiyaya qarşı mübarizədə səmimidirsə, bu xərcləmələrdə tam şəffaflığı təmin etməlidir”.
Ekspertə görə, ölkə qanunvericiliyində büdcə xərcləmələrinə dair məlumatların açıqlanmasına imkan verməyən müddəalar var: “Məsələn, biznes sirri deyib, büdcədən sifariş alan biznes qurumlarının xərclədiyi dövlət vəsaitlərinə dair məlumatları açıqlamırlar. Halbuki dövlətdən sifariş alan biznes üçün aldığı vəsaitin açıqlanması mütləq şərt olmalıdır. Maraqlıdır ki, “İnformasiya əldə etmək haqqında” qanun bütün bu məlumatların açıq olduğunu elan edir. Yəni qanunvericilikdəki müddəalar bir-biri ilə ziddiyyət təşkil edir.
Düşünürəm ki, büdcə gəlirlərinin çox hissəsi resurs gəlirləri hesabına formalaşdığı zaman biznesin,vətəndaşın ödədiyi vergiyə hökumətin ciddi bir ehtiyacı yaranmır. Bu ehtiyac olarsa, hökumət daha çox vergi toplamaq üçün xərcləri barədə ətraflı məlumat açıqlamağa məcbur olar”.
R.Həsənovun sözlərinə görə, büdcə şəffaflığı daim davam edən bir proses olduğuna görə təkmilləşmə, şəffaflaşma da daim davam etməlidir: “Nə qədər ki, dövlət var, nə qədər ki, ictimai vəsaitlər və onların xərclənməsi var, şəffaflaşma istiqamətində fəaliyyətlər də davam etməlidir. İndiki halda Azərbaycanda hökumətin ictimai vəsaitlərə münasibətdə şəffaflığı təmin etməsi üçün onun xalqdan, vətəndaşdan asılı olması lazımdır. Belə asılılığı azad seçki prosesi yarada bilər ki, hələlik ölkəmizdə buna nail ola bilməmişik”.

Həbibə ABDULLA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu