Baş seysmoloqun ailəsini "Azərlotereya" ilə nə birləşdirir?
Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişlinin ailə biznesi ilə bağlı məlumat yayılıb.
AFN.az xəbər verir ki, bu haqda araşdırmaçı jurnalist Cavanşir Həsənli yazıb. O bildirib ki, baş seysmoloqun oğlu İlkin Yetirmişli "GÜLMIR GMBH" adlı şirkətini 2014-cü ildə Almaniyanın Şverin şəhərində 25 min avro nizamnamə kapitalı ilə təsis edib. "GÜLMİR" adı baş seysmoloqun həyat yoldaşının ad və soyadının qısaldılmış birləşməsidir - Gülnarə Mirzəyeva. Şirkət bir müddət Berlində də fəaliyyət göstərib, iki il əvvəl baş seysmoloqun oğlu onu bağlamalı olub.
Bundan əvvəl isə Qurban Yetirmişlinin oğlu hazırda “Azərlotereya” ASC-nin İdarə Heyətinin üzvü, "Caspian Ticket"in rəhbəri Cahangir Fərəcullayevlə birgə Riqada "Azeri Production, Sabiedrība ar ierobežotu atbildību" ("Azərbaycan məhsulları" Ltd) adlı şirkət təsis edib.
Cahangir Fərəcullayeva
2020-ci ildə baş seysmoloqun oğlu Gürcüstanda "GEO TRAVEL AZ" LTD-ni təsis edib. C.Həsənli qeyd edir ki, bu, turizm sektorunda Yetirmişlilər ailəsinin yeganə şirkəti deyil. Belə ki, Qurban Yetirmişlinin qızı Gülçinə Yetirmişli 2015-ci ilin avqustundan "GEO TRAVEL AND TOURS" MMC-nin təsisçisir. Şirkət Səbail rayonu Teymur Elçin küçəsi 11-də hüquqi qeydiyyatdadır. Həmin ünvanda Yetirmişlilərə məxsus "GEO TRAVEL" QSC də hüquqi qeydiyyata alınıb. Səhmdar Cəmiyyət 2009-cu ildə baş seysmoloqun həyat yoldaşı Mirzəyeva Gülnarə İmran qızının adına rəsmiləşdirilib. Onun adına rəsmiləşdirilmiş digər şirkət - "GEO EXPRESS" QSC isə 2014-cü ildə təsis olunub.