İctimai nəqliyyatın iqtisadi problemləri gediş haqları hesabına həll edilə bilməz - EKSPERT


Bu gündən tətbiq edilən hər iki qiymət artımını, həm nəqliyyatda gediş haqqının, həm də yanacağın qiymətinın artırılmasını düzgün olmayan yanaşma hesab edirəm.


AFN.az xəbər verir ki, bunu nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov deyib. O, qeyd edib ki, ictimai nəqliyyatda gediş haqqının 25 faiz artırılması əhalinin ictimai nəqliyyata marağının artırılması işinə ziddir: "Bu, insanların nəqliyyat xərcini artırdığından fərdi avtomobillərdən istifadəyə meylləri tətikləyə bilər. Digər tərəfdən, ictimai nəqliyyatda xidmət keyyifiyyətində heç bir yaxşılaşma olmadığı, hətta bunun əksi müşahidə edildiyi bir şəraitdə belə artımın iqtisadi və məntiqi əsası da yoxdur. Əvvəllər dəfələrlə qeyd etdiyim kmii, ictimai nəqliyyatın iqtisadi problemləri heç bir halda gediş haqları hesabına həll edilə bilməz, bu, mümkün deyil. Bu problem yalnız səmərəli dövlət dəstəyi ilə, subsidiya və ya dotasiya yolu ilə həll edilə bilər. İctimai nəqliyyatın bundan sonrakı inkişafı (şəbəkələşməsi, çeşidin artması, yəni yeni metro stansiyalarının tikintisi, avtobusların sayının və marşrut şəbəkəsinin artırılması, yenilənməsi və s.) də yalnız dövlət sərmayəsi hesabına uğurlu ola bilər".
Ə.Hüseynov xatırladıb ki, bu, 2018-ci ildən bəri gediş haqqının 3-cü artımıdır. Ekspertin sözlərinə görə, əvvəlki 2 artımda da xüsusi vurğulanırdı ki, artımların əsas hədəfi sahənin iqtisadi vəziyyətini yaxşılaşdırmaq, dayanıqlı inkişafı təmin etmək və sairdir. "Amma bunların heç biri müşahidə edilmir. Bu da yanaşmanın uğursuzluğu deməkdir" - deyə o qeyd edib.

Ekspert vurğulayıb ki, əhalinin daha çox işlətdiyi avtomobil yanacağının (92 oktanlı benzinin və dizel yanacağının) qiymətinin artırılması da doğru yanaşma deyil: "Bu artımların əsaslandırılması arqumentlərindən biri olaraq ölkədə elektomobillərə marağın artırılması qeyd olunur. Amma əsas hədəfin avtomobillərdən istifadənin azaldılması olduğu da vurğulanır. Lakin elektromobil də avtomobildir, o da tıxaca düşür, özü də hava ilə işləmir. Onun da işlətdiyi enerjinin ölkəmizdəki əsas mənşəyi karbohidrogendir.
Digər tərəfdən, benzinin qiyməti artırılsa da, elektromobillər hamı üçün əlçatan olmadığından sürətli elektromobilləşmə gözlənilmir.
Dəfələrlə vurğuladığım kimi, bizim ölkəmizdə avtomobil çox deyil, əksinə azdır. Sadəcə ictimai nəqliyyat bərbad olduğuna görə insanlar əllərində olan və avtomobil sayıla biləcək hər şeydən gündəlik istifadəyə məcburdurlar. Fərdi avtomobillərdən istifadəni azaltmağın yeganə düzgün yolu komfortlu, dəqiq qrafiklə işləyən, hər yerdə əlçatan olan ictimai nəqliyyatdır.
Dizel yanacağının qiymətinin artırılması isə ictimai nəqliyyatın xərclərini də artıracaq. Çünki Bakıda CNG ilə işləyən avtobuslar istisna olmaqla, ölkənin avtobus parkı az qala tam olaraq dizellə işləyir. Dizel yanacağının qiymətinin artırılması kommersiya yükdaşımalarının da maya dəyərini artıracaq, çünki yük avtomobillərinin də mütləq əksəriyyəti dizellə işləyir. Ümumiyyətlə yanacaq qiymətinin artımı ölkədə bütün sahələrdə inflyasiyaya təkan verən əsas amillərdən biridir".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu