Uşaqların 1-ci sinfə elektron qəbulu başladı - sayt çökdü

1 may saat 11:00-dan etibarən uşaqların 1-ci sinfə elektron qəbulu prosesinə start verilib.
AFN.az MÜTDA-ya istinadən xəbər verir ki, hazırda sistemə eyni anda çoxsaylı müraciət daxil olduğu üçün portala girişdə qısamüddətli yüklənmə müşahidə olunur. Texniki heyət tərəfindən sistemin sabit və fasiləsiz fəaliyyətinin təmin olunması məqsədilə zəruri tədbirlər görülür.
Diqqətinizə çatdırırıq ki, bu gün sadəcə valideynlərin elektron sistemdə qeydiyyatı prosesi aparılır. Məktəb və müəllim seçiminə 6 may tarixindən etibarən start veriləcək.
Hazırda [url=http://]mektebeqebul.edu.az[/url] portal vasitəsilə 1000-dən çox istifadəçi şəxsi kabinet yaradaraq qeydiyyatdan uğurla keçib.
Bununla yanaşı, qeyd edək ki, 2025-2026-cı tədris ili üzrə uşaqların birinci sinfə qəbulu prosesində tətbiq edilən daha bir yeniliyə əsasən, Şəxsi kabinetə giriş Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən təmin edilən Vahid Giriş Sistemi ("Digital Login") ilə həyata keçirilir.
Bildiririk ki, bu gün 16:00-da Təhsil TV-nin rəsmi feysbuk səhifəsində 1-ci sinfə elektron qəbul prosesi ilə bağlı canlı yayım təşkil ediləcək. Yayım zamanı qəbul prosesi ilə bağlı ətraflı məlumat veriləcək və yaranan suallar cavablandırılacaq.