Rumıniya yeni peyk texnologiyalarının hazırlanmasında "SpaceX" ilə əməkdaşlıq edir

Rumıniya və Amerikanın "SpaceX" şirkəti yeni peyk texnologiyalarının hazırlanması sahəsində əməkdaşlığa başlayıb.
AFN.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə Rumıniyanın baş naziri Marsel Çiolaku məlumat verib.
"Mən şadam ki, biz İlon Maska məxsus aparıcı Amerika şirkəti "SpaceX" ilə yeni peyk texnologiyalarının işlənib hazırlanmasında tərəfdaşıq. İndi bu tərəfdaşlıq şirkətin Rumıniyada keçirdiyi sınaqların müsbət nəticələrindən sonra yeni mərhələyə qədəm qoyur", - deyə baş nazir hökumətin iclasında çıxışında bildirib.
Çiolaku həmçinin qeyd edib ki, onun ölkəsi və Amerika şirkəti qeyri-geostasionar orbitlərdə fəaliyyət göstərən yeni peyklər hazırlayacaq.
Öz növbəsində "SpaceX"in prezidenti Qvin Şotvel X-də vurğulayıb ki, şirkət və Rumıniyanın qarşılıqlı əlaqəsi ölkədə həqiqətən yüksəksürətli genişzolaqlı internetin tətbiqinə kömək edəcək.