Neft Fondu-25: Tükənən sərvətdən tükənməyən qazanc


Azərbaycan Dövlət Neft Fondu dünyanın analoji suveren fondları arasında özünəməxsus yer tutur. Ölkənin əldə etdiyi neft-qaz gəlirlərinin akkumulyasiya olunduğu Fond Azərbaycan dövlətinin iqtisadi gücünün artmasında, ölkəmizin beynəlxalq kredit reytinqinin yüksəlməsində, etibarlı tərəfdaş kimi tanınmasında mühüm rol oynayır. Neft Fondu xüsusilə Azərbaycan üçün strateji əhəmiyyət kəsb edən layihələrin maliyyələşdirilməsi baxımından dövlətimiz üçün son dərəcə önəmli mənbədir.


Belə layihələrdən biri Cənub Qaz Dəhlizidir. Qeyd edək ki, Azərbaycan azalan neft ehtiyatları fonunda artan qaz ehtiyatları ilə artıq illərdir Avropanın diqqət mərkəzindədir. Məhz bu ehtiyatlarımız bizi Qərb üçün vacib edərək, söz sahibinə çevirib. Ölkəmizdə reallaşdırılan böyük layihələr Avropada həyatvericidir desək, yanılmarıq.
Cənub Qaz Dəhlizi Azərbaycan üçün olduqca yüksək strateji əhəmiyyətə malik bir enerji layihəsidir. Layihə iqtisadiyyatla yanaşı, ölkənin siyasi və ekoloji vəziyyətinə də müsbət təsir imkanlarına malikdir. Azərbaycan üçün bir sıra faydalar və strateji üstünlüklər təmin edən layihə, ölkənin enerji sektorunda, iqtisadiyyatında, geopolitikasında və regional əməkdaşlığında mühüm rol oynayıb.
Əvvəla ondan başlayaq ki, Azərbaycan öz qazını Avropaya çatdırmaq üçün öz sistemini yaradıb. Bu, ölkənin digər ixrac sistemlərindən asılı olmasının qarşısını alıb. Eyni zamanda Azərbaycanın enerji təhlükəsizliyini və müstəqilliyini artırmaqla yanaşı, ölkəni daha etibarlı və strateji enerji təchizatçısı edib.
Azərbaycan CDQ layihəsini irəli sürəndə bir sıra Avropa və beynəlxalq maliyyə qurumları onun maliyyələşdirilməsində iştiraka maraq göstərmədilər. Layihənin perspektivinə inanan Azərbaycan dövləti maliyyələşmə üçün ARDNF-nin vəsaitlərindən istifadə etmək qərarına gəldi. Neft Fondundan AFN.az-ın sorğusuna verilən cavabdan aydın olur ki, Cənub Qaz Dəhlizi (CQD) layihəsinin ümumi dəyəri təxminən 40 milyard ABŞ dollarıdır. CQD layihələrinin maliyyələşdirilməsi və icrası bir çox beynəlxalq şirkət və maliyyə institutlarının əməkdaşlığı ilə həyata keçirilir. Layihə çərçivəsində həm dövlət, həm də özəl sektor tərəfindən böyük investisiyalar yatırılıb: “Layihələr üzrə Azərbaycan dövlətinə məxsus payların konsolidasiya edilməsi, idarə olunması və maliyyələşdirilməsi məqsədilə “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyəti (Cəmiyyət) yaradılıb. Layihələrdə iştirak paylarının maliyyələşdirilməsi Cəmiyyət tərəfindən nizamnamə kapitalının artırılması, korporativ istiqrazların, o cümlədən Avrobondların emissiyası və beynəlxalq maliyyə institutlarından kredit müqavilələri vasitəsilə həyata keçirilib.
ARDNF Cəmiyyətin birbaşa dövlət mülkiyyətində olan səhmlərinin, eləcə də layihələrdəki iştirak paylarının maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin, geri qaytarılmaq şərti ilə Cəmiyyətə uzunmüddətli investisiya edilməsini həyata keçirib. Belə ki, ARDNF 2014-cü il ərzində Cəmiyyətə keçən layihələrdəki iştirak paylarının maliyyələşdirilməsi üçün 2,5 milyard ABŞ dolları məbləğində vəsaiti üzən faiz dərəcəli korporativ istiqrazların əldə edilməsi vasitəsi ilə uzunmüddətli investisiya edib. Bununla yanaşı, 2014-2017-ci illər ərzində Cəmiyyətin dövlətə məxsus 51 faiz payının maliyyələşdirilməsi məqsədi ilə ARDNF-nin büdcə xərcləri çərçivəsində 1,2 milyard ABŞ dolları məbləğində vəsait ARDNF tərəfindən ödənilib”.
Azərbaycan bu layihənin reallaşması ilə Avropaya mavi yanacaq ixrac etməyə başlayıb ki, bu da ölkəni qlobal enerji bazarlarında daha güclü bir oyunçuya çevirib, həmçinin milli gəlirləri artırıb.
Cənub Qaz Dəhlizi layihəsinin ən önəmli faydalarından biri Azərbaycana böyük miqdarda birbaşa xarici investisiyaların cəlb olunmasıdır. Belə ki, layihənin tikintisi və istismarı dövründə beynəlxalq enerji şirkətləri, transmilli korporasiyalar ölkəmizə milyardlarla dollar investisiya yatırıb və bu, davam edir. Həmin vəsaitlər ölkə iqtisadiyyatının digər sahələrinin də inkişafında və infrastrukturunun modernləşdirilməsində ciddi rol alacaq.
Bu nəhəng layihənin reallaşması ilə Azərbaycanın qaz ixracından gəlirləri əhəmiyyətli dərəcədə artır. Bu isə dövlət büdcəsinin böyüməsinə, əhəmiyyətli sosial-iqtisadi layihələrin həyata keçirilməsinə imkan yaradır. Qaz satışından gələn gəlirlər həmçinin Azərbaycan Dövlət Neft Fondunun maliyyə resurslarını artırır ki, bu da uzunmüddətli iqtisadi sabitliyə təminat verir.



Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyir ki, Azərbaycan Cənub Qaz Dəhlizi layihəsini zamanında reallaşdırıb: “2018-ci ilin 30 iyununda dəhlizlə ilk qaz axmağa başlayıb. Ötən 6 ildə bu kəmər bizə birinci nəyi verib? Bu kəmər olmasaydı, Azərbaycanın böyük qazının böyük bazarlara ixracı baş verməyəcəkdi. Söhbət “Şahdəniz-2”, “Abşeron” kimi böyük qaz ehtiyatlarından gedir. Bu layihə böyük qaz ehtiyatlarının, hansı ki, dənizin dibində təqribən 7 kilometr dərinlikdə yatır, işlənməsinə yol açdı. Məsələn, deyə bilərdilər 2018-də yox, 2028-də işləyərik. Və beləcə o ehtiyatlar “yata-yata” qalardı.
Bir neçə gün öncə bp şirkəti 2050-ci ilədək dünyanın enerji bazarlarına dair bir hesabat açıqlayıb. Hesabatda açıq yazılır ki, 2040-cı ildən sonra inkişaf etmiş ölkələrdə - Avropada, Amerikada qazın istehlakı kəskin şəkildə azalmağa başlayacaq. Çünki onlar 2050-ci ildə ümumiyyətlə ənənəvi enerjidən imtina etmək istəyir. Deməli, biz yerin altında yatan ehtiyatı nə qədər tez kapitala çevirə bilsək, bir o qədər dövlətimiz və vətəndaşlarımız üçün faydalıdır.
6 il müddətində məhz Cənub Qaz Dəhlizi ilə xarici bazarlara əlavə olaraq 70 milyard kubmetrdən çox qaz çıxartdıq. Bunun 37 milyard kubmetrindən çoxu Avropa bazarlarına, yerdə qalanı Türkiyə bazarına getdi. Hələ nəql edilən həcmin 5 faizini də tranzit haqqı kimi Gürcüstan götürdü”.
İ.Şaban qeyd etdi ki, zaman keçdikcə bu resursları bazara çıxarmaq imkanlarımız tükənirdi: “Bir neçə tərəfdaş tapdıq və bu layihəni reallaşdırdıq. Bizim layihəmiz 2046-cı ilə qədər, Azərbaycan qazı Avropa sərhədini keçəndən sonra 25 il hüquqi statusa malikdir. Alınmayacaq həcmlər olsa, Avropa istehlakçıları, “Şahdəniz” konsorsiumu ilə qaz alqı-satqı müqaviləsində tərəf olan şirkətlər onun da haqqını konsorsium iştirakçılarına ödəməlidirlər.
İstənilən halda hesab edirəm ki, CQD 2030-cu ilədək özünün xərclərini çıxara biləcək. Yerdə qalan müddətdə gələn qazanc sırf onun mənfəətidir”.
Ekspertin sözlərinə görə, bp-nin açıqladığı hesabat onu göstərir ki, Avropa həqiqətən 2050-ci ildən qazdan imtina etsə, 2045-ci ildən idxalını azaltsa, Azərbaycanın qazı qaz məhsuluna çevirərək böyük bazarlarda satmaq imkanı var: “İstər metanol, istər azot gübrələri, istər amiak kimi bunu satmaq imkanlarımız var. Sumqayıtda amiak zavodu artıq 2018-ci ildən istifadəyə verilib. Bütün bunlara əsasən, deyə bilərik ki, 12 il öncə Azərbaycanın atdığı addımlar zamanında atılmış addımlar idi. Dünyanın qırılan ticari zəncirləri, coğrafi mövqeyimiz, ətrafımızdakı ölkələrlə münasibətlər imkan verəcək ki, kifayət qədər neqativ təsirlərdən yayınaq. Biz azalan neftimizin müqabilində artan qaz həcmlərinə malikik və əsas məsələ ondan rasional istifadə etməkdir”.
Qeyd etdiyimiz kimi, CQD Azərbaycanın regional və qlobal geosiyasi rolunu da gücləndirdi. Layihənin həyata keçirilməsi, Azərbaycanı Avropa İttifaqının enerji təhlükəsizliyində əhəmiyyətli bir tərəfdaş halına gətirib. CQD Cənubi Qafqaz və Xəzər regionunda geopolitik balansın saxlanılmasına kömək etməklə yanaşı, Rusiyanın enerji təsirini balanslaşdıraraq, regionda daha çox əməkdaşlıq və inteqrasiya üçün imkanlar yaradır.



Siyasi şərhçi Müşfiq Abdullanın sözlərinə görə, 1994-cü ildə “Əsrin müqaviləsi” imzalandıqdan sonra Azərbaycan Avropanın enerji təhlükəsizliyində əsas rol oynayan ölkələrdən birinə çevrildi. Neft ixracatı ilə başlayan bu proses 2018-ci ildə yeni mərhələyə daxil oldu: “Azərbaycanın hasil etdiyi təbii qazın TANAP və TAP kimi kəmərlərlə Avropa ölkələrinə nəqli Avropanın enerji təhlükəsizliyinin təminatı istiqamətində yeni dövrün əsasını qoydu. İlkin vaxtlarda Azərbaycan qazının həcminin az olması səbəbilə böyük Avropa ölkələrinin bu layihəyə marağının az olacağına dair fikirlər səslənirdi. Lakin son illər dünyada baş verən həm iqtisadi, həm geosiyasi proseslər Azərbaycanın təbii qazına marağın artmasına səbəb olub. Xüsusilə də söhbət Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya nəql olunan Azərbaycan qazından gedir. Hazırda nəql olunan həcmin gələcəkdə artırılması istiqamətində danışıqlar gedir. Qeyd etdiyim kimi, Avropa ölkələrinin Azərbaycan qazına marağının artması regionda baş verən geoiqtisadi və geosiyasi proseslərlə bağlıdır. Belə ki, 2022-ci ilin fevralında Rusiya və Ukrayna arasında başlanan müharibədən sonra artıq Avropa 2025-ci ildən Rusiya qazından tam imtina etmək qərarına gəlib. Bu səbəbdən də alternativ enerji bazarlarına çıxış əldə etməyə çalışır. Enerji bazarlarının diversifikasiyası istər-istəməz Avropanın diqqətini Cənub Qaz Dəhlizinə yönəldib. Məlum olduğu kimi, Bolqarıstan, Serbiya, Yunanıstan, İtaliya, Albaniya kimi ölkələr də daxil olmaqla artıq 9 Avropa ölkəsi Azərbaycandan qaz ixrac edir. Yaxın gələcəkdə Macarıstan, Avstriya, Slovakiya kimi ölkələr də bu sıraya qoşulacaqlar”.
Politoloqa görə, Avropa ölkələri Azərbaycan qazını artıq yalnız özlərinin enerji təhlükəsizliyi vasitəsi kimi deyil, eyni zamanda siyasi təhlükəsizliyi kimi görürlər. Ukraynadakı işğalçı müharibəyə görə Rusiyaya qarşı tətbiq olunan sanksiyalar uzun müddət aradan qalxmayacaq. Bu, Azərbaycan qazının Avropa bazarlarına ixracına geniş şərait yaradır.
M.Abdulla qeyd etdi ki, Cənub Qaz Dəhlizi vasitəsilə Avropa bazarlarına mavi yanacağın nəqli rəsmi Bakının strateji maraqlarına da cavab verir: “Xüsusilə də Avropanın həm enerji, həm siyasi təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolunun artması Ermənistanla münasibətlərin tənzimlənməsinə dair sülh danışıqlarına da təsirsiz ötüşmür. Biz artıq Ermənistan rəsmilərinin dilindən Rusiya qazından imtina edərək əvəzində sülh müqaviləsi imzalandıqdan sonra Azərbaycandan təbii qaz alacaqlarına dair fikirlər eşidirik. Azərbaycan təbii qazının Avropa bazarlarına nəqli sülh sazişinin rəsmi Bakının maraqlarına uyğun formada imzalanmasında mühüm rol oynaya bilər. Ermənistan bir tranzit ölkə kimi bu prosesdən fayda götürəcəyini nəzərə alaraq Azərbaycanın şərtlərini qəbul edə bilər”.
Sonda bildirək ki, Neft Fondundan CQD-yə yatırılan vəsaitlər geri qaytarılır. Fonddan bildirildiyinə görə, CQD layihələrinin maliyyələşdirilməsi məqsədi ilə ARDNF-nin korporativ istiqrazlar üzrə həyata keçirdiyi yatırımların tam olaraq 2024-cü ilin sonuna qədər qalan faiz gəlirləri daxil olmaqla geri ödənilməsi gözlənilir. Bu isə CQD-nin uğurlu bir layihə olduğunu bir daha sübut edir.

Həbibə ABDULLA

Qeyd: Yazı ARDNF-nin yaradılmasının 25-ci ildönümü münasibəti ilə “Azərbaycan Respublikası Dövlət Neft Fondunun makroiqtisadi sabitliyin təminatında və ölkə iqtisadiyyatının inkişafında rolu” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu