Enerji sektorunda oyun qaydaları ağ hidrogenlə dəyişə bilər

Alimlər müəyyən ediblər ki, dağlıq ərazilərin altında ağ hidrogenin böyük ehtiyatları ola bilər. Tədqiqat göstərir ki, bu təmiz yanacaq çıxarıla və iqlim böhranı ilə mübarizədə əhəmiyyətli rol oynaya bilər.
Son illərdə ağ hidrogenin qalıq yanacaqları əvəz etmək potensialı artan diqqəti cəlb edir. Yalnız son bir neçə onillikdə elm adamları təbii və ya geoloji hidrogen kimi tanınan bu güclü yanacağın Yer qabığında böyük miqdarda mövcud olduğunu anlamağa başlayıblar.
Geoloqlar ağ hidrogenin necə əmələ gəldiyini və onun harada tapıla biləcəyini araşdırırlar. Lakin ən böyük problem bəşəriyyətin böyük enerji ehtiyaclarını ödəmək üçün kifayət qədər böyük həcmdə hidrogen ehtiyatlarını müəyyən etməkdir.
Bu suala cavab axtaran bir qrup alim kompüter modelləri ilə planetin tektonik plitələrinin hərəkətini simulyasiya edərək ağ hidrogenin əmələ gəlməsi üçün uyğun bölgələri müəyyən edib. Araşdırmaya görə, Pireneylər və Avropa Alpları kimi dağ silsilələri potensial hidrogen mərkəzləri ola bilər.
Yalnız su buxarı əmələ gətirən hidrogen uzun müddət yaşıl enerji mənbəyi hesab olunurdu. Xüsusilə aviasiya və polad istehsalı kimi yüksək enerji istehlak edən sektorlar üçün əhəmiyyətli bir alternativ ola bilər. Bununla belə, kommersiya məqsədləri üçün istifadə edilən hidrogenin əksəriyyəti qalıq yanacaqlardan istehsal olunur, bu da onun ekoloji faydalarını azaldır.
Buna görə təbii olaraq meydana gələn ağ hidrogen böyük bir fürsət hesab olunur.
Ağ hidrogen ilk dəfə 1987-ci ildə Malidə təsadüfən kəşf edilib.
Hidrogen bir çox təbii proseslər, o cümlədən yer qabığındakı radioaktiv parçalanma nəticəsində əmələ gəlir.
Su yerin mantiyasından gələn dəmirlə zəngin süxurlarla qarşılıqlı təsir göstərərək hidrogen əmələ gətirir.
Normalda bu qayalar yerin dərinliklərində yerləşir və suya məhdud çıxışı var. Ancaq milyonlarla il davam edən geoloji proseslər sayəsində yalnız səthə yaxın ərazilərə çata bilirlər. Bu, qitələr ayrıldıqda və ya toqquşduqda və okean hövzələrini bağladıqda okean diblərində baş verə bilər.
Alimlər bu qayaların səthə çıxdığı yerləri müəyyən etmək üçün tektonik plitələri modelləşdiriblər. Nəticədə Pireneylər, Avropa Alpları və Himalaylar kimi dağlıq bölgələrdə böyük miqdarda ağ hidrogen istehsalı üçün əlverişli şərait tapılıb.
Araşdırmada əldə edilən məlumatlar ağ hidrogenin enerji sektorunda oyun qaydalarını dəyişə biləcəyini göstərir.
Bu təbii proseslər göstərib ki, hidrogen tədqiq edilən bölgələrdə genişmiqyaslı enerji mənbəyinə çevrilə bilər.
Ancaq ən böyük sual işarəsi ağ hidrogenin böyük rezervuarlarda yığılıb-toplanmayacağı və qazma yolu ilə çıxarıla biləcəyidir.
Ağ hidrogenin ilk kəşfiyyatı Fransa, Balkanlar və ABŞ kimi bölgələrdə başlayıb.
Mütəxəssislər hesab edirlər ki, bu yeni tədqiqat geoloqları irimiqyaslı hidrogen ehtiyatları baxımından ən məhsuldar bölgələrə apara bilər və hidrogenin geoloji kəşfiyyatına birbaşa və əhəmiyyətli təsir göstərəcək.
Bununla belə, ağ hidrogenin enerji sektorunda mühüm yer tutması üçün aşılması lazım olan bir çox maneələr var. Etibarlı və qənaətcil hasilat üsulları hazırlanmalı, saxlama və nəqletmə infrastrukturu yaradılmalıdır. Bu prosesin onilliklər çəkə biləcəyini bildirilib.
Mənbə: CNN International