NASA ilk dəfə qalaktikanın əmələ gəlməsini müşahidə etdi


NASA-nın "Ceyms Uebb" Kosmik Teleskopu (JWST) ilk dəfə olaraq qalaktikaların formalaşmasını birbaşa müşahidə edib. Kainatın ən qədimləri arasında olduğu düşünülən üç qalaktika kosmosun ilk dövrlərinə işıq salır.


JWST-nin müşahidələrini tədqiq edən elm adamları hesab edirlər ki, üç qalaktika kainatın cəmi 400-600 milyon il yaşı olanda yaranıb. Kainatın təxminən 13,8 milyard il olduğunu nəzərə alsaq, bunlar kosmosdakı ilk qalaktikalar sırasındadır.

Alimlər görüntülərdə zəif qırmızı ləkələr kimi görünən qalaktikaların yaydığı işığı müxtəlif dalğa uzunluqlarında araşdırıblar. Bu analiz nəticəsində işığın çox böyük miqdarda neytral hidrogen qazı tərəfindən udulduğu müəyyən edilib.

Bu sıx qaz çoxluğu qalaktikaları qidalandırarkən, qalaktikalar hələ ilk ulduzlarını belə əmələ gətirməmişdilər. “Bu qaz çox böyük bir əraziyə yayılmalı və qalaktikanın böyük bir hissəsini əhatə etməlidir” - deyə “Science” jurnalında dərc edilmiş tədqiqatın həmmüəllifi Daraç Vatson bildirib.

Bu, qalaktikalarda neytral hidrogen qazının yığılmasını müşahidə etdiyimizi göstərir. Bu qaz daha sonra soyuyacaq, toplaşacaq və yeni ulduzlar əmələ gətirəcək.

Tədqiqatçılar bu qalaktikaları əhatə edən qazın tərkibində kainatın ən qədim elementlərindən olan hidrogen və heliumdan başqa heç nə olmadığı qənaətinə gəliblər.

Standart modeldə kainatı meydana gətirdiyi hesab edilən Böyük Partlayışdan sonra bir neçə yüz milyon il ərzində qazlar əsasən qeyri-şəffaf idi. Kainatdakı qazın partlayışdan təxminən 1 milyard il sonra qalaktikalardakı ulduzların ətrafındakı qazı qızdırıb ionlaşdıraraq tamamilə şəffaflaşdığı düşünülür.

Yeni tədqiqat vacibdir, çünki qeyri-şəffaf qazların üstünlük təşkil etdiyi bu dövrdə baş verən qalaktikaların və ulduzların əmələ gəlməsini müşahidə etmək çox yaygın deyil.

Tədqiqatın aparıcı müəllifi Kasper Elm Heintz deyir: "Bunlar, qalaktikaların formalaşmasının indiyə qədər gördüyümüz ilk "birbaşa" şəkilləridir".

"James Webb" əvvəllər bizə erkən qalaktikaları təkamüllərinin sonrakı mərhələlərində göstərsə də, burada onların doğulmasının və beləliklə, kainatda ilk ulduz sistemlərinin formalaşmasının şahidi oluruq.

Tədqiqatçılar bu qalaktikalarda gənc ulduzların olduğunu da müşahidə ediblər. Vatson bu tapıntısını izah edərkən deyib: "Böyük qaz ehtiyatları görməyimiz də göstərir ki, qalaktikaların ulduzlarının çoxunu meydana gətirməyə hələ vaxtları olmayıb".

Alimlər sıx qazın qalaktikaların mərkəzlərinə necə paylandığını anlamaq üçün əlavə tədqiqatlar aparmağı planlaşdırırlar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu