Antibiotik müqaviməti bir ildə 3 milyon uşağın ölümünə səbəb olub


Yeni bir araşdırma 2022-ci ildə 3 milyondan çox uşağın antibiotik müqaviməti səbəbiylə öldüyünü müəyyən edib.



Avstraliyadakı "Murdoch" Uşaq Tədqiqat İnstitutundan Yanhong Jessika Hu və "Clinton" Sağlamlığa Giriş Təşəbbüsündən Herb Harvel baş müəllifləri olduqları elmi araşdırmada, xüsusilə Afrika və Cənub-Şərqi Asiyada uşaqların daha çox risk altında olduğunu bildiriblər.

İkili ən ağır xəstəliklərdə istifadə edilməli olan antibiotiklərin istifadəsinin əhəmiyyətli dərəcədə artmasına diqqət çəkib. Onlar vurğulayıblar ki, əgər bakteriyalarda bu dərmanlara qarşı müqavimət yaranarsa, başqa çarə ola bilməz.

ÜST və Dünya Bankı kimi müxtəlif mənbələrdən əldə edilən məlumatlar üç il ərzində antibiotiklərə davamlı uşaqlıq xəstəliklərinin 10 dəfə artdığını ortaya qoyub.

Sayların bu artımının COVID-19 pandemiyası ilə bağlı ola biləcəyi bildirilib.

İnfeksiyaya səbəb olan mikroblara qarşı antibiotiklərin təsirsizliyi sağlamlıq üçün ən böyük təhlükələrdən biri olaraq görülür.

Bunun ən böyük səbəbinin antibiotiklərin həddindən artıq və yanlış istifadəsi olduğu düşünülür.

Digər tərəfdən, yeni antibiotiklərin istehsalı da ləngiyib, çünki bu dərmanlar uzun və bahalı bir proses vasitəsilə əldə edilir.

Bu gün Vyanada keçirilən elm konqresində araşdırmalarının nəticələrini təqdim edən professor "Antibiotik müqaviməti qlobal bir problemdir. Bu, hər kəsə təsir edir. Bu araşdırmanı etməklə biz xüsusilə uşaqlara antibiotik müqavimətinin nə qədər təsir etdiyinə diqqət yetirdik. Dünyada 3 milyon uşağın öldüyünü təxmin edirik" deyib.

Harvel gigiyena, su təmizliyi və immuniteti gücləndirməklə xəstəliklərdən qorunmağın da antibiotik müqavimətinə qarşı təsirli olacağını vurğulayıb.

Araşdırmanı BBC-yə şərh edən doktor Lindsey Edvards "Bu tapıntılar qlobal sağlamlıq liderləri üçün həyəcan təbili çalmalıdır. Qətiyyətli tədbirlər görülməsə, xüsusilə də dünyanın ən həssas bölgələrində uşaqların sağlamlığında onilliklər ərzində əldə edilmiş nailiyyətlər sarsıla bilər", - deyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu