Yerdəki suyun mənşəyi ilə bağlı yeni ipuçları: Köhnə nəzəriyyə çökə bilər


İngiltərənin Oksford Universiteti və ölkənin milli sinxrotron elmi müəssisəsi tərəfindən aparılan tədqiqat Yerdəki suyun mənşəyi ilə bağlı uzun müddətdir mövcud olan nəzəriyyələrə qarşı çıxır.



İndiyə qədər alimlər düşünürdülər ki, Yer kürəsinə su planet yarandıqdan sonra tərkibində su olan meteoritlər və kometlərlə birlikdə gəlib. Ancaq yeni tapıntılar suyun planetin tikinti bloklarında hər zaman mövcud ola biləcəyini ortaya qoyub.

Tədqiqatda Yerin erkən əmələ gəlməsindən bəri süxurlara bənzər tərkibə malik olan "enstatit xondrite" (EC) kimi tanınan nadir meteoritlər araşdırılıb. Qabaqcıl bir rentgen analizi texnikası ilə aparılan araşdırmalar bu meteoritlərin Yer okeanlarını əmələ gətirmək üçün kifayət qədər hidrogen ehtiva etdiyini müəyyən edib.

Oksford Universitetindən Yer Alimi Dr. Ceyms Brayson "Biz indi bilirik ki, planetimizi təşkil edən materialda əvvəllər düşündüyümüzdən daha çox hidrogen var. Bu, Yerdəki suyun sonradan deyil, təbii proseslər nəticəsində əmələ gəldiyi fikrini dəstəkləyir", - deyə bildirib.

Tədqiqatçılar müəyyən ediblər ki, hidrogen süxur nümunələrinin bütöv hissələrində, yəni xarici amillərlə çirklənməmiş ərazilərdə aşkar edilib. Bu, hidrogenin meteoritlə çirklənmədiyini və təbii olaraq tərkibində olduğunu göstərir.

Əldə edilən məlumatlara görə, Yer kürəsinin əvvəllərində bu hidrogenin süxurlardakı oksigenlə birləşərək su əmələ gətirə biləcək şərtləri var idi. Yəni 4,5 milyard il əvvəl planetin kimyəvi tərkibi həm suyun, həm də həyatın əsasını təşkil edirdi.

Oksford Universitetindən başqa bir alim doktor Tomas Baret "Nümunələrdə hidrogen sulfid aşkar etdikdə çox həyəcanlandıq. Bu, hidrogenin Yerə sonradan gəlməkdənsə, planetin quruluşunda əvvəldən mövcud olduğuna dair mühüm sübutdur" deyib.

Bu nəzəriyyə tamamilə yeni deyil. Oxşar tapıntılar 2020-ci ildə aparılan başqa bir araşdırmada da müşahidə edilib. Ancaq o zaman hidrogen mənbəyinin meteorit, yoxsa Yer olduğu dəqiq müəyyən edilməmişdi. Yeni tədqiqat əsasən bu şübhələri aradan qaldırır.

Tədqiqatın nəticələri beynəlxalq miqyasda nüfuzlu elm jurnalı "Icarus"da dərc olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu