“Manato”dan qohumumun qaynanasına zəng vurublar – ŞİKAYƏT
Azərbaycanda onlayn kredit platforması kimi tanınan “Manato” (“SF Azerbaijan” BOKT MMC) ilə bağlı redaksiyamıza şikayət daxil olub. Adının çəkilməsini istəməyən xanım vətəndaş, qurumun həm kredit şərtləri, həm də borcun geri qaytarılması zamanı tətbiq etdiyi qeyri-etik üsullardan narazılığını bildirib.
AFN.az xəbər verir ki, şikayətçi 500 manatlıq kredit üçün 90 manat komissiya və yüksək faizlər hesablandığını bildirir. Borcun gecikməsi zamanı isə məbləğ qısa müddətdə 900 manata çatıb. Lakin ən əsas narazılıq şəxsi məlumatların gizliliyinin pozulması ilə bağlıdır:
“Təbii ki, kredit götürmüşüksə, ödəməliyik. Lakin bunlar Mərkəzi Bankın qəbul etdiyi dəyişikliklərdən sonra elə şərtlər qoydular ki, qaytarmaq mümkün olmadı. O şərtləri görəndə geriqaytarma etmək istədik, dedilər ki, mümkün deyil, nə hesablanıbsa onu da qaytarmalısız. Yenə də ödənişdən boyun qaçırmırıq, edəcəyik. Amma bunlar bütün qayda-qanunları ayaq altına alıblar. Mənim telefonumda nömrəsi belə olmayan qohumlarıma zəng edərək narahat edirlər. Qohumum olan xanımın qaynanasına zəng edib məndən şikayət ediblər. Hansı ki, həmin xanımın məndə nömrəsi yoxdur, heç vaxt da olmayıb. Bu, birbaşa cinayətdir! Təsəvvür edin, necə ailə problemlərinə yol açıla bilər bu hərəkətlə. Etiraz etdikdə isə xanım əməkdaş ağır ifadələr işlədir, səsini qaldırır. Bu qədər faiz hesablanması insafsızlıqdır, üstəlik şəxsi həyata müdaxilə yolverilməzdir”.
Qeyd edək ki, şikayətdə qeyd olunan məqamlar Azərbaycan Respublikasının bir neçə qanunvericilik aktı ilə ziddiyyət təşkil edir. Belə ki, Azərbaycan Respublikasının “Fərdi məlumatlar haqqında” Qanununa görə, şəxsin razılığı olmadan onun fərdi məlumatlarının (o cümlədən telefon nömrələrinin) toplanması və üçüncü tərəfə ötürülməsi qadağandır. Kredit təşkilatının vətəndaşın kontakt siyahısında olmayan şəxsləri tapıb zəng vurması həm bu qanunun, həm də Konstitusiyanın “Şəxsi toxunulmazlıq hüququ” (Maddə 32) prinsiplərinin pozulması kimi qiymətləndirilə bilər.
Bundan başqa, “Bank olmayan kredit təşkilatları (BOKT) haqqında” Qanuna əsasən, BOKT-lar müştərilərlə münasibətdə şəffaflığı təmin etmeli və istehlakçıların hüquqlarını pozmamalıdır. Mərkəzi Bankın müəyyən etdiyi qaydalara görə, borcun yığılması prosesi etik normalar daxilində aparılmalı, təhdid və təhqir yol verilməzdir.
Mərkəzi Bankın istehlak kreditləri ilə bağlı tətbiq etdiyi prudensial normativlər mövcuddur. 500 manatlıq kredit üçün qısa müddətdə 400 manat əlavə borcun (komissiya + faiz + cərimə) yaranması, effektiv faiz dərəcəsinin (EFD) qanuni hədləri aşıb-aşmadığı sualını doğurur.
Azərbaycanda “Manato” və “Pulum” kredit platformaları “SF Azerbaijan” Bank Olmayan Kredit Təşkilatına məxsusdur. “Manato” 500 manatadək, “Pulum” isə 3000 manata qədər kredit təklif edir.
"Manato"ya zəng edərək qeyd edilənlərlə bağlı mövqe almaq istədik. Qarşı tərəfdə bizi dinləyən, özünü qrup rəhbəri kimi təqdim edən şəxs əlaqə saxlayacağını bildirsə də yenidən əlaqə saxlamadı. Bizim də əlaqə saxlamaq cəhdlərimiz boşa çıxdı. Hər bir halda qarşı tərəfin mövqeyini verməyə hazırıq.



