"Kontakt Home" kredit şərtlərini ağırlaşdırıb


"Kontakt Home" mağazalar şəbəkəsi kredit şərtlərini ağırlaşdırıb.


AFN-ə bu barədə mağazanın müştərilərindən biri məlumat verib. Həmsöhbətimiz bildirir ki, uzun müddətdir mağazadan kreditlə məhsul götürməsinə və normal ödəyici tarixçəsinə malik olmasına baxmayaraq, növbəti kredit müraciəti qəbul edilməyib: "Mağazalar şəbəkəsinin daimi müştərisi olaraq təxminən ay yarım qabaq onlayn müraciət edərək məhsul götürmək istədim. Baxmayaraq ki, şəbəkə ilə təxminən 3 illik kredit əməkdaşlığım var, şirkətin işçisi mənə telefonda bildirdi ki, şərtlər dəyişib, bankda adına problemli kredit olan vətəndaşlara kredit verilmir. Qeyd edim ki, mənim adıma bankda kredit 2014-cü ildən mövcuddur, ödəyicisi də mən deyiləm. Bunu əvvəllər də mağazalar şəbəkəsində soruşublar, demişəm, lakin kredit götürməyimdə problem olmayıb. İndi isə şirkətin əməkdaşı mənə bildirdi ki, mərkəzi kredit reyestrində sizin kredit tarixçəniz normal olmadığına görə kredit verə bilmərik. Halbuki onlar məndən MKR-mə baxmaq üçün heç bir yazılı, yaxud şifahi razılıq almamışdılar, sadəcə onlayn müraciət zamanı şəxsiyyət vəsiqəmin surətini təqdim etmişdim".

Məsələ ilə bağlı "Kontakt Home" mağazalar şəbəkəsinin ictimaiyyətlə əlaqələr üzrə yetkilisi Vəfa Rüstəmova AFN-ə açıqlamasında bildirdi ki, kredit şərtlərində heç bir ağırlaşma olmayıb: "Mağazalarımızda hissəvi alış şərtlərində hər hansı ağırlaşma tətbiq olunmayıb. Hissəvi alış üzrə məhsul ayrılması hər zamankı şərtlər çərçivəsində aparılır. Lakin bankda və ya bank olmayan kredit təşkilatlarında ödənişlərində aktiv gecikmə olan müştərilərə təkrar sənədləşmə edilməsi riskli olduğuna görə, bəzi satışlarda ödəniş qabiliyyətini və aktiv borclarını qiymətləndirmək məqsədilə müştərinin razılığı əsasında Mərkəzi Kredit Reysteri yoxlanıla bilər".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu