Avstriyada havada dəhşətli qəza: Paraşütçü qadın təyyarə ilə toqquşdu
Avstriyada yamac paraşütü ilə uçuş edən 44 yaşlı təcrübəli idmançı Sabrina havada irəlilədiyi zaman gəzinti təyyarəsinin onun paraşütünə toxunması nəticəsində ölümlə üz-üzə gəlib.
AFN.az xəbər verir ki, toqquşmadan sonra böyük panika yaşayan qadın idmançı son anda ehtiyat paraşütünü açaraq faciədən xilas olub.
Avstriyanın Zell am See qəsəbəsi yaxınlığında adrenalin dolu uçuş saniyələr ərzində həyat mübarizəsinə çevrilib.
Şənbə günü günorta saatlarında Şmittenhöhe dağından havaya qalxan 44 yaşlı Sabrina adlı qadının səmada süzüldüyü vaxt gözlənilməz qəza baş verib.
Bölgədə uçuş həyata keçirən "Cessna 172" tipli kiçik gəzinti təyyarəsi paraşütçü qadının yamac paraşütünə çırpılıb.
Toqquşmanın şiddətindən qadının paraşütünün günbəzi ikiyə bölünərək tamamilə parçalanıb.
Bir anda idarəetməni itirən və qışqırıqlar içində göy üzündə öz oxu ətrafında fırlanmağa başlayan qadın havada adəta zamanla yarışmalı olub.
Yaşadığı böyük şoka rəğmən soyuqqanlılığını qorumağa çalışan təcrübəli idmançı təcili vəziyyət üçün nəzərdə tutulan ehtiyat paraşütünü açmaq üçün ciddi səy göstərib.
28 yaşlı pilotun idarə etdiyi təyyarə isə toqquşmadan sonra tarazlığını qoruyaraq Zell am See hava limanına təhlükəsiz eniş edib.
Ehtiyat paraşütünü açmağı bacaran Sabrina sürətini azaldaraq yerə sağ-salamat enməyə nail olub.
Hadisə yerinə cəlb edilən polis helikopteri ilə ərazidən götürülən idmançı bu böyük qəzadan yalnız bir neçə yüngül sıyrıqla qurtulub.


