Deputatın əvvəllər rəhbərlik etdiyi şirkət BİF-in 134 minlik tenderini uddu


Biznesin İnkişafı Fondu ilə deputata yaxın olduğu iddia edilən “Ultra Technologies” MMC arasında 134 min 785 manat 50 qəpiklik satınalma müqaviləsi imzalanıb.

AFN.az dövlət satınalmaları vahid internet portalına istinadən xəbər verir ki, müqaviləyə əsasən, şirkət fondda “DocNet” Elektron Sənəd Dövriyyəsi sisteminin inteqrasiyası, modernləşdirilməsi və birillik texniki dəstək xidmətlərinin göstərilməsini həyata keçirməlidir.

Dövlət Vergi Xidmətinin reyestr göstəricilərinə görə, 11 aprel 2000-ci ildə qeydiyyata alınan və nizamnamə kapitalı 1000 manat olan bu şirkətin qanuni təmsilçisi Zaur Arif oğlu Məmmədzadədir. Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 45V, mənzil 48 ünvanında hüquqi qeydiyyatda olan müəssisə 2016-cı ilə qədər “Ultra Computers” MMC adı ilə fəaliyyət göstərib.

Bu şirkətin adı uzun müddətdir ki, Milli Məclisin deputatı Tahir Mirkişili ilə birgə hallanır. Deputatın rəsmi tərcümeyi-halında onun 2000–2011-ci illərdə sözügedən şirkətdə mühəndis və direktor vəzifələrində çalışdığı göstərilir. 2015-ci ildən parlamentdə təmsil olunan Tahir Mirkişilinin şirkətlə bağlarının hələ də davam etməsinə dair yayılan iddialara heç bir münasibət bildirməməsi isə bu mövzuda müzakirələrin səngiməməsinə səbəb olur.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu