Siniflərdə şagird sıxlığı: Səbəb və nəticələr-ARAŞDIRMA




Bu gün təhsil sahəsində mövcud problemlərdən biri də siniflərdə şagird sıxlığıdır. Daha çox Bakı və Abşeron rayon ümumtəhsil məktəblərində rast gəlinən bu hal valideynlərin də narazılıq etdiyi əsas məsələlərdən biridir. Yaranan sıxlığı aradan qaldırmaq məqsədi ilə, Təhsil Nazirliyi tərəfindən 2004-cü ildən indiyədək ölkədə 3200-dən artıq yeni məktəb və əlavə tədris korpusları tikilib, əsaslı təmir edilsə də, problem hələ də öz həllini tapmayıb.



Son dövrlər əhalinin kəndlərdən şəhərə axın etməsi, Abşeron rayonunda yeni yaşayış massivlərinin salınması şagird sıxlığının daha da artmasına səbəb olur. Xüsusən də şəhər məktəblərində 30-40 uşağın oxuduğu siniflər də var. Halbuki Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 13 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq edilən “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə əsasən, bir sinifdə ən çox 30 nəfər təhsil ala bilər. Bu say 30-u keçdikdə, sinif bölünməli və ikinci paralel sinif təşkil edilməlidir.

Şagird sıxlığı hansı problemləri yaradır?

Şagird sıxlığı tədris prosesində bir sıra çətinliklərə səbəb olur. Sinifdə masaların düzülüşü əsasən üçsıralı nəzərdə tutulsa da, 40 uşağı yerləşdirmək üçün otağa 4-cü, hətta 5-ci partasıra da əlavə edilir. Nəticədə həm məkan darısqal olur, həm də ən arxa masada əyləşən şagirdlə lövhə arasında məsafə böyüyür. 20-25 nəfər üçün nəzərdə tutulan sinifdə çoxsayda uşağın oxuması otağın havasını da ağırlaşdırır, virus mənşəli xəstəliklərin məktəblilər arasında daha asanlıqla yayılmasına şərait yaradır.

Sıxlığın səbəb olduğu əsas problemlərdən biri də dərsin səmərəli təşkili ilə bağlıdır. 40 şagirdlə dərs qurmaq, hər bir uşağa fərdi yanaşmaq və pedaqoji prosesə cəlb etmək müəllimlərin fəaliyyətində də ciddi çətinlik yaradır. Yüksək səriştəli və təcrübəli kadrlar bu işin öhdəsindən gələ bilsələr də, pedaqoji qabiliyyəti zəif olan müəllimlər sinfi idarə etməkdə problem yaşayırlar. Şagird sıxlığı ilə bağlı valideynlərin narazı qaldığı əsas məqam da məhz budur.

Eyni problemdən şikayət edən Gülnarə Hüseynova AFN-ə
verdiyi açıqlamada bildirib ki, nəvəsinin oxuduğu sinifdə 39 şagird təhsil alır: “Nəvəm Xırdalan şəhər 1 №-li tam orta məktəbin “2 f” sinfində oxuyur. Ötən həftədəyək sinifdə 58 uşaq vardı. Digər paralel siniflərdə də təxminən eyni vəziyyət idi. Keçən həftə sinfi bölüb, yenisini açdılar. İndi sinifdə 39 nəfər qalıb, ilin sonunadək yenə uşaq sayı artacaq. 39 nəfər də bir sinif üçün çoxdur, təkrar bölünməyini istəyirik. Amma məktəbdə əlavə otaq yoxdur. Məktəb direktorunu da qınamaq olmur. Sinif otağı yoxdursa, o, nə etməlidir?”

G.Hüseynova qeyd edib ki, problemin həlli üçün Xırdalan və şagird sıxlığı olan digər ərazilərdə təcili yeni məktəblər inşa olunmalıdır: “ Xırdalan ildən-ilə böyüyür, bura davamlı olaraq, yeni ailələr köçür. Təzə yaşayış binaları istifadəyə verilsə də, infrastruktur inkişaf etmir. Əhali sıxlaşdıqca, məktəblərdə şagird sayı da çoxalır. Yeni məktəb və uşaq bağçalarının inşasına ciddi tələbat var. Dövlət büdcəsindən bunun üçün vəsait ayrılmalı və problem daha da dərinləşmədən tikinti işlərinə başlanmalıdır”.

Məsələ ilə bağlı şagird sıxlığı çox olan məktəblərdən biri, elə adıçəkilən Xırdalan şəhər 1 №-li tam orta məktəblə əlaqə saxladıq. Məktəbin direktoru Kəmalə Yusifova AFN-ə bildirdi ki, 30-dan çox şagirdi olan sinifləri bölmək üçün müəllim və sinif çatışmır: “ 39 şagirdin oxuduğu sinfin otağı genişdir, oturmağa partaları var. Sinifdə çox uşağın olmasından Abşeron Rayon Təhsil Şöbəsinin müdirinin də xəbəri var. Hamı bilir. Müəllim olsa, biz də sinfin bölünməyini istəyərik. Həm də əlavə otağımız yoxdur. Amma valideynlər narahat olmasınlar, müəllimlərimiz 40 uşağa da dərs keçə bilirlər”.

Problem şagirdlərin təhsilinə necə təsir edir?

Bəs görəsən, sıxlıq məktəblilərin keyfiyyətli təhsil almalarına ciddi əngəl yaradırmı? Şagirdlər dərs proqramını mənimsəyə, bilik və bacarıqlarını inkişaf etdirə bilirlər? Məsələyə aydınlıq gətirmək məqsədi ilə, pedaqoq, pedaqogika və kurikulum üzrə təlimçi Vüsalə Ağahüseynova ilə həmsöhbət olduq. AFN-in suallarını cavablandıran mütəxəssis bildirdi ki, son zamanlar əsasən Bakı, Sumqayıt və Abşeron məktəblərində sıxlıq müşahidə olunur: “ Sinifdə 30-40 şagirdin təhsil almağı müəyyən çətinliklər yarada bilər. Məsələn, otaqda çox səs-küy olar, müəllim dərsi səmərəli qura, müəllim-şagird münasibətlərində effektiv nəticə əldə edə bilməz. Sıxlıq çox olan sinfə dərs keçən müəllimdən güclü təşkilatçılıq, kommunikativ və perseptiv qabiliyyətlər tələb olunur. Çünki müəllim hər bir uşağın daxili ailəmini duymağı bacarmalıdır. 40 uşağa fərdi yanaşmaq isə çətinlik yaradır”.

V.Ağahüseynova onu da qeyd edib ki, sıxlıq olan sinifdə də səmərəli dərs qurmaq mümkündür: “ 40 şagirdli siniflərdə də uşaqlar bilik və bararıqlar əldə edə bilərlər. Bunun üçün müəllim dərsi düzgün qurmağı bacarmalıdır. Fəal təlim formalarından biri də qrup işlərinin təşkilidir. Müəllim şagirdləri qrup üzrə birləşdirərək, tədris prosesinin effektiv keçməsinə nail ola bilər. Dərsin keyfiyyəti müəllimin səriştəsindən çox asılıdır. Elə müəllim var, proqramı 40 şagirdə çox gözəl tədris edə bilir, eləsi də var, 20 uşaqla dərsi düzgün qurmağı bacarmır”.

Mövzu ilə bağlı təhsil üzrə ekspert Kamran Əsədovun da münasibətini öyrəndik. O, AFN-ə bildirdi ki, bir sinifdə 30-40 şagirdin olması tədrisi zəiflədir: “ Qanuna əsasən, sinifdə uşaqların sayı 30-u keçərsə, ikinci sinif təşkil edilməli, ora yeni müəllim təyin olmalıdır. İbtidai sinifdirsə, ibtidai sinif müəlliməsi üçün əlavə vakansiya açılmalı, yuxarı sinifdirsə, fənn üzrə müəllimlər cəlb olunmaldır. Hesab edirəm ki, bu pedoqoji tələb yerinə yetirilməlidir. Azərbaycanın təhsillə bağlı zəngin təcrübəsi var. Bəzən deyirlər ki, hansısa ölkədə bir sinifdə 30-40 şagird təhsil alır. Bəlkə həmin məktəbdə şagirdlərə sadəcə ümumi məlumat verilir, fənnlər dərindən öyrədilmir? Bizim isə öz təcrübəmiz var. Öz təcrübəmizə, eləcə də öz qanunumuza görə, bir sinifdə 25 nəfər şagird olmalıdır”.

K.Əsədovun sözlərinə görə, sıxlıq Azərbaycan təhsilində şagirdlərin keyfiyyətli biliyə yiyələnməsində müəyyən maneəçilik yaradır: “Düşünürəm ki, bu problemə ciddi diqqət yetirilməlidirlər. Təhsilin məqsədi məktəblilərə müəyyən bilik və vərdişlər öyrətməkdir. Sinifdə şagid sayı artıq olduqda, bu vərdişlər ötürülmür. Həmçinin otaqda səs-küy də çox olur, dərsin səviyyəsi sıfıra enir. Məktəblərdə dərs elə təşkil edilməlidir ki, biliyin ötürülməsi maksimum həddə çatsın. Sinifdə 10-15 nəfər uşaq oxuyanda, onları yaxşı öyrətmək olur. Tədqiqatlar göstərir ki, şagird sayı 25-dən yuxarı olduqda, sinif idarəolunmaz hala gəlib çıxır. Bu halda dövlət tərəfindən tədris üçün xərclənən vəsait, müəllimlərin əziyyəti boşa çıxır”.

Ekspert qeyd edib ki, şagird sıxlığı xüsusən də ibtidai siniflərdə daha çoxdur: “ Hazırda Azərbaycanın 4472 orta məktəbində 1.5 milyona yaxın şagird təhsil alır. Onlara 151 min müəllim dərs keçir. Amma 2014-cü ilə qədər ölkə üzrə müəllimlərin sayı 160 mindən çox idi. Hesab edirəm ki, dünyanın inkişaf etmiş ölkələrində olduğu kimi, respublikamızda da bu məsələni rasionallaşdırmağa ehtiyac var.

Təhsilin keyfiyyətinin artırılması və yüksək nəticələr əldə olunması üçün rayon mərkəzlərində nümunəvi liseylərin yaradılması da vacibdir. Düşünürəm ki, optimallaşdırılma nəticəsində gənc kadrlara şərait yaratmaq, yaşlı müəllimlərin fəaliyyətini isə bacarıq və qabiliyyətlərinə görə tənzimlənmək lazımdır”.

Məsələ ilə bağlı Təhsil Nazirliyinin də mövqeyini öyrənməyə çalışdıq. Qurumun mətbuat xidmətindən AFN-ə bildirildi ki, “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə görə, hazırda bir çox məktəblərdə şagird sayı normativə uyğundur: “Lakin bəzi məktəblərdə sinif otaqlarının çatışmazlığı səbəbindən uşaqların sıxlığının müvafiq normadan artıq olduğu müşahidə edilir. Sıxlığın aradan qaldırılması istiqamətində ümumi təhsil müəssisələrinin infrastrukturu müasirləşdirilir, məktəb tikintisi sahəsində əhəmiyyətli işlər görülür. Bu günədək həyata keçirilən tədbirlər nəticəsində 1 milyondan çox şagirdin təlim şəraiti əhəmiyyətli şəkildə yaxşılaşdırılıb.

Bununla yanaşı, son 15 ildə ölkədə 3200-dən artıq yeni məktəb, əlavə tədris korpusları və sinif otaqları tikilib və əsaslı təmir olunub. Hazırda məktəblərin maddi-texniki bazasının yaxşılaşdırılması üçün işlər davam etdirilir. Məktəb şəbəkəsinin genişləndirilməsi istiqamətində görülən işlər gələcəkdə şagird sıxlığının aradan qaldırılmasına gətirib çıxaracaq”.

Könül CƏFƏRLİ


AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu