Ermənistanda “Qisas” panikası: Azərbaycan İrəvanadək gələcək... - Üzeyir Cəfərovla CANLI
"Proqnozlarımıza əsasən, ölkədə hər il təxminən 3500-4000 müəllim yerinə vakansiya düşsə də, vakansiya yerlərinin sayı süni surətdə artırılır”.
“İkinövbəli məktəblərdə tədrisin təşkili və idarəetmə ilə bağlı problemləri aradan qaldırmaq üçün dövlət proqramları qəbul edilməli, məktəblərdə ikinövbəlilik ümumiyyətlə ləğv edilməlidir.
“Pedaqoji sahədə ixtisaslaşmış kadr sayı əmək bazarının tələblərinə uyğundur”.
Bu fikirləri AzEdu.az-a açıqlamasında təhsil məsələləri üzrə mütəxəssis Elşən Qafarov deyib.
Ekspert əvvəla süni surətdə artırılan vakant yerlər barədə danışıb. O qeyd edib ki, bu, müəllimlərin əmək norması ilə təmin edilməsinə mane olur:
"Ümumiyyətlə, ölkədə kifayət qədər pedaqoji təhsilli kadrların olmasına baxmayaraq, xüsusilə regionlarda müəllim çatışmazlığına rast gəlinir. Regionlarda əsasən ingilis dili, fizika, kimya və biologiya müəllimlərinə ehtiyac var. Proqnozlarımıza əsasən, ölkədə hər il təxminən 3500-4000 müəllim yerinə vakansiya düşsə də, vakansiya yerlərinin sayı süni surətdə artırılır. Bu necə baş verir?! Deməli, müəllimin bir həftəlik dərs yükü normasının 18 saat olmasına baxmayaraq, bir çox hallarda həmin norma təmin olunmur. Beləcə, əlavə olaraq 6-10 saat dərs yükü vakansiyaya çıxarılır. Regionlarda digər ən ciddi problem ibtidai sinif müəllimləri ilə əlaqədardır. Əhali şəhərlərə üz tutur və urbanizasiya nəticəsində bir sinifə bir neçə ibtidai sinif müəllimi dərs keçir. Mərkəzlərdə isə ibtidai sinif müəllimləri ilə bağlı ciddi problem yoxdur, əksinə şəhər yerlərində şagird sıxlığı mövcuddur".
E.Qafarov, həmçinin, iki növbəli məktəblərdə idarəetmə və tədrisin keyfiyyətinin zəif olmasından da bəhs edib. Bildirib ki, respublika üzrə 3447 tam orta məktəbdən xüsusilə şəhərlərdə yerləşənlərdə ikinövbəli fəaliyyət göstərənlər çoxdur:
"Bakı və Bakı ətrafinda hətta üç növbə ilə işləyən məktəblər də var. Üstəlik, siniflərdə şagird sıxlığı həddindən artıq çoxdur. Nazirlər Kabinetinin 3 avqust 2012-ci il tarixli, 171 saylı qərarında göstərilir ki, məktəblər layihələndirilərkən siniflər 24 şagird üçün nəzərdə tutulmalı, bir sinifdə şagirdə düşən sahə 2-2.5 kvadratmetr olmalıdır. Buna baxmayaraq, bizim 36 kvadratmetrlik sinif otaqlarımızda 30-40, bir sıra hallarda hətta 50-yə yaxın şagird təhsil alır. Bu, şagirdlər üçün nəzərdə tutulan yer normativlərinin pozulmasına gətirib çıxarır. Şagird sayı normadan 1.5-2 dəfə artıq olan siniflərdə fərdi yanaşmadan söhbət gedə bilməz. Məlumdur ki, ölkə məktəblərində tədrisin təşkili ilə bağlı çox ciddi problemlər var. Müəllim peşəkarlığının lazımi səviyyədə olmadığını da nəzərə alsaq, ümumilikdə orta məktəblərdəki tədrisin keyfiyyətinin ümumi mənzərəsini görə bilərik. Ona görə də siniflər bölünməlidir. Lakin nəzərə almaq lazımdır ki, bu gün xüsusilə də Bakı məktəblərində siniflərdəki şagirdlərin sayı bölünərək azaldılarsa, məktəblərdə yer olmaz. Belə olan halda məlum olur ki, yeni məktəblər və ya mövcud məktəblərin həyətində yeni korpusların tikilməsinə ciddi ehtiyac var. 2019-cu ildə Prezident İlham Əliyev Bakı şəhəri üzrə məktəblərin infrastrukturunun gücləndirilməsi işinə 47 milyon manat əlavə vəsait ayırıb. Təəssüf ki, xüsusilə Bakı və Bakıətrafı ərazilərdə bu mənada ciddi problemlər hələ də yaşanır. Təbii ki, şagird sayı normadan iki dəfə artıq olan siniflərdə tədrisin keyfiyyəti barədə danışmaq yersizdir. Ümumiyyətlə, ikinövbəli məktəblərdə tədrisin təşkili və idarəetmə kifayət qədər problemlidir. Belə problemləri aradan qaldırmaq üçün dövlət proqramları qəbul edilməli, ikinövbəli məktəblər aradan qaldırılmalıdır. Məsələn, Naxçıvan Muxtar Respublikasında görülən işlərin nəticəsidir ki, məktəblər iki növbədə fəaliyyət göstərmir. Eyni zamanda, böyük şəhərlərdə, xüsusilə də Bakı və Abşeronda yeni məktəb binalarının tikintisinə ehtiyac var. Belə olan halda, məktəblərdə şagird sıxlığı azalar və iki növbəlilik aradan qalxar".
Ekspertin sözlərinə görə, ölkədə pedaqoji sahədə kadr hazırlığı ilə bağlı da ciddi problemlər olsa da, bu sahədə ixtisaslaşmış kadr sayı əmək bazarının tələblərinə uyğundur: "Respublika üzrə 45 ali məktəb və 6 filial fəaliyyət göstərir. Onların təxminən 31-i pedaqoji sahədə kadr hazırlığı ilə məşğuldur. Həmin kadrların günün reallığına uyğun nə dərəcədə peşəkar hazırlanması da ayrıca problemdir. Müəllimlərin işə qəbulu müsabiqə yolu ilə həyata keçirildiyi üçün bu sahəyə hələki tələbat var. Yəni pedaqoji sahədə özəl sektorun genişlənməsi, özəl məktəb və liseylərin açılması, kommersiya məqsədilə fəaliyyət göstərən kursların çoxalması müəllimlərə olan tələbatı artırır. Əmək bazarında tələbat olduğu üçün hazırda prdaqoji sahədə təhsil alanların böyük əksəriyyəti də iş tapa bilirlər. Ona görə də bu gün pedaqoji sahədə ixtisaslaşmış kadr sayının əmək bazarının tələblərinə uyğun olduğunu hesab edirəm".