“İslahatlara alternativ yoxdur!” - Yaxud səssiz inqilab necə baş verir?!
Tarixdə köklü islahatlar dönəminin dinc, təlatümsüz baş tutmadığını desək, yəqin ki, bir çoxları bizimlə razılaşar. Azərbaycanda son dövrlər aparılan islahatlar isə islahatdan daha çox inqilab xarakterlidir. Bunu etiraf və qeyd etmək üçün qeyri-adi müşahidə qabiliyyətinə malik olmaq lazım deyil. Prezident İlham Əliyev səssiz, dinc inqilab etdi. Etməkdədir...
Son təxminən il yarımda siyasi səhnədə, eləcə də sosial-iqtisadi sferada baş verənlərin təhlili ölkədə yeni bir dövrün başladığını deməyə əsas verirdi. Və çox ciddi keyfiyyət dəyişikliklərinə səbəb olacağı şübhə doğurmayan bu dövrü tək ictimai-siyasi aktiv insanların deyil, eyni zamanda xalqın, sadə vətəndaşların Prezidentdən gözləntilərinin reallaşdığı dövr də adlandırmaq olar. Bu gün ölkəmiz güclü iqtisadi imkanlara malikdir. Azərbaycanın iqtisadi qüdrəti, ixrac potensialı ilbəil artır, qeyri-neft sektoru inkişaf edir. Dövlətimizin təşəbbüsü və iştirakı ilə irimiqyaslı qlobal layihələr uğurla icra edilir. Bütün bunlarla yanaşı, ölkə başçısı İlham Əliyev inqilab xarakterli islahatları ilə nəinki daxili ictimaiyyətin, hətta beynəlxalq aləmin diqqət mərkəzindədir.
Sosial sahədən başlayan inqilab...
Prezidentin inqilabi xarakterli qərarları, fərman və sərəncamları ilk olaraq sosial sahəni əhatə etdi. Məlum olduğu kimi, bu yöndə qərarlar 2018-ci ildən etibarən xüsusilə intensivləşdi. Bu istiqamətdə atılan addımlar müqayisəyəgəlməzdir. 2018-ci il prezident seçkilərində qələbə qazandıqdan sonra İ.Əliyevin imzaladığı ilk fərman elə həmin ilin 19 aprelində şəhid vərəsələrinə birdəfəlik ödəmənin (11 min manat) verilməsi ilə bağlı oldu. 2019-cu ilin 28 yanvarında bu istiqamətdə imzalanan növbəti fərman birdəfəlik ödəmə verilməsi nəzərdə tutulan şəhid vərəsələrinin əhatə dairəsinin genişlənməsi məqsədi daşıyırdı. Bundan başqa, şəhid ailələri üçün verilən Prezident təqaüdü artırıldı, bu kateqoriyaya aid olan insanların mənzillərlə və avtomobillərlə təminatı daha da yaxşılaşdırıldı, eləcə də qaçqın və məcburi köçkünlər üçün aylıq sosial müavinət artırıldı, yeni şəhərciklər inşa edilərək istifadəyə verildi.
2019-cu ilin əvvəlindən minimum pensiyanın, minimum əməkhaqqının artırılması da vacib qərarlardan idi. 2019-cu ilin 25 fevralında Prezident İlham Əliyevin imzaladığı sərəncam əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində tədbirləri davam etdirmək və bu tədbirlərin əhatə dairəsini daha da genişləndirmək məqsədi daşıyırdı. Təxminən 15 bənddən ibarət sənəd vətəndaşların müxtəlif kateqoriyalarını əhatə edən sosial qruplara ödənilən müavinətlərin artırılmasını ehtiva edirdi. Bu, sosial sahədə böyük bir addım idi. Cəmiyyət bu sevinci yaşayarkən Prezidentin bir-birinin ardından imzaladığı sərəncamlarla minimum pensiya məbləği, minimum əməkhaqları kəskin surətdə artırıldı ki, bu da bir çox qrupları əlavə qayğılardan əhəmiyyətli dərəcədə azad etmiş oldu. Problemli kreditlərin həlli ilə bağlı dövlət başçısının verdiyi qərar yüz minlərlə insanı əhatə etdi və üstəlik, ölkənin bank sektorunun böhrandan sonra dirçəlməsi üçün mühüm əhəmiyyət daşıyır. Bütün bu qərarlar onu göstərir ki, dövlət siyasətinin, dövlət başçısının verdiyi bütün qərarların əsasında vətəndaş amili dayanır.
Struktur islahatları haqda danışmaq hələ tezdir
Yazımızda aparılan struktur islahatlarına geniş yer verməməyimizə səbəb bu proseslərin nəticələrinin indidən qiymətləndirilməsinin mümkün olmamasıdır. Əsasən iqtisadiyyatı və mərkəzi idarəetməni əhatə edən bu islahatların təsiri bir müddət sonra hiss ediləcək desək, yanılmarıq. Düzdür, Azərbaycanda bir sıra qurumların birləşdirilməsi də aparılan islahatların mühüm tərkib hissəsidir. Məsələn, 3 dövlət qurumunun İqtisadiyyat Nazirliyində birləşdirilməsi bu baxımdan səciyyəvidir. Özünü bacarıqlı və şəffaf islahatçı kimi tanıdan və Prezident tərəfindən yüksək qiymətləndirilən Mikayıl Cabbarovun iqtisadiyyat naziri təyin olunması təbii ki, çox böyük etimaddır. Kadrların yenilənməsi və ya çox ciddi kadr islahatları şəklində özünü biruzə verən bu prosesin ölkənin siyasi və iqtisadi idarəçiliyində önəmli keyfiyyət dəyişikliklərinə səbəb olacağına şübhə yoxdur. Xalqla ünsiyyətə girməyi bacaran gənc, müasir düşüncəli kadrların önə çəkilməsi bu ümidləri artırmaqdadır. İdarəetməyə tamamilə fərqli təfəkkürlü, müasir baxışlara malik, totalitar düşüncələrdən uzaq, adları korrupsiya və rüşvətə bulaşmamış şəxslərin gətirilməsi bunu düşünməyə əsas verir.
Ən yaxın silahdaş və ilk addımlar...
İqtisad elmləri üzrə fəlsəfə doktoru İsmayıl İsmayılbəylinin sözlərinə görə, 2016-cı il Konstitusiya dəyişiklikləri əslində hakimiyyətdə dərin kök salmış qrupların “zərərsizləşdirilməsi” uğrunda ilk addım idi. Məhz referendumdan sonra Prezident İlham Əliyev özünün ən yaxın silahdaşı Mehriban xanım Əliyevanı I vitse-prezident təyin etməklə, islahatlar kursunu daha da dərinləşdirdi: “Vergi, sosial müdafiə, gömrük, nəqliyyat kimi mühafizəkar kəsimin maliyyə gücünü formalaşdıran sahələr onların əlindən alınaraq, bu sahələrin idarə edilməsi yeni təfəkkürlü gənc kadrlara həvalə edildi. Onların maliyyə-bank sektorundakı imkanları kəsildi, əsas söz sahibi olduqları biznes sektorlarından sıxışdırılıb çıxarıldılar. Beləliklə, iqtisadi sabotajla islahatların qarşısını almaq imkanları əllərindən alındı”.
Qeyd edək ki, təxribatlar, müəyyən qruplaşmaların fəaliyyəti artıq sirr deyildi və hətta Prezident İlham Əliyev də bunu rəsmən bəyan etmişdi. 2019-cu il oktyabrın 15-də Prezident yanında keçirilən iqtisadi müşavirədə İlham Əliyevin dediklərini xatırlayaq: “...Onu da bildirməliyəm ki, bu gün iqtidarda olan bəziləri də islahatlara qarşı çıxış edirlər. Bu islahatlar onların şəxsi maraqlarına toxunur. Onlar hər vəchlə bizim işimizə əngəl törətmək istəyirlər. İslahatlara meyilli olan, yeni təfəkkürə malik kadrları qaralayırlar, o cümlədən mətbuatda. Mətbuat bir növ daxili mübarizə növünə çevrilib. Bu, dözülməzdir. Mən indi dərinə getmək istəmirəm. Amma bildirməliyəm: bu, dözülməzdir, bir hökumətin bəzi üzvləri digər üzvləri tərəfindən şantaj edilir. Onlar ləkələnir. Prezidentin tapşırığı ilə onların apardığı islahatların üzərinə kölgə salınır. Dözülməz vəziyyətdir”.
Bununla da, Prezident oliqarxların şantajlarına boyun əymək niyyətində olmadığını, mühafizəkar dəstənin – oliqarxik sistemin bütün ünsürləri ilə ipləri tam qoparmağa hazır olduğunu elan etmiş oldu və bunu da elan etdi. 15 oktyabr müşavirəsində Prezidentin çıxışından daha bir sitat: “Əgər kimsə hesab edir ki, biz bununla barışmalıyıq, səhv edir. Çünki islahatlara alternativ yoxdur. Kim bu yolun yolçusudursa, əlbəttə, işləyəcək. Amma kim buna qarşı çıxır və altdan-altdan bizim işimizə mane olmaq istəyir, əlbəttə ki, biz belə adamlarla bir yolun yolçusu ola bilmərik”. İ.İsmayılbəylinin sözlərinə görə, Prezidentin sonrakı qərarları ortaya qoyulan siyasi iradənin nə qədər qəti olduğunu ortaya qoydu.
Sevindirici haldır ki, parlament özü bu islahatlara rəvac verdi. Hakim partiyanın Milli Məclisdə təmsil olunan çoxluğu hazırkı tərkibin aparılan islahatlarla ayaqlaşa bilmədiyini etiraf edərək parlamentin buraxılması, yeni deputat seçkilərinin keçirilməsi təklifi ilə çıxış etdi. Bunun ardınca eyni təşəbbüs bitərəflər qrupundan gəldi və nəhayət dekabrın 2-də MM-in xüsusi plenar iclasında çoxluq lehinə olmaqla dövlət başçısına parlamentin buraxılması ilə bağlı müraciət olundu. Müraciətdə qeyd edilir ki, Azərbaycan Respublikasında həyata keçirilən köklü islahatlar son dövrdə keyfiyyətcə yeni mərhələyə qədəm qoyub: “Nazirlər Kabinetində, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, məhkəmə hüquq sistemində, regional idarəetmə orqanlarında, ümumiyyətlə dövlət və cəmiyyət həyatının bütün sahələrində aparılan struktur və kadr ishalatları ictimiayyət tərəfindən rəğbətlə qarşılanmaqdadır. Bu islahatların daha da sürətləndirilməsi, bütün dövlət hakimiyyəti qollarını əhatə etməsi üçün Milli Məclisin də fəaliyyətinin təkmilləşdirilməsinə, səmərəliliyinin artırılmasına, yenilənməsinə, ölkənin dinamik inkişafı və hərtərəfli dərin islahatlar strategiyasına uyğunlaşdırılmasına ehtiyac duyulur”.
Yeri gəlmişkən, artıq Konstitusiya Məhkəməsinin Plenumu parlamentin buraxılmasının qanunauyğunluğu ilə bağlı qərarını açıqlayıb. Qərarda bildirilir: “...Müasir demokratik cəmiyyət üçün parlamentin fəallığı böyük əhəmiyyət kəsb edir. Qabaqcıl və mütərəqqi hüquqi aktların qəbul edilməsi ölkədə ictimai münasibətlərin ədalət və hüququn aliliyi əsasında tənzimlənməsini təmin edir. Bu baxımdan, qanunvericinin üzərinə düşən vəzifələrin məhz ölkənin sürətli inkişafına cavab vərəcək şəkildə həyata keçirilməsi vacibdir...” Məhz bu amili nəzərər alan Plenum qərara alıb ki, Milli Məclisin 2 dekabr tarixli “Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə” qərarı və həmin qərar əsasında Milli Məclisin Azərbaycan Respublikasının Prezidenti tərəfindən buraxılması Azərbaycan Respublikası Konstitusiyasının 98.1–ci maddəsinə uyğun hesab edilsin.
İ.İsmayılbəylinin fikrincə, əgər doğrudan da hakimiyyət islahatlar kursuna sadiqdirsə, ölkədən mühafizəkar sistemin bütün qalıqlarını silib atmaq niyyətindədirsə, parlament seçkiləri də böyük ölçüdə demokratik şəkildə keçiriləcək: “Hakimiyyətin seçkilərə saxtakarlığa ümid edən, məddahlıqdan başa heç bir özəlliyi ilə seçilməyənlərlə deyil, namizəd olduğu bölgədə tanınan, insanların inamını, hörmətini qazanan, seçicilərdən səs ala biləcək şəxslərlə qatılması bunun ilk göstəricisi olacaq.
İslahatların dərinləşəcəyinə dair bəyanatlar proseslərin təxminən bu istiqamətdə davam edəcəyinə, Milli Məsclisin tərkibində əhəmiyyətli dəyişikliklərin olacağına ümid yaradır. İqtidar deputatlarının nüfuzlu şəxslərdən təşkil edilməsi, müxalifətin Milli Məsclisə buraxılması Azərbaycanda siyasi mübarizənin meydanlardan parlament divarlarının arasına keçməsinə gətirib çıxarar. Əlbəttə, burada əsas məsuliyyət və görüləcək işlər hakimiyyətin yeniləşən komandasının, o cümlədən yeni güc nazirlərinin üzərinə düşür. Ancaq müxalifətin də münasibətlərin sivil müstəviyə daşınması üçün atmalı olduğu addımlar az deyil. Hakimiyyətə qarşı düşmənçiliyə söykənən təbliğatdan imtina olunması, “söyüş müxalifəti”, silahlı inqilaba çağıranlarla hər hansı bağlılığın olmadığının rəsmən bəyan edilməsi, qisasçılıq mövqeyində olanlarla yolların ayrılması, aparılan islahatlara, kadr dəyişikliklərinə obyektiv qiymət verilməsi bu istiqamətdə müxalifətdən gözlənilən addımlardır.
Qəbul və etiraf etmək lazımdır ki, məhz Prezident Əliyev və onun ən yaxın silahdaşı xanım Əliyevanın apardıqları ağıllı siyasət nəticəsində Azərbaycanda uzun illər ərzində mövcud olan və ölkənin əsas probleminə çevrilən bir sistem sıradan çıxarılmaqdadır. Belə demək mümkünsə, Azərbaycanda hakimiyyətin içəridən dəyişilməsi prosesi gedir. Ölkə rəhbərliyinin nəzarəti altında hakimiyyət mühafizəkarlardan alınaraq, yeni təfəkkürlü gənclərə ötürülür. Yəni, tez-tez vurğulandığı kimi, ölkədə “yuxarıdan inqilab” baş verməkdədir. Ölkənin işıqlı gələcəyi üçün bu prosesin uğurla başa çatması çox əhəmiyyətlidir. Prosesin önünü kəsə biləcək bütün addımlardan qaçmaq, qansız-qadasız başa çatdırılmasına dəstək vermək zəruridir. Azərbaycan dövlətinin bu günü və gələcəyi naminə…”
Həbibə ABDULLA
P.S. Yazı “SƏLİS Jurnalist” müsabiqəsinə təqdim olunur.