Sığorta şirkətləri mənzillərin sığortalanmasından 55 milyon qazanacaq, bəs vətəndaşlar? - ŞƏRH




2020-ci il yanvar ayının 1-dən etibarən evlərin məcburi sığortalanması ciddi nəzarətə götürüləcək.



"İcbari sığortalar haqqında” qanuna görə, daşınmaz əmlakın sığortalanması məcburidir və bura obyektlər, inzibati binalar, yaşayış sahələri aiddir. Bu məsələ "İcbari sığortalar haqqında” qanunda çoxdan nəzərdə tutulsa da, indiyədək bunun üzərinə o qədər də ciddi gedilmirdi. Çünki nəzarət mexanizmi tam formalaşmamışdı və bu, mümkün deyildi. Yalnız bir halda – notariusdan keçəndə evləri sığortalamağa məcbur edirdilər. Notarius vasitəsilə evlər alınıb-satılanda, girov qoyulanda və yaxud digər formada əməliyyat aparılanda evlərin məcburi şəkildə sığortalanması tələb edilir və onda evlər sığortalanırdı.

İndi isə nəzarət etmək üçün məlumat bazalarının inteqrasiyası prosesi gedir, sistemlər birləşdirilir. Sistemlərin birləşdirilməsi üçün işlər bu ilin sonunda başa çatacaq. Ona görə də bu sistem gələn ildən işə düşəcək. Yeni sistemdə İcbari Sığorta Bürosunun bazasında "kupça”sı olanlar görünəcək və bilinəcək ki, hansı mənzilin sığortası var, hansının yoxdur. Əgər mənzilin sığortası yoxdursa, avtomatik olaraq həmin şəxsin mailinə və yaxud telefonuna mesaj göndəriləcək. Bu sistemin qurulması prosesi ilin sonunadək başa çatacaq və 2020-ci il yanvar ayının 1-dən etibarən evlərin məcburi sığortalanması ciddi nəzarətə götürüləcək.

Sığortanın qiymətlərinə gəlincə, Bakıda mənzilin birinin sığortalanması illik 50 manat, böyük şəhərlərdə illik 40 manat, rayonlarda isə illik 30 manatdır. Bakıda 50 manatın müqabilində maksimum 25 min manatlıq sığorta ödənişi ola bilər. Böyük şəhərlərdə 40 manatın müqabilində maksimum 20 min manat, rayonlarda isə 30 manatın müqabilində maksimum 15 min manat sığorta ödənişi ola bilər. Məsələn, Bakıda ev 50 manata 1 il müddətində sığortalanıbsa, hadisə baş versə, evin sahibinə maksimum 25 min manatadək ödəniş ola bilər.

Daşınmaz əmlakın aşağıdakı hallar nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur: yanğın; elektrik naqillərində baş verən qısa qapanma; su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma; təbii fəlakətlər və s. Məsələn, qonşu mənzildən su axıb sizin mənzilinizin təmiri korlanıbsa, sığorta şirkəti bunu təmir edəcək.

Sığorta məsələsində təzə binalarla köhnə binaların heç bir fərqi olmayacaq. Sığortaya evin əşyaları daxil deyil, ancaq evin konstruksiyası aiddir. Lakin evini sığortalayan şəxs əlavə ödəniş etməklə əşyalarını da ayrıca sığortalaya bilər.

Mövzu ilə bağlı araşdırma apararkən maraqlı bir hesablamaya rast gəldik. Hüquqşünas Fərhad Mehdiyevin bu istiqamətdə apardığı hesablamaya görə, sığortanın bu növündən sığorta şirkətlərinin qazancı təxminən 55 milyon manat olacaq: "Ölkədə təqribən 2 milyon mənzil var. Azı 80 milyon daxilolma olacaq. 2018-ci ildə 1336 mənzildə yanğın olub. Buna da təxminən 25 milyon ödəniş nəzərə alınsa yerdə qalır 55 milyon. Bu o deməkdir ki, sığorta şirkətlərinin qzancı 55 milyon edəcək”.

Qanunvericilikdə xeyli müddətdir əksini tapan, lakin bu və digər səbəblərdən indiyədək reallaşdırılmayan bu sığorta növü insanlarda narazılıq yaradıb. Bir çoxları hesab edir ki, sığorta bazarında mövcud olan problemlərin fonunda sığortanın bu növü uğur qazanmayacaq, üstəlik, sektordan narazılıqların daha çox artmasına gətirib çıxaracaq. Misal kimi hazırda avtomobil sığortası ilə bağlı yaranan saysız-hesabsız mübahisələr göstərilir. Sığorta məsələləri üzrə ekspert Əli Əhmədov isə hesab edir ki, mənzil sığortası vacibdir. O, Qaynarinfo-ya açıqlamasında bildirdi ki, narazılıqlar olsa da, olmasa da, mənzil sığortası məcburidir, qanunidir, olmalıdır:

"Sadəcə, bizim insanlarda sığorta mədəniyyəti formalaşmayıb. Düzdür, evlərlər bağlı hadisə avtomobillərdə olduğu kimi tez-tez baş vermir, amma olanda da böyük miqyasda olur, bəzən insan birdən-birə bütün sərvətini itirir. Bunun üçün də ildə 30-50 manat ödəmək məqbuldur. Bütün dünya mənzil sığotasından istifadə edir”.

Ə.Əhmədovun sözlərinə görə, sığorta şirkətlərinin fəaliyyətində problemlərin olması danılmaz faktdır:

"Məhz elə daşınmaz əmlakın sığortası ilə bağlı ciddi problemlər var. Gedirlər evlərə çıxarışa baxmadan sığorta müqaviləsi imzalayır gəlirlər, hadisə baş verəndə də deyirlər, bu çoxdan olub. Düzdür, sığorta şirkətlərini aldatmaq istəyən ev sahibləri də olub, köhnə hadisəni yeni kimi qələmə verməyə cəhd edənlər də var, amma sığorta şirkətləri də işlərini düzgün qurmurlar. Sığorta müqaviləsi bağlanmazdan öncə evin vəziyyətinə baxılmalı, fotoları çəkilməlidir ki, sonradan belə problemlər çıxmasın. Yəni imtina üçün mənasız səbəblər aradan qalxmalıdır. Məsələn, bir şirkət bu yaxınlarda elan edib ki, evlə bağlı sığorta hadisəsinin nədən baş verdiyini tapa bilmədiyimiz üçün imtina edirik sığorta haqqını ödəməkdən. Necə yəni tapa bilmirik? Nədən olur-olsun hadisə baş verib, sığorta ödənməlidir”.

Ekspert qeyd etdi ki, mənzillərin məcburi sığortasına başlamaqla bərabər, paralel olaraq sığorta bazarında islahatlar aparılmalıdır:

"Heç bir sığorta şirkəti müstəqil ekspertlərlə işləməkdən imtina edə bilməz. Şirkətlərin buna yol vermələrini aradan qaldırmaq lazımdır. Əsas məsələlərdən biri ondadır ki, şirkətlər bəzən gedirlər sahibkarların üzərinə daşınmaz əmlakın sığortası üçün, amma əmlak qiymətləndirilməmiş olur, şirkət də sahibkara deyir, qiymətləndirmə al, sığortalayaq. Belə olanda sahibkar 100 minlik obyekti məsələn 300 manata sığortalamalıdır, bunu etmək istəmir, obyekti 30 minlik göstərir. Şirkət də bundan imtina etmir, çünki bilir ki, sahibkar onsuz da başqa şirkətdə bunu edəcək. Bu, son nəticədə 100 minlik obyekti 30 minlik kimi sığortalayır, sabah hər hansı ziyan dəyəndə sahibkar deyir 30 minimi ver, şirkət isə deyir ki, yox, sən obyektin 30 faizini sığortalamısan, biz də sənə 30 faiz sığorta veririk. Belə mübahisələr çox olur. Hadisə baş verənə qədər sığorta şirkəti günahkardır, hadisədən sonra isə yox. Bunun üçün qiymətləndirici ekspert olmalı, o obyekti qiymətləndirmə edib imza atmalıdır, ondan sonra nə sığorta, nə də əmlak sahibi məbləği azalda bilməz. Üçüncü məsələ sığorta bazarından deyil, sığortaya təsir edən başqa məsələ haqdadır. Məsələn, FHN açıqlama verib deyir ki, bəzi obyektlər təhlükəsizlik məsələlərinə cavab vermir. Açıqlasınlar bu siyahını. Hansı obyektlər təhlükəsizlik tələblərinə cavab vermir və niyə indiyə kimi işləyir? Bir hadisə də baş verəndə deyirlər, biz xəbərdarlıq etmişdik. Sahibkarın nə vecinədir xəbərdarlıq? Gətir obyekti bağla, məcbur olub gedib təhlükəsizlik tədbirlərinə əməl etsin. Xüsusilə FHN bu məsələdə çox ciddi olmalıdır, iş prinsiplərini kəskin dəyişməlidir. Çünki elə hallar olur ki, sığorta şirkətləri sahibkarların sığorta istəklərini rədd edirlər, deyirlər, təhlükəsizlik tədbirləri yoxdur”.

Qaynarinfo-nun İqtisadiyyat şöbəsi



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu