Prezidentin tövsiyələri “Azərenerji” üçün örnək olmadı? - ŞƏRH




Ötən ilin sonlarında mediada ciddi müzakirə olunan mövzulardan biri də “Azərenerji” ASC-nin Xaçmazda yerləşən modul elektrik stansiyasında istixana quraşdırılması ilə bağlı məsələ idi. Bildirilirdi ki, qurumun işçilərinə də Yeni il münasibətilə pomidor “hədiyyə” edilib. Məsələdə daha çox diqqət çəkən ASC-nin stansiya ərazisində istixana quraşdırması və bununla bilavasitə özünün məşğul olmasıdır. Bu, ölkə qanunvericiliyinə zidd olmaqla yanaşı, ölkə rəhbərinin sahibkarlığa şərait yaradılması ilə bağlı dönə-dönə verdiyi tapşırıqlara da əks çıxmaqdır desək, yanılmarıq.



Lakin maraqlıdır ki, qurumun sözçüsü Teymur Abdullayev mediaya açıqlamasında faktı nəinki təkzib etdi, əksinə, bunun gerçək olduğunu bildirdi və “Azərenerji” rəhbərliyini qınayanları qınadı: "Azərenerji" İstilik Elektrik Stansiyaları var və orada elektrik enerjisi istehsal olunarkən yaranan istilikdən faydalanmağın nəyi pisdir? Onsuz da həmin istilik alınır və onu boşuna havaya buraxmaqdansa, istixanalara yönəldib, pamidor yetişdirmək və sonra da onu işçilərə paylamaq sizcə pis haldır? "Azərenerji" daxili imkanlardan faydalı istifadə edib yetişdirilən məhsulu bazara çıxarıb satmır ki, təmənnasız işçilərinə paylayır. Niyə buna belə mənfi don geyindirirlər”.

İqtisadçı ekspert Nazim Bəydəmirli AFN-ə açıqlamasında bildirdi ki, İES-lərin yanında əlavə enerjini faydalı işə çevirmək təcrübəsi bütün ölkələrdə var: “Amma təbii ki, bunlar hamısı qanun çərçivəsində olmalıdır. “Azərenerji”nin özünün bu işlə məşğul olması anormallıqdır. Digər ölkələrdə bunu təklif edirlər rəqabətli mühit şəraitində bu sahə ilə məşğul olan şəxslərə. Yaranan məhsul satılır və müqavilə əsasında gəlir daxil olur həmin dövlət şirkətinin, yaxud özəl stansiyanın hesabına. Özəl stansiya olsaydı yenə heç bir problem yox idi. Bu, enerji qaynaqları çox olan ölkələrdə geniş yayılmış təcrübədir. “Azərenerji”nin özünün qeyri-şəffaf olması, dövlət satınalmalarında adının neqativlərlə hallanması, ASC rəhbəri Baba Rzayevin ailə şirkətlərinin tenderlərdə qanunsuz iştirakı ilə bağlı məlumatların yayılması ictimaiyyətdə kifayət qədər haqlı suallar doğurur ki, bu işi bunlar doğrumu görürlər. Biz bu hallarla çox rastlaşırıq ki, dövlət resursları hesabına şəxsi biznesini inkişaf etdirmək, qeyri-leqal biznes fəaliyyəti ilə məşğul olmaq ənənəyə çevrilib. Hesab edirəm ki, dövlət resurslarından istifadə edib varlanmaq ənənəsinə son qoyulmalıdır. Bazar iqtisadiyyatında hər şey şəffaf olmalıdır. Gəlirlər və xərclər haqqında qanunvericiliyə uyğun olaraq həm daxili, həm xarici auditi dəvət etməklə bu və ya digər formada fəaliyyətlərinin şəffaflığı haqqında ictimaiyyətə məlumat verməlidirlər. O zaman bu suallar onlar üçün ironiyaya çevrilməz. Ölkə başçısının müəyyən tövsiyələri var. İqtisadiyyat nazirini qəbul edərkən açıq mətnlə məmurların şəxsi biznesləri və onların vergidən yayınmaları haqqında sərt fikirlər bildirdi. Bu, bir siqnal olmalıdır hamı üçün ki, dövlətin onlara verdiyi vəzifə onlar üçün qanunsuz varlanma mənbəyi olmamalıdır. Yoxlayıcı orqanlar da diqqətli olmalı, şəxsi və yaxud hansısa maraqlar üzündən nöqsanları ört-basdır etməməlidirlər”.

FƏRİDƏ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu