FED-in qərarının neft birjalarına pozitiv təsirini gözləməyə dəyməz: ARDNF aktivləri üçün ciddi təhlükə




“1973-cü ildən bəri FED-in bütün faiz qərarlarının xronologoyasından görünür ki, son 47 illik tarixdə belə sürətli faiz endirimi 2008-ci ildə olmuşdu”.



AFN.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Rövşən Ağayev ABŞ Federal Ehtiyat Sisteminin (FED) uçot dərəcəsini kəskin endirmək qərarını şərh edərkən deyib. Onun sözlərinə görə, həmin vaxt uçot dərəcəsi yanvar-dekabr ayları ərzində 3.5 faizdən 0.25 faizə qədər azaldılmışdı. 2020-ci ilin ilk 3 ayında isə 1.75 faizdən sıfırlandı: “Son faiz endirimilə FED öz portfelini 700 milyard dollardan bir qədər çox artırmağa qərar verdi. Bu məbləğin 500 milyard dolları xəzinə istiqrazlarına, 200 milyard dolları aşan hissəsi isə ipoteka qiymətli kağızlarına yönəldiləcək.
Böyüyən portfeldə xəzinənin üstün paya malik olması onu göstərir ki, ABŞ hökuməti böhrana qarşı fiskal siyasət alətlərini daha da fəalllaşdıracaq. Bu addım ABŞ iqtisadiyyatını qlobal ressesiyadan maksimum az itkilə çıxarmağı hədəflənsə də, əvvəlki böhranlardan fərqli olaraq monetar alətlərin təsirinin əhəmiyyətli olacağına ümid çox azdır. Çünki hazırkı böhran bir tərəfdən maliyyə böhran deyil, digər tərəfdən tələb məhdudluğundan qaynaqlanan iqtisadi daralma deyil”.
Ekspertin sözlərinə görə, qlobal miqyas alan təhülkəli epidemiya təklif böhranı yaradıb: “İstehsal və xidmət sahələri öz fəaliyyətlərini dayandırmağa, satışlarını kəskin ixtisar etməyə məcbur qalıblar. Ölkələrarası insan axınının tam dayanması turizm və ticarət sektorunu, beynəlxalq nəqliyyat şəbəkəsi tamamilə iflic edib.Təkcə bu fakta diqqət yetirmək kifayətdir ki, Çində fevral ayında avtomobil satışı 79 faiz azalıb. Artıq ABŞ iqtisadiyyatında birinci rüb üçün iqtisadi artımın 0 həddə düşəcəyi realdır.
Avropa iqitisadiyyatı üçün 2020-ci ildə iqtisadi azalma proqnozlaşdırılır. Qlobal iqtisadiyyatda kəskin enişin neftə gündəlik qlobal tələbatın 10 milyon barrelədək azalacağıilə bağlı gözləntilər var. Bu baxımdan FED-in son qərarının neft birjalarına pozitiv təsirini gözləməyə dəyməz”.
Qeyd edək ki,JP Morgan bankının iqtisadçıları yaxın zamanlarda inkişaf etməkdə olan bəzi ölkələrin ödəmə qabiliyyətini itirəcəyini, yəni defoltla üzləcəyini bildirir.
Bank iqtisadçıları xəbərdarlıq edib ki, bu ölkələrin borc kağızlarına investisiya edən investorlar nəzərə alsınlar ki, sərmayələrini geri almaqda problemlərlə üzləşə bilərlər. Təhlilçilər potensial risk altında olan inkişaf etməkdə olan ölkələrin adını çəkməyiblər.
R.Ağayevin fikrincə, bu xəbərdarlıq Dövlət Neft Fondunun aktivləri üçün daha bir təhlükə mənbəyinin formalaşması deməkdir: “Böhranın olmadığı sakit dövrlərdə bəlkə də Neft Fondunun fəaliyyəti bizə kafi dərəcədə şəffaf görünə bilər - ən azından ümumi göstəricilər əsasında gəlir və xərlərinin strukturunu, aktivlərinin həcmini və strukturunu, yatırımlarının coğrafiyasını müntəzəm açıqlayır.
Lakin belə böhran dövrlərində bəlli olur ki, müstəqil təhlillərin aparılması, alternativ analizlərin hazırlanması, risklərə allternativ eynəkdən baxmaq üçün həmin hesabatlılıq daha detallı olmalıdır. Məsələn, Fond 5 daşınmaz əmlaka 1.5 milyard dollar sərmayə qoyub. Bu məsələdə açıqlanan informasiya daha detallıdır - həmin əmlakların alındığı ölkə, hətta yerləşdiyi küçə barədə detallı informasiyalar var.
Lakin eyni yanaşmanı istiqrazlar və pul bazarı alətlərilə bağlı görmək olmur. Bu aktivlərin konkret ölkələr üzrə dəyəri və növləri barədə məlumat əlçatan deyil -regionlar üzrə (məsələn, Avropa, Şimali Amerika) və inkişaf səviyyəsinə görə (inkişaf etmiş və inkişaf etməkdə olan) açıqlanır.
Məsələn, 2019-cu ilin yekunlarına görə, Fondun cəmi aktivlərinin 58.7 faizi Şimali Amerika və Avropa regionunun, eyni zamanda 63.2 faizi inkişaf etmiş, 32 faizi isə inkişaf etməkdə olan ölkələrin payına düşüb.
Göründüyü kimi, inkişaf etməkdə olan ölkələrə düşən aktivlərin həcmi heç də az deyil. Əlavə olaraq, istiqraz və pul bazarı alətlərinin 12 faizi aşağı reytinqli (10.5 faiz BBB, 1.4 faizi qeyri-inevstisiya reytinqli) qiymətli kağızlara yatırılıb”.
Ekspert bildririr ki, normal iqtisadi şərtlərdə risk menecmenti baxımından Fondun investisiya siyasətinin nə dərəcədə effektiv qurulduğunu söyləmək çətinlik yaradırdı: “Amma ən azından inkişaf etməkdə olan bazarların, eləcə də aşağı reytinqli borc kağızlarına qoyuluşların seçimi zamanı risk menecmentinin effekti özünü göstərəcək - amma bir şərtlə, gərək Fond bundan sonrakı hesabatında daha şəffaf olsun, akitvlərin dəyərinin dinamikasında baş verən dəyişiklikləri alətlər və ölkələr üzrə təqdim ettsin”...

AFN-in İqtisadiyyat şöbəsi



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu