Banklar nədən adi adamların beş manatını görür, məmur milyonlarını yox? - Ekspert


"Birinci növbədə banklar Maliyyə Monitorinq Xidmətinə məlumat verməkdən qorxur və çəkinir".



Bunu Qaynarinfo-ya açıqlamasında hüquq müdafiəçisi Əkrəm Həsənov Maliyyə Monitorinqi Xidmətinin sabiq KİVDF sədri Vüqar Səfərlinin bank hesabına yatırdığı 5 milyon 796 min manat ilə bağlı susqunluğunu izah edərkən deyib. Əkrəm Həsənov hesab edir ki, brinci növbədə Vüqar Səfərlinin həmin pulun hamısını öz adına qoyub-qoymadığı aydınlaşdırılmalıdır:

"Adətən məmurlar qazandıqları pulları banklara əmanət kimi qoyanda öz adlarına yerləşdirmirlər. Yəni, qohum, tanış, dost və ailə üzvləri... Amma hər bir halda Vüqar Səfərli bu pulu öz adına yerləşdiribsə, necə savadsız və tədbirsiz adamdır. Digər tərəfdən hətta qohum adına olsa da belə, xeyli puldan söhbət gedir. Maliyyə vəsaiti 20 mindən çox olanda bank mütləq Maliyyə Monitorinq Xidmətinə məlumat verməlidir. Həmin xidmət artıq məsələni araşdırmalıdır ki, bir şəxsdə bu qədər pul haradandır? Lazım gələrsə, hüquq-mühafizə orqanlarına məlumat verməlidir. Amma mən dəfələrə demişəm ki, Azərbaycanda Maliyyə Monitorinq Xidməti elə yarandığı gündən heç bir fəaliyyəti yoxdur. İndiyə kimi Azərbaycanda çirkli pulların yuyulmasına görə heç kəs məsuliyyətə cəlb edilməyib".

Hüquq müdafiəçisi bildirib ki, Azərbaycanda korrupsiya anormal yox, əslində normal haldır:
"Hamı buna öyrəşib, bankların özü və Maliyyə Monitorinq Xidməti də... Xüsusən söhbət dövlət qurumunun rəhbərindən gedirsə, onlar belə də fikirləşir ki, pul bunda olmayanda kimdə olsun? Onların ailə üzvləri də banka pul qoyanda fikirləşirlər ki, pul kimdə olmalıdır ki? Adi insan isə banka gedəndə onlar şübhələnir ki, hardandır bunda pul? Dövlət məmuru banka pul qoyanda isə ona normal baxırlar. Xaricdə, inkişaf etmiş ölkələrdə isə bunun əksidir, orada adi insan, sahibkar banka pul qoyanda çox normal qarşılayırlar, ancaq bir vəzifəli bunu edərsə, dərhal şübhələnirlər".

Əkrəm Həsənov qeyd edib ki, dövlət məmurunun maaşı sabitdir:

"Dövlət məmurunun gəliri hardan ola bilər? Bizneslə məşğul olmur, onda bu qədər pul hardan olsun? Azərbaycanda korrupsiya adi haldır. Məsələn, "Azərxalca", istərsə də Vüqar Səfərli ilə bağlı maliyyə yeyintisi açıqlananda hamı fikirləşir ki, "əşi, nə azdır, bu lap əfəlmiş ki. Bunun qazandığı elə bu qədərdir?” Hamı düşünür ki, bu səviyyəli dövlət məmurlarının mütləq əksəriyyətində vəziyyət belədir. Talayıb, oğurlayıb, xaricdə mülk alıb, banklara pul qoyur, buna adi hal kimi baxırlar. İctimai nəzarət olmadığı üçün banklar qoyulan vəsaitlərlə bağlı aidiyyatı quruma məlumat vermir. Qorxur ki, müştərilərini itirə bilər və o zaman banka heç kəs pul qoymaz. Bax, budur problem".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu