Kürlə Xəzərin qovuşmasında nə baş verir? - MÜZAKİRƏ


Xəzərin suyunun Kürə daşması çayın əhatə etdiyi ərazilərdə ciddi problemlər yaradıb. Artıq dəniz suyu Kür çayında 40 km irəliləyib, su soranlaşıb. Nəticədə Neftçalada ekoloji fəlakət təhlükəsi var, rayonun Mayak, Şirvanlı, Kürkəndi, Bankə, Tatarməhlə, Mirqurbanlı və ümumilikdə, 15 yaşayış məntəqəsində su problemi var.


Ekspertlər də həyəcan təbili çalırlar. İqtisadçı Natiq Cəfərli bildirib ki, Kürün deltasında yaranan problemləri həll etmək üçün son illər büdcədən on milyonlarla pul ayrıl: “Kürün su resurslarının vəhşicəsinə istismar edilməsi, hökumətin bacaraqsızlığı, korrupsiya Kür deltası problemini 25 ildir həll etməyə mane olur. Kəndləri subasmadan qorumaq üçün deltanı təmizləyərkən elmi yanaşma olmadı, hesablamalar səhv aparıldı, indi həm buna, həm də Kürün suyu azaldığına görə Xəzərin suyu çaya qarışır, unikal ekosistem məhv olmaq təhlükəsi ilə üzləşir. Bu çox ciddi problemdir, ağılla, elmi yanaşma ilə təcili həll edilməlidir!”

Mövcud vəziyyətlə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaydığı məlumatda bildirilir ki, Kürün aşağı axımında suyun duzluluğunun artması ilə bağlı müxtəlif fikirlər irəli sürülür, onlardan biri də qrunt sularının qalxmasıdır. Lakin son 10 gündə Neftçala rayonunda cəmi bir gün 3 mm yağıntının düşməsi qeydə alınıb. Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Rafiq Verdiyev bildirib ki, dəniz səviyyəsi isə keçən ilin aprel ayı ilə müqayisədə 18 sm aşağıdır və bunu nəzərə alaraq son günlərdə qrunt sularının təsiri nəticəsində duzluluğun artması ehtimalı yüksək deyil: "Lakin digər meteoroloji amillərin təhlili göstərir ki, aprelin birinci ongünlüyü küləkli hava şəraiti ilə səciyyələnib. Belə ki, ongünlüyün 7 günü küləyin sürəti 13 m/s-dən çox, 2, 5, 6, 7, 9 və 10 apreldə 16-18m/s, arabir 22-28m/s çatıb. Eyni zamanda Neftçalada külək davamlı olaraq əsasən şərq, şimal-şərqdən əsib”. Xidmət rəsmisinin sözlərinə görə, Kürün sululuğunun ümumiyyətlə normadan az olması onun axarının sürətinin azalmasına, bu da öz növbəsində küləyin gücləndiyi zaman dəniz suyunun çayın məcrasına daxil olmasına səbəb olur: “İqlim dəyişmələri fonunda biz çaylarımızın suyunun azalmasını qeyd edirik ki, bu da sudan qənaətlə və səmərəli istifadə olunmasına bir işarə olmalıdır. Məlumat üçün bildirim ki, Kür-Surra məntəqəsində keçən ilin müvafiq dövrü ilə müqayisədə səviyyə 10 sm, Kür-Bankə məntəqəsində (Neftçala) 37 sm aşağıdır. Lakin temperaturun yüksəlməsi ilə əlaqədar yüksək dağlıq ərazilərdə qarın tədricən əriməsi və gözlənilən yağıntılı hava şəraiti ilə bağlı yaxın günlərdə Kür çayına tökülən çaylarda sululuğun artımı gözlənilir. Nəticədə Kür çayında və Kürün aşağı axınında sululuğun artımı proqnozlaşdırılır”.
Ekoloq Telman Zeynalov AFN-ə açıqlamasında bildirdi ki, son dövrlərdə Azərbaycan ərazisində quraqlıq keçirdi, yağıntıların miqdarı 60-70 faiz azalmışdı: “Hətta ötən il Kür qurumuşdu və suyu dala çəkildi. İki ildir ki, bu proses davam edur. Söhbət ondan gedir ki, Kür Türkiyə ərazisində formalaşır. Kürün suyunu Türkiyə, Gürcüstan və Azərbaycan suvarma üçün istifadə edir. Kür gəlib Xəzərə çatmır. İkincisi də Xəzərin suyu Kürü basır, əgər Xəzər quruyursa necə olur Kürü basır? Fikrimcə, bunu elmi cəhətdən araşdırıb dəqiq məlumat çatdırmaq lazımdır. Düzdür, hardansa 40 kilometr Xəzər Kürü basıb daxil olur, ərazini şoranlaşdırır, içməli su axtarırlar. Bunun üçün ölkə başçısına müraciət edib, artezian quyuları qazsınlar. Problemi desinlər və alimlər öyrənsinlər, yoxsa elmə pul vermək istəmirlər? Bunu açıq desinlər”. Ekoloqun sözlərinə görə, mövcud problemi aradan qaldırmaq olar, sadəcə kimsə onu etmək istəmir: “Dövlət vəsait ayırır, kimlərə ayrıldığını, onu televizorda elan etsinlər, şəffaflıq deyil? Prezidentin sərəncamı ilə hər nazirlikdə QHT-lər formalaşıb. Onlar da çıxış etsinlər, desinlər ki, gedib öyrəndim. Mütəxəssis cəlb etsinlər, çünki mütəxəssis olmayan yerdə xeyri yoxdur. Vəsait ayrılacaq, o da batacaq, çünki nəzarət yoxdur. Sovet dövründə nəzarət təşkilatı var idi, bununla bağlı çox adamın “başı ağrıyırdı”. Ancaq indi müstəqillik əldə etmişik, nəzarəti rədd ediblər. Yalnız özləri haqqında deyil, gələcək nəsil haqqında da fikirləşməlidirlər”.

NİGAR



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu