Qarabağda antiterror əməliyyatı - Brayzadan ŞOK AÇIQLAMALAR


Keçmiş səfir terrorçuların da son nəfərinədək zərərsizləşdirilməsini zəruri sayır



ABŞ-ın ölkəmizdəki sabiq səfiri Metyu Brayzanın REAL TV-yə müsahibəsini izlədim, maraqlı idi. Amerikalı diplomat bu dəfə açıq danışdı, hətta “Azərbaycan Qarabağda antiterror əməliyyatı keçirmək hüququna malikdir”, söylədi. Cənab Brayzanın həmsədrlik etdiyi dönəmdə səsləndirdiyi fikri xatırladım. O zaman torpaqların illərdir erməni işğalında olduğuna diqqət çəkib, dolayısı ilə Azərbaycana reallıqları nəzərə almağı tövsiyə etmişdi və rəhmətlik Vəfa Quluzadə onun bu sözlərindən çox əsəbləşmişdi.

İllər keçəndən sonra amerikalı həmsədr və diplomat tam beynəlxalq hüquqa istinadən mövqe ortaya qoyur, təbii ki, təqdir olunasıdır. Şübhəsiz ki, Metyu Brayzanı o zaman obyektiv olmağa qoymayan şərtlərdən biri dövlətinin ikili standartları idisə, digəri daşıdığı vəzifə idi. Onu da xatırlayıram ki, səfir səlahiyyətlərini başa vurub, vida görüşü keçirərkən “ABŞ kimi nəhəng dövlət niyə Azərbaycan kimi müttəfiqini incik salaraq işğalçı Ermənistana maliyyə yardımı edir”, sualına diplomatik cavab verən cənab Brayza tədbirin sonunda görüşərkən qulağıma “yaxşı sual idi”, deyib gülmüşdü.

Və budur, Brayza Azərbaycanın qələbəsini alqışlayır, üstəlik, Qarabağdakı terrorçuların da son nəfərinədək zərərsizləşdirilməsini zəruri sayır. Heç şübhəsiz ki, bu cür mövqelərin formalaşmasında Azərbaycan dövlətinin apardığı siyasətin də mühüm rolu oldu. İllər öncə atəşkəs pozulan kimi, “narahatıq” deyə, bəyanat verən mərkəzlər, nəhayət, anladılar ki, Azərbaycanın öz ərazilərini nə yolla olur-olsun azad etmək hüququ var və ona qarşı çıxmaq olmaz. Təsadüfi deyil ki, keçən ilin iyulunda Ermənistan Tovuz istiqamətində təxribatlar törədərkən ABŞ Konqresi Ermənistanı işğalçı dövlət kimi tanıyan qətnamə qəbul etmişdi. 1992-ci ildə Azərbaycana qarşı Azadlığı Müdafiə Aktına 907-ci düzəlişi qəbul edib, torpaqlarını işğaldan azad etmək istəyən ölkəyə sanksiya tətbiq edən Vaşinqtonun illərdən sonra nəhayət, Ermənistanı öz adı ilə çağırması təbii ki, asan olmadı. Azərbaycan dövləti düşmənə qarşı əks-hücum əməliyyatı aparmazdan əvvəl illər boyunca diplomatik sahədə hücum diplomatiyasını həyata keçirdi, düşməni aparıcı paytaxtlardakı yüksəkliklərdən endirməyi bacardı.

Azərbaycan XTQ-si Qarabağda antiterror əməliyyatına başlayır - Rusiyanın ictimai xadimi

Bir çoxumuz reallıqları nəzərə almadan “niyə bayrağımız Xankəndi, Xocalıda dalğalanmır”, sualını verirlər. Təbii ki, hər birimiz o günün arzusundayıq. Tam əminik ki, Şuşada bayrağımızı dalğalandıran müzəffər ordunun Ali Baş Komandanı hamımızdan çox istəyir bunu. Amma realist olmaqda fayda var. Axı “nəyin nə zaman olacağı” barədə deyilib.

Bu gün Qarabağdakı alban kilsələrini “erməni kilsəsi” kimi təqdim edib, ermənilərin oranı ziyarətinin dərdini çəkən qüvvələri görmürükmü? Hansı ki, onlar Qarabağda məhv edilmiş, yer üzündən silinmiş 67 məsciddən bir kəlmə danışmırlar. Təsadüfidirmi? Təbii ki, yox, bu, düşünülmüş, məkrli siyasətin, ikili standartların məntiqi nəticəsidir. Ermənilərə vaxt verdik ki, sakitcə evlərimizi tərk etsinlər, yandırıb getmədilərmi? Kim onların xətrinə dəyən bir açıqlama verdi? Yaxud ermənilər İrəvanda sərgi keçirməyə hazırlaşırlar, Şuşadan qənimət kimi aparılmış Azərbaycan xalçalarının sərgisini! Ancaq UNECKO-dan etiraz varmı? Yoxdur! Hansı ki, bu təşkilat neçə müddətdir Azərbaycanı müxtəlif bəhanələrlə günahlandırır. Hansı ki, Ermənistan dövlətinin yaxasından yapışmalıydı ki, “qaytar oğurladığın xalçaları!”

Yaxud güllələnmiş heykəllər Şuşaya qaytarılanadək hansı beynəlxalq təşkilatın nümayəndəsi gəlib Üzeyir bəyin, Natəvanın, Bülbülün tunc abidələri üzərindəki güllə yerlərinə baxıb, quruca etiraz bəyanatı verdi? Heç birisi.

Ən nəhayət, birinci Qarabağ savaşında Azərbaycanın 4 minə yaxın vətəndaşı əsir və itkin düşüb. Ermənistandan hesab istəməli olan qurumlar özlərini görməzliyə vurur. Keçən həftə Qarabağda kütləvi məzarlıq aşkarlandı. Məftillə bir-birinə bağlanmış insan sümükləri, içərisində uşaqların da olduğu məzarlıq… Dəhşətli mənzərədir. Ancaq bütün bunlar erməni faşizminə bəraət donu geyindirməyə çalışan paytaxtların tükünü belə tərpətmir.

Erməni mediası Avropa Məhkəməsinin Kəlbəcər qaçqını olan azərbaycanlının şikayətini təmin etməməsi barədə xəbəri sevincək yayıb. Guya ki, prosedurlar pozulub, daha nə nağıllar. 1 milyon insanın həyatını alt-üst edən işğalçının dolayı şəkildə müdafiəsi deyilmi? Azərbaycandan bu quruma “çəpər davası” da göndəriləndə təmin olunur, maddi təzminatların sayı-hesabı yoxdur. Ancaq Ermənistana qarşı iddia qaldırılanda hansısa bəhanə tapılır. Niyə? Ermənistanın ödəməyə imkanı yoxdur, ona görə? Axı həmin Qərb dairələri idi on illərlə Ermənistanı və Qarabağdakı terrorçu-separatçı yığımını ayaq üstə saxlayırdılar. Müxtəlif “sosial layihə”lər adı altında terrorçu-işğalçı qüvvələrə pul ötürürdülər. “Maya”ları batıb, bikefdirlər. Eynilə erməni diasporu kimi…

Belə şərtlər altında, cəmi 44 günə Şuşaya gedib çıxmaq… Bunu təsəvvür etmək çox çətindir, amma reallıqdır! Qədrini bilək, həm qələbəmizin, həm qələbəyə imza atanların! Həm də güvənək, inanaq ki, günün birində üçrəngi bayraq Xankəndinin mərkəzində dalğalanacaq. Qarabağ sakinlərinin üzərində Azərbaycanda doğulduğunu təsdiqləyən şəxsiyyət vəsiqəsini gəzdirməsi sadə məsələ deyil. Addım-addım növbəti qələbələrə gedilir, siyasi-diplomatik yolla, həm də. Alınmayacaqsa, antiterror əməliyyatı qaçılmaz olacaq. Bu reallığa da dünyanı hazırlamaq lazımdır ki, sonra əsgərimizin zəfərinə kölgə salmasınlar, problem yaratmasınlar.

“Sülhməramlı” adlı qüvvəyə Azərbaycan hakimiyyəti də ehtiyac duymurdu illər boyunca. Reallıq bunu diktə etdi. Amma dövlətimizin başçısı xəbərdarlığını edib bir neçə dəfə, nəticə çıxartmalıdırlar, əks halda…Sülhməramlılar bilməlidir ki, Azərbaycan ərazisinə kimsənin qanunsuz daxil olması yolverilməzdir və dövlətimizin qanunlarına hörmət olunmalıdır! Budur, Daxili İşlər Nazirliyi xəbər yayıb ki, martın 3-ü gecə saat 4 radələrində polis əməkdaşlarının və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən Füzuli rayonunun işğaldan azad olunmuş kəndlərinə nəzarət postlarından kənar yollarla daxil olmağa cəhd göstərən 7 avtomobildə olan 11 nəfər saxlanılıb və aidiyyəti üzrə Füzuli RPŞ-yə gətiriliblər. Qayda pozuntusuna yol vermiş həmin şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb. Əgər Azərbaycan qanunları azərbaycanlılara şamil olunursa, o halda erməni nə haqla özbaşınalıq edir, buna o haqqı kim verib?

Başqa bir misal, dünən Xətai rayonunda bir qurumuş ağacın kəsilməsi ilə bağlı geniş müzakirələrə qulaq asdım. Vətəndaşlar rəsmi quruma müraciət edirdi ki, ağac təhlükə yaratdığı üçün onu kəssinlər. Məlumdur, özləri kəssə, külli miqdarda cərimələnəcəklər. Ancaq bir neçə gün əvvəl oxuduq ki, ermənilər Laçın dəhlizi boyunca ağacları kəsib Xankəndiyə, İrəvana daşıyır. Azərbaycan Prezidenti ailə üzvləri ilə birgə Zəngilanda ağac əkdi, 500 minədək ağac tingi əkiləcək, ermənilərin məhv etdiyi meşəliklərin əvəzində…

Beləcə, biz əkirik, ermənilər kəsir, özü də Laçın dəhlizində, sülhməramlıların gözü qabağında. Erməni olmaq üstünlük deyil, onların nazı ilə də bundan sonra kimsə oynamayacaq, bilsinlər! Qarabağ hərəkatı Topxana meşəsinin qırılması ilə başlamışdı. Bu dəfə antiterror hərəkatı başlaya bilər bu qədər özbaşınalıqların qarşılığında. Brayza demişkən… musavat.com



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu