Ali məktəblərin boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub


Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbulun nəticələri elan olunub.



Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, abituriyentlər (həmçinin subbakalavrlar) müsabiqənin nəticələri haqqında məlumatı DİM-in internet saytından, eləcə də mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə "iş nömrəsi"ni və ya elektron ixtisas seçimi ərizəsindəki "7 rəqəmli kod”u 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək üçün 23465 şəxs ixtisas seçimi edib. Müsabiqə nəticəsində ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə 1193 nəfər (o cümlədən 1097 nəfər subbakalavr), tam orta orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə isə 10622 nəfər qəbul olub.

Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun nəticələrinə əsasən, plan yerləri 99.47% dolub. Cəmi 57 yer (0.53%) boş qalıb. Bu yerlər də xüsusi qabiliyyət imtahanı tələb edən ixtisaslara aiddir.
Oktyabrın 6-da ali təhsil müəssisələrinin boş qalan (vakant) yerlərinə qəbul olanların siyahısı "Abituriyent” jurnalının 9-cu sayında, tam orta orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olanların siyahısı isə Abituriyent” jurnalının 10-cu sayında (hər iki jurnal elektron versiyada, pdf şəklində) dərc olunacaqdır.

Ali təhsil müəssisələrinin boş qalan (vakant) yerlərinə qəbul olan abituriyentlər, cümlədən orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlər oktyabrın 6-dan 12-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Abituriyentlərin qəbul olunduqları təhsil müəssisələrində qeydiyyatı onlayn qaydada həyata keçirilir.

Abituriyentlər təhsil müəssisələrinin internet saytlarının müvafiq bölmələrinə daxil olmaqla, qeydiyyat üçün tələb olunan sənədlər və onlayn qeydiyyat forması ilə tanış ola biləcəklər.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri təhsil müəssisəsinə göndərilməyəcək.

Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə ixtisas seçimi tarixləri haqqında məlumat veriləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu