Bu gün Ümumdünya QİÇS-lə Mübarizə Günündür


1 dekabr tarixində bütün bəşəriyyətin qeyd etdiyi Ümumdünya QİÇS-lə Mübarizə Günündə Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru vəzifəsini icra edən Esmira Alməmmədova müsahibə verib, ölkəmizdə bu xəstəliklə bağlı vəziyyətdən söhbət açıb.

İlk növbədə o, 2020-ci il bu günün "Beynəlxalq Həmrəylik, Ümumi Məsuliyyət" şüarı altında və COVID-19 pandemiyasının yaratdığı olduqca çətin bir şəraitdə qeyd olunduğunu qeyd edib. Daha sonra Esmira xanım vurğulayıb ki, Ümumdünya QİÇS-lə Mübarizə Günü Azərbaycan ərazilərinin işğalından azad olma tarixi dövr ilə təsadüf edir. O, COVID-19 pandemiyasının beynəlxalq səhiyyə sistemi üçün bir sıra qlobal problemlər yaratdığı bir dövrdə ölkəmizin Səhiyyə Nazirliyi tərəfindən görülən tədbirlərdən danışıb. Esmira xanım ölkəmizdə İİV-ə testləşmənin aparılmasının təşviqi, müalicənin əlçatanlığı və fasiləsiz təmin olunması, QİÇS-lə bağlı ölüm hallarının azalması və İİV-lə yaşayan insanlara qarşı damğa və ayrıseçkilik hallarının qarşısı alınması icrası üçün hər cür şəraitin yaradılmasını xüsusi vurğulayıb. Esmira Alməmmədovanın fikrinə görə, Azərbaycanda səhiyyə sisteminin təkmilləşdirilməsi və QİÇS-ə qarşı tədbirlərə kifayət qədər sərmayənin qoyulması son bir neçə onillikdə ölkəmizdə İİV infeksiyasının yayılması ilə bağlı vəziyyətin sabitləşdirilməsi üçün imkan yaradıb, indi isə COVID-19 virusuna qarşı mübarizə tədbirlərinə dəstəyi təmin edib.

Daha sonra Esmira xanım dünyada və Azərbaycanda bu xəstəliklə bağlı bəzi statistik məlumatları bölüşüb. Onun sözlərinə görə, Birləşmiş Millətlər Təşkilatının HİV / QİÇS üzrə Birgə Proqramına (UNAIDS) görə, hazırda dünyada 38 milyon HİV ilə yaşayan insan var. Bunlardan 1.8 milyonu 14 yaşdan kiçik uşaqlardır. Artıq 25.4 milyon insan həyat üçün zəruri antiretovirus müalicəsinə (ART) başlayıb, 12 milyonu isə hələ də öz müalicə növbəsini gözləməkdədir. Təxminən 7,2 milyon insan yoluxduqlarını bilmir. “Ölkəmizə gəldikdə, ümumilikdə, 1 dekabr 2020-ci il tarixinə İİV ilə yaşayan 7247 nəfər mərkəzimizdə rəsmi olaraq qeydiyyata alınıb, onlardan 1864 nəfər QİÇS mərhələsindədir. İİV infeksiyasından ölənlərin sayı 1082 nəfərdir. 2020-ci ilin ilk 11 ayı ərzində Azərbaycanda 494 yeni yoluxma halı təsdiqlənib. 484 nəfər (98.0%) Azərbaycan vətəndaşı, 10 nəfər (2.0%) əcnəbidir. Azərbaycanın yoluxmuş 316 (65,3%) vətəndaşı kişi, 168-i (34,7%) isə qadındır ” – deyə Esmira Alməmmədova fikrini tamamlayıb.

Müsahibə zamanı qaldırılan digər bir mövzu İİV infeksiyasının yayılmasının qarşısını alma mövzusu olub. Doktor Alməmmədovanın sözlərinə görə, profilaktikanın təsirli bir vasitəsi əhalini xəstəliyin özü, yoluxma yolları və qarşısının alınması üsulları haqqında geniş məlumatlandırmaqdır, eyni zamanda vətəndaşları İİV testindən keçməyə sövq etmək də olduqca vacibdir. “Son onilliklər ərzində davamlı profilaktik tədbirlərin həyata keçirilməsi ölkəmizin əhalisinin testlərdən keçirilmə əhatəsinin daha da genişləndirilməsini təmin edib. COVID-19 pandemiyasına baxmayaraq, İİV testi ilə əhatə nisbəti azalmayıb: bu ilin 10 ayı ərzində 75.499 İİV testi aparılıb. 2020-ci ildə Avropa İİV Test Həftəsi çərçivəsində Azərbaycanda, ənənəvi olaraq, bahar və payız HİV test kampaniyası keçirilib (European HIV Testing Week). Qeyd etmək istərdim ki, “HIV in Europe” beynəlxalq təşkilatının bu təşəbbüsü çərçivəsində AR Səhiyyə Nazirliyi 2013-cü ildən etibarən test kampaniyaları həyata keçirir. Bu müddət ərzində ölkə daxilində on minlərlə vətəndaş pulsuz testlərdən keçib, vəziyyətlərindən xəbərdar olub, İİV-infeksiyasının ötürülməsi, qarşısının alınması və müalicəsi yolları haqqında məlumat alıb” - Esmira xanım belə deyib.

Esmira Alməmmədovanın sözlərinə görə, Səhiyyə Nazirliyinin və dövlətin həyata keçirdiyi tədbirlərin effektivliyinin başqa bir real nəticəsi İİV- xəstələrinin 74,7 faizinin dispanser nəzarətində olması və ÜST tərəfindən tövsiyə olunan müasir sxemlərə əsasən lazımi müalicənin alınmasıdır. COVID-19 pandemiyası dövründə Azərbaycanın Səhiyyə Nazirliyinin səyləri ilə antiretovirus terapiyasının təmin edilməsi sabit qalıb: bütün dərmanlar UNDP vasitəsi ilə alınıb və ölkəyə çatdırılıb. Esmira xanım, həmçinin, İİV / QİÇS-lə Mübarizə üzrə Milli Proqramın prioritetlərindən birinin İİV -lə yaşayan insanlarda opportunistik və yanaşı gedən infeksiyaların müalicəsi olduğunu qeyd edib. AR Səhiyyə Nazirliyi ÜST tərəfindən "C" virus hepatitinin müalicəsi üçün tövsiyə olunan müasir pangenotipik dərmanları alıb. Bu cari ilin 11 ayı ərzində İİV-pozitivli və "C" virus hepatit ilə birgə infeksiyalı 1034 nəfər pasientin müalicəsini həyata keçirmək üçün imkan yaradıb.

Esmira Alməmmədova müsahibəsi zamanı İİV/QİÇS-lə mübarizədə AR Səhiyyə Nazirliyinin qeyri-hökumət təşkilatları ilə işbirliyinin xüsusi əhəmiyyət kəsb etdiyi barədə söyləyib. "Vərəm, HİV və Malyariya ilə Mübarizə üzrə Qlobal Fondun layihəsi çərçivəsində 13 QİÇS-lə bağlı xidmət göstərən Qeyri Hökümət təşkilatları Səhiyyə Nazirliyi və onun strukturu olan Respublika QİÇS-lə Mübarizə Mərkəzi ilə sıx əməkdaşlıq edir" – o, qeyd edib. Bundan əlavə, Qlobal Fond, UNAIDS, WHO, UNICEF, INDP və digər beynəlxalq təşkilatlar kimi böyük tərəfdaşlarla ortaqlığın davam etdirilməsi haqqında xəbər verilib.

Müsahibəsinin sonunda Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru vəzifəsini icra edən Esmira Alməmmədova qeyd edib ki, koronavirus pandemiyası hamının ümumi təhlükəsizliyinin hər kəsin individual bir təhlükəsizliyindən birbaşa asılı olduğunu aydın şəkildə nümayiş etdirib. Onun fikrinə əsasən, istənilən uğurlu nəticəni əldə etmək üçün ehtiyacı olan hər kəsə daima vaxtında yardım göstərmək lazımdır. Esmira xanım damğanın və ayrıseçkiliyin aradan qaldırılması, əhalinin mənafelərinin nəzərə alınması, insan hüquqları və gender bərabərliyinə əsaslanan yanaşmaların tətbiq edilməsinin həm İİV / QİÇS, həm də COVID-19 pandemiyası ilə uğurlu mubarizənin təməl şərtlərindən olduğuna inandığını bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu