Turizmdə iflasın qarşısı necə alınır? – dünya və Azərbaycan təcrübəsi


Pandemiyaya qədər dünyada ən gəlirli sahələrdən biri hesab edilən turizm sektoru bu gün digər sahələrdə olduğu kimi, problemlərlə üzləşib. Dünyanın hər yerindən, Yaponiyadan Rusiyaya, Çindən Almaniyaya qədər turizm sənayesində yeni iflas xəbərləri gəlməkdə davam edir. Bu sektorda domino təsiri yaradan iflasların baş verməsindən qorxan hökumətlər bunun qarşısını almaq üçün müxtəlif paketlər hazırlayırlar. Bəs Azərbayanda bu istiqamətdə hansı işlər görülür? – sualına cavab axtarmazdan öncə dünya ölkələridə turizmin zərərlərini qarşılamaq üçün atılan addımlara nəzər salaq.


Turizm şirkətlərinin iflası hələ davam edir…

Turizmin inkişaf etdiyi ölkələrdən olan Almaniya bir tərəfdən iflasla bağlı qanunu tənzimləyərkən, Lufthansa və TUI, FTI da daxil olmaqla səyahət sənayesinin bir çox şirkətinə, bunların arasında “Novum” otel qrupu, tur operatoru “Berge & Meer” və “Galeria Karstadt Kaufhof və Trendtours”un da olduğu firmaya Federal İqtisadi Sabitlik Fondu (WSF) vasitəsilə 20 milyard avroya yaxın maliyyə dəstəyi edərək iflasların qarşısını almağa çalışır. Turizm sahəsindəki iflas dalğasından qorxan ölkələrdən biri olan İspaniya hökuməti, SEPI dövlət kredit təşkilatı vasitəsi ilə sektorun müxtəlif seqmentlərindən olan şirkətlərə 4 milyard avro dəstək verib. Bu çərçivədə Barcelo otel qrupuna 320 milyon avro dəstək verilib. Yaponiyada baş verən pandemiya səbəbindən 84 turizm şirkəti iflas edib. Avropa səyahət sənayesi üçün ikinci ən böyük bazar olan İngiltərədə 326 yaşayış və turizm şirkəti 1 aprel - 30 iyun 2020 arasında iflas edib. 643 şirkət də iflas mərhələsindədir. 12 ay ərzində İngiltərədəki qonaqpərvərlik müəssisələrinin dörddə üçündən çoxunun iflas riski ilə üzləşdiyi göstərilir. ABŞ hava yollarına 54 milyard dollar dəstək verilməsinə baxmayaraq, iflasların qarşısını almaq olmur.

Ölkələr turizmə hansı dəstəyi göstərirlər?

Dünya Turizm Təşkilatı (UNWTO) pandemiya dövründə hansı ölkənin turizm üçün hansı tədbirlər həyata keçirdiyini araşdırıb. Bu araşdırmada UNWTO, 220 ölkə və bölgənin 167-dən məlumat əldə edib. Bunlardan 144 ölkə sənayeni dəstəkləmək üçün nəğd pul siyasətini qəbul edib.
Pandemiya səbəbi ilə ölkələrin turizmə verdiyi müxtəlif dəstəklər arasında ən çox müşahidə edilən dəstək 70 faiz ilə ƏDV endirimidir. Pandemiya dövründə ölkələrin iqtisadi və sosial quruluşundakı turizmin rolunu nəzərə alaraq, AB, BVF, OECD, Dünya Bankı və regional inkişaf bankları qrant və özəl kreditlərlə dəstək oldular. Ölkələrin pandemiya səbəbiylə səyahət sənayesinin hava nəqliyyatını təmin edən hava yollarına dəstək təmin edilib. Hökumətlər tərəfindən verilən ən əhəmiyyətli dəstək 100 milyonluq işsizlik probleminin həlli yolu olaraq işdən çıxarılmasının qadağan edilməsi, işsizlərə məhdud bir maaş ödənilməsi və müəssisələrin məşğulluq vergisindən azad edilməsidir. Bu dövrdə bəzi ölkələr turizmi canlandırmaq üçün daxili bazar üçün təşviq tənzimləmələri həyata keçiriblər. Bu məqsədlə vətəndaşlara tətilə getmələri üçün maddi dəstək verilib.

Ötən müddətdə müxtəlif ölkələrdə tətbiq edilən dəstəyə gəldikdə isə onlardan biri İtaliya idi ki, burada vergi tutulması dayandırılıb. Müəssisələrin sosial sığorta haqları təxirə salınıb. May ayında elan edilən və turizm sektorunu da əhatə edən məşğulluğa dəstək paketinin ümumi həcmi 25,6 milyard avro olub. Turizm sektoruna verilən dəstəklər arasında daxili turizmi canlandırmaq üçün aztəminatlı ailələrə daxili səyahətlərdə istifadə üçün 500 avroluq tətil kuponları verilir. Bundan əlavə, otellərdə vergi endirimi və sosial məsafə qaydasına uyğun tənzimləmələr edən müəssisələrə 2 milyard avroluq yardım da göstərilən dəstəklərdəndir. Bundan əlavə, aviasiya sənayesi və “Alitalia”nın vurduğu ziyana görə 500 milyon avroluq bir fond yaradılıb.
Turizmin inkişaf etdiyi əsas ölkələrdən olan İspaniyada hökumət müvəqqəti kollektiv ixtisarların qarşısını almaq üçün yeni təcrübə tətbiq edib. Turizm sektoru üçün 18 iyunda açıqlanan dəstək paketinin həcmi 4.2 milyard avrodur. Bu dəstək paketinin 2,5 milyard avro hissəsi sektora veriləcək kreditlərdən ibarət olduğu halda, rəqəmsallaşma və davamlılıqla rəqabəti təşviq etmək üçün 850 milyon avro, İspaniya Hava limanları Əməliyyatlarına (AENA) isə 756 milyon avro verilib.
Yunanıstanda hökumət əmək müqavilələri müvəqqəti dayandırılmış işçilərin sosial təminat və sağlamlıq haqlarını ödəyib. Almaniyada qonaqpərvərlik sənayesini dəstəkləmək üçün ƏDV dərəcəsi endirilib. Misirdə turizm mərkəzlərindəki, muzey və s. yerlərdəki iş yerləri böhranın sonuna qədər kirayədən azad edilib. Çin səyahət agentliklərinə pul ödəmək üçün fond yaradıb. Belçikada otel sənayesindəki şirkətlər üçün endirimli kreditlər verilib. Braziliya, Kosta Rika və Norveçdə hava nəqliyyatından istifadədə və aviasiyada vergilər dayandırılıb. Norveçdə sərnişin nəqliyyatı, yerləşmə, mədəni tədbirlər və turistik yerlərdə ƏDV 12 faizdən 8 faizə endirilib.
Avstriyada, Covid-19 baş vermədən əvvəl kredit götürmüş turizm şirkətlərinin borc ödəmələri dayandırılıb. Kənd Təsərrüfatı, Bölgələr və Turizm Nazirliyi, 6 Mart 2020-ci ildə pandemiya ilə bağlı turizm sektoru üçün ilk dəstək paketini açıqlayıb. Bu paketə daha çox Avstriya Otel və Turizm Bankı vasitəsi ilə kredit dəstəyi daxildir. Buna görə, təxminən 1,6 milyard avroluq dəstək büdcəsinin ayrıldığı açıqlanıb. Avstriya hökuməti Covid-19 böhranından çıxmaq üçün bütün ticarət müəssisələri üçün 2 milyard avroluq dəstək fondu da yaradıb.
Bolqarıstandakı qonaqlama, turizm agentlikləri, tur operatorları, restoranlar və fastfud müəssisələrinin sığorta ödənişləri təmin edilib. Türkiyədəki yaşayış yerlərində ƏDV ən yüksəkdən ən aşağı rəqəmə endirilib.
Portuqaliya hökuməti pandemiyanın ilk dövründə işəgötürənlərin sığorta yükünün 70 faizini ödəyərkən, işçilərin maaşlarının 2/3 hissəsini əhatə edən məşğulluq dəstəklərini tətbiq edib.
Ümumilikdə turizm sektorundakı restoran biznesi üçün ümumi həcmi 600 milyon avro olan bir kredit paketi yaradılıb, turizm agentlikləri və tədbirlər təşkil edən şirkətlər üçün 200 milyon avroluq bir kredit paketi təqdim edilib. Otellərə açılan kredit həcminin ölçüsü 900 milyon avro olub. “Turismo de Portugal” adı altındakı, sıxıntı içində olan kiçik müəssisələr üçün 60 milyon avroluq bir kredit paketi elan edilib.
Rusiya hökuməti "Nəğd qaytarma" adlı bir proqramla daxili turizmi dəstəkləməyə qərar verib. Alınan qərar çərçivəsində, ölkə daxilində 25 min rubldan artıq tur satın alan vətəndaşlara 5 min rubl pul geri qaytarılır. Rusiya turizm şirkətlərinin və hava yollarının vergi ödəmələrini təxirə saldı.
Ölkəmizdə bu istiqamətdə həyata keçirilən tədbirlərə gəldikdə isə Dövlət Turizm Agentliyindən AFN-in sorğusuna cavab olaraq bildirildi ki, turizm sahəsində çalışan sahibkarlar, eləcə də yerləşdirmə (hotel), səyahət agentliyi və turoperator faəliyyəti üzrə məşğul olan iş adamları üçün dəstək paketi hazırlanıb. Təkliflər paketində ilk olaraq əmək ödənişləri ilə bağlı dəstək proqramı bəndi yer alıb. Qeyd edək ki, bu ümumi olaraq pandemiya dövründə sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə də şamil olunurdu. Təkliflər paketində kredit-zəmanət dəstəyi proqramı da yer alıb. Qeyd edildi ki, pandemiyadan zərər çəkmiş iqtisadi sahələrə, o cümlədən, yerləşdirmə (hotel), səyahət agentlikləri və tur operator fəaliyyəti ilə məşğul olan sahibkarlara vergilər üzrə güzəşt və azadolmalar, tətillərin verilməsi ilə bağlı qanun layihəsinə Milli Məclisdə baxılması nəzərdə tutulur.
Hazırda xarici ölkələrdə tətbiq edilən güzəştlərin bir çoxu ölkəmizdə həyata keçirilmir. Bu gün mövcud turizm sektoru, o cümlədən şirkətlər iflas edərsə, pandemiyadan sonra bu sahənin yenidən bərpası xeyli vaxt tələb edəcək.

NİGAR



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu