“İsgəndər”in hardan atılmasının dəqiqləşməsi münasibətlərə necə təsir göstərəcək?


Ermənistanın hərbi əməliyyatlar zamanı mülki əhaliyə qarşı qadağan olunmuş silahlardan və ballistik raketlərdən istifadə etməsi bir faktdır. Şuşa yaxınlığına “İsgəndər-M” raketinin atılması Ermənistanın siyasi-hərbi rəhbərliyinin növbəti cinayət əməlidir. Hərbi ekspertlərin qənaətinə görə, Ermənistanda “İsgəndər” raketinin “E” versiyası olmalıdır. Ancaq Ermənistan tərəfinin “İsgəndər-M” raketlərini haradan əldə etməsi, yaxud bu atəşin Ermənistan ərazisində olan Rusiya hərbi bazalarından atılması müzakirə olunan mövzulardandır. Ümumiyyətlə, bu raketin Ermənistandanmı yoxsa Rusiyadanmı atılmasının sübut olunması ölkələr arasında münasibətlərə necə təsir göstərəcək?




Politoloq Fikrət Sadıqov AFN-ə açıqlamasında bildirdi ki, “İsgəndər” raketləri Rusiya raketləridir və onun eksport variantı, müxtəlif növləri var: “Azərbaycana atılan uzaqmənzilli bir raketdir, onun partlayışı da böyük dağıntılara gətirib çıxarır. Təbii ki, biz bu məsələyə aydınlıq gətirilməsinin tərəfdarıyıq. Burada bir məqam var ki, əgər ruslar bunu etsəydilər, raket peşəkarlıqla istifadə olunub partlayardı. Ancaq Paşinyanın dediyi kimi, 10 faiz partlaması ona işarə edir ki, bundan peşəkarcasına istifadə edə bilmədilər”. Politoloq deyir ki, eyni zamanda bu, Azərbaycan üçün çox təhlükəli bir məsələdir: “Kim tərəfindən istifadə olunursa olunsun, biz bunu axıra qədər araşdırıb, öz sözümüzü, mövqeyimizi bildirməliyik. Bizi maraqlandıran budur. Bunu istifadə edən tərəf bundan nəticə çıxartsın. Çünki biz belə hallara göz yummayacağıq, prinsipial mövqeyimiz bu məsələnin araşdırılmasından sonra nümayiş olunmalıdır. Əgər günahkar Rusiyadırsa, bu, münasibətlərə müəyyən xələl gətirə, soyuqluq yarada bilər. Bizim strateji portnyorluq münasibətlərimizə müəyyən ləkə gətirə bilər. Onda gərək bunu rəsmi dairələrmi, qeyr-rəsmi dairələrmi, yaxud kimin etdiyini izah eləsinlər və günahkar cəzalandırılmalıdır. Amma əks halda münasibətlərə soyuqluq gətirə bilər”.



Hərbi ekspert Ədalət Verdiyev bildirdi ki, “İsgəndər” raketinin Rusiyadan, yaxud Ermənistandan atılmasına aydınlıq gətirilməsi çox şeyi dəyişəcək: “İlk olaraq konvesiyalarla qadağan olunmuş silahın Ermənistana necə gəlib çıxması məlum olacaq. Gələcəkdə bu kimi silahların digər separatist qrupların əlinə keçməsi trayektoriyasının, bu marşrutların qarşısı alınacaq. İkincisi, bu raketləri Azərbaycana qarşı kim istifadə edib? Ermənistanın silahlı qüvvələrində “İsgəndər”raketinin buraxılışını həyata keçirəcək hazırlıqlı ekipajı yoxdur. Çünki bu raketlərin buraxılması üzrə hərbi kafedralar Ermənistan təhsil müəssisələrində yaradılmayıb. Təbii ki, təhsil müəssisəsində fakültə yoxdursa, demək ki, tədris, təlim verə biləcək müəllim-professor heyəti də yoxdur. O zaman suallar, diqqətlər Rusiya tərəfə yönəlir. Ola bilsin ki, Rusiyada hansısa “İsgəndər” raketlərində xidmət edən zabitlər bəlkə də xidmətdən tərxis olunduqdan sonra Ermənistan tərəfindən xidmətə cəlb olunub. Bütün bu suallara cavab tapılmalıdır”.
Ekspertin fikrincə, sual doğuran odur ki, nəyə görə Rusiya bu raketin buraxılışını burnunun ucunda baş verməsinə baxmayaraq, izləyə bilmədi: “Halbuki bütün okeanlardan raket buraxılışlarını Rusiya çox yaxşı izləyir. Bunu həm peyklər, həm də yerüstü radiolakasiya stansiyaları vasitəsilə izləyir. Xatırlayırsızsa, Qəbələdə yerləşən RLS Hind okenanından bu tip raketlərin buraxılışını izləyirdi. İndi nədən Gümrü bazasında yerləşən radiolakasiya stansiyası bir neçə kilometrdən buraxılan “İsgəndər” raketini izləyə bilməyib? Bütün bu suallara cavab tapmaq Azərbaycanın haqqıdır”. Ekspert deyir ki, digər tərəfdən açıqlamalar beynəlxalq sanksiyalara səbəb ola bilər: “Çünki 300 kilometrdən uzaq mənzilli raketlərin ixracı tamamilə qadağandır. Bu raketlər 87-ci ildə SSRİ ilə ABŞ arasında imzalanan 2019-cu ilə qədər qüvvədə olan orta və yaxın mənzilli raketlərin ləğvinə dair sazişin tələblərinə uyğun demontaj olunmalı, zərərsizləşdirilməli idi. Lakin görünür ki, bu baş verməyib, əksinə, onları Ermənistan tərəfinə ötürüblər. Bunu tapmaq əslində bir neçə gün tələb edir. Burada raketin üzərindən səfirliyin nümayəndəsi gəlsin, seriya və partiya nömrəsini götürsün, onu Rusiya Müdafiə Nazirliyinə ötürsün. Nazirlik də həmin istehsalçı zavoda bu nömrəli, seriyalı raketin hansı hərbi hissəyə verildiyini aydınlaşdırsın. Həmin hərbi hissədən bu raketi təqdim etmələri tələb olunsun. Təqdim ediləcəksə, deməli, bu raket iki ədəd eyni nömrədə istehsal olunub, buna mən çox az ehtimal verirəm. Təqdim edilməsə, demək ki, həmin hərbi hissə bu raketləri Ermənistana verib. O zaman hansı yolla verilməsini həmin hərbi hissə komandanlığı açıqlayacaq. Bu qədər sadə bir prosesi niyə bu qədər uzatdıqlarını mən anlaya bilmirəm. Burada kimsə demir ki, Rusiyanın siyasi rəhbərliyi əmr edib ki, “İsgəndər M” verin. “İsgəndər E” versiyasına icazə veriblər. Bunlar isə raketin markasında oynayıblar. Bu hərbi elitanın da əli ilə ola bilər. Çünki biz Rusiya hərbçilərinin, generalitetin Azərbaycanın qələbəsindən çox narahat olduğunu bilirik. Bu, Tovuz hadisələrindən bəllidir. Həmin raketlərin izini axtarmaq istəyənlər 2020-ci ilin iyulun 14-dən Erebuni və Gümrü bazalarına daşınan, aerodromlarına enən Rusiya istehsalı yük təyyarələrinin assertimentlərinə baxsınlar, əminəm ki, ordan nələrisə tapacaqlar”.

NİGAR



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu