İrandan gələn keyfiyyətsiz məhsulların qarşısını necə almaq olar?


Bu günlərdə İranın 5 əyalətində yüksək patogen quş qripi xəstəliyinin qeydə alınması ilə bağlı ölkəmizə quş ətinin idxalına qadağa qoyulub. Ümumiyyətlə, bir sıra İran məhsullarının tərkibində orqanizm üçün təhlükəli olan maddələrin tapıldığı faktdır. Hətta bir müddət öncə 4 ton kartof yararsız olduğu üçün məhv edilmişdi. İranın özündə belə satıcılar bəzi məhsulların, xüsusilə ədviyyatın, o cümlədən sarıkökün tərkibinin keyfiyyətsiz olduğunu deyirlər. Lakin bu gün Azərbaycan bazarında kifayət qədər İran məsulları var və istehlakçı isə yerli məhsula nisbətən ucuz olduğu üçün bu məhsullara üstünlük verir. Bəs görəsən, İran məhsullarının bazardakı dominantlığından necə qurtulmaq olar?


Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov AFN-ə açıqlamasında təsdiq etdi ki, İrandan Azərbaycana genetik modifikasiya olunmuş kənd təsərrüfatı malları gəlir: “ Məndə rəsmi məlumat var ki, İranda genetik modifikasiya olunmuş kənd təssərrüfatı məhsulları yetişdirilir. Təəssüflər olsun ki, İslam ölkəsi olan İranda bunu tətbiq edirlər və bu, Allahın iradəsinə ziddir. Oradan daxil olan kartoflar və digər məhsulların tərkibində bu problem özünü göstərir. O ki qaldı İrandan quş ətinin idxal olunmasına, Azərbaycan quş əti ilə özünü tam təmin edə bilər. Azərbaycan elə bir siyasət aparmalıdır ki, xaricdən ölkəyə quş əti idxal edilməsin. Onu da qeyd edim ki, ötən həftə mənə ölkədəki bir broylerin sahibi tərəfindən daxil olan şikayətdə bildirilir ki, Azərbacanda quş qripi var və bu gizlədilir. Qonşu ölkələrdə də quş qripinin mövcudluğu problemi var. İrandan gələn məhsulların bəzilərində gübrə, pestisit qalıqları da müşahidə edilir. Lakin AQTA hissə-hissə bu işləri həll edir. Azad bazar iqtisadiyyatıdır, İrandan da ucuz mallar daxil olur və istehlakçılar da tələbat yaradırlar. Təəssüf ki, belə anlaşılmaz vəziyyət var. Məsələn, kartofların böyüklüyü onu göstərir ki, gübrəlidir, genetik modifikasiya olunmuş məhsuldur”.

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli isə təəssüflə bildirdi ki, Azərbaycan özünü heç bir adda kənd təsərrüfatı məhsulları və ərzaq malları ilə təmin edə bilmir: “ÜST-nın normasına uyğun heç bir məhsulla əhalinin tələbatını ödəyə biləcək səviyyədə istehsalla məşğul olmuruq. Nəinki normaya uyğun, ümumiyyətlə, bizdə bir sıra məhsullar üzrə idxaldan asılı vəziyyətdə qalmışıq. Xüsusilə, dənli bitkilər, quş, mal, hətta qoyun əti, bitki yağları, süd, kərə yağı, düyü, çay və s. məhsulları idxal edirik. Son illərdə görürük ki, idxal artmaqda davam edir. Hətta bu ilin birinci rübündə əsas ərzaq mallarının idxalının artımını görmək olar. Onu da qeyd edim ki, dünya bazarında ərzaq mallarının qiyməti bahalaşıb. Belə olan halda daxili istehsala diqqət etmək lazımdır ki, istehsal artsın. Ölkədən çıxarılan vəsait əcnəbi fermerlərə deyil, öz fermerlərimizə çatsın, onların biznesini genişləndirsin, sosial vəziyyətini yaxşılaşdırsın. Bununla məşğul olan demək olar ki, yoxdur. Kənd Təsərrüfatı Nazirliyi reklamla məşğuldur. Guya hansısa sahədə inkişaf var, hansısa tarlada şəkil çəkdirməklə məşğuldurlar. İddia edirlər ki, prezident fermerlərin yanında olmağı tapşırıb. Bu qeyri-peşəkarların fermerlərin yanında olmasının nə əhəmiyyəti var, onlar fermerə hansı məsləhəti verə bilərlər, yalnız fermerin işinə mane olurlar. KTN-i idarə edənlər, nazir, iki müavini hüquqşünasdır, digər müavin isə neft-qaz üzrə mütəxəssisdir, yəni bu sahədən bixəbərdir”. Ekspertin fikrincə, nəticədə bu gün bizdə istehsal azalır, idxaldan asılılıq yaranır ki, burada iki paradoks var: “Birincisi, məhsul istehsalı azalır, məhsuldarlıq aşağı düşür, istehsal olunan məhsulun maya dəyəri artır. İkincisi isə ölkədə məmur oliqarxlar var, onlar üçün yaxşı imkan yaradır ki, hansı ölkədə məhsul ucuzdursa oradan idxal etsinlər, daha baha qiymətə satıb gəlir əldə etsinlər. Beləliklə, istehsal kifayət qədər deyil, o sahəni idarə edənlər qeyri-peşəkardırlar, idxal monopolistlərin əlindədir. Həqiqətən də İranda məhsulun istehsalı ucuz başa gəlir. Məsələn, ölkə əhalisinin əksəriyyəti İran kartofu alır. Niyə Azərbaycanda baha başa gəlir, İranda isə meyvə-tərəvəz, digər bitkiçilik məhsulları ucuz başa gəlir? Ona görə ki, Azərbaycanda dizel yanacağının qiyməti 80 qəpik, İranda isə 2 qəpikdir. Yəni bizdə kəndli 40 dəfə baha qiymətə alır. Təbii ki, harada enerji daşıyıcısının qiyməti aşağıdırsa orda məhsul ucuz başa gəlir. Ümumiyyətlə, Azərbaycanla müqayisədə İranda kənd təsərrüfatı məhsullarının daha ucuz başa gəlməsi məhz onunla bağlıdır ki, onlarda kəndlilərə verilən istehsal vasitələrində ciddi güzəştlər var. Baxsaq görərik ki, İranda kənd təsərrüfatı məhsulu istehsalçısı kredit əldə edərkən neçə faiz ödəyir, Azərbaycanda bu neçə faizdir. Bizdə İran sahibkarlarına nisbətən krediti 6-7 dəfə baha əldə edirlər. Hətta o da əlçatan deyil. Digər tərəfdən, traktor, gübrə, pestisidləri özləri istehsal edir, ucuz başa gəlir. Düzdür, İranda bəzi məhsulların keyfiyyəti Avropa standartına uyğun gəlmir. Ancaq buna baxanda Azərbaycanda problem daha dərindir. İndi bir sıra ölkələrdə məhsulların bahalaşması müşahidə edilir. Ola bilsin ki, İranda ucuz olduğuna görə, yaxın gələcəkdə bizə daha çox məhsul idxal etsinlər”.

NİGAR



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu