Bal idxalı məhdudlaşdırılmasa arıçılıq və bitkiçilikdə inkişaf olmayacaq – Elvin Bayramlı


Azərbaycanca bal istehsalçıları ölkəyə bal idxalının məhdudlaşdırılmasını istəyirlər.


AFN.az-a bununla bağlı danışan “Balçı” firmasının rəhbəri, Azərbaycan Arıçılar Assosiasiyasının sözçüsü Elvin Bayramlının sözlərinə görə, bal idxalının məhdudlaşdırılması yerli istehsalı stimullaşdıra, keyfiyyəti yaxşılaşdıra bilər: “Azərbaycanda istehsal edilən yerli bal bal tələbatını ödəyə bilir. Xüsusilə də torpaqlarımızın işğaldan azad edilməsindən sonra lazım olan istehsal gücünə çatmışıq. Burda vacib olan məsələlərdən biri də budur ki, arıçılıq təbiətlə, bağçılıqla birbaşa bağlıdır. Yəni arıçılıq inkişaf etdikcə bağçılıq da inkişaf edir, meyvə, kənd təsərrüfatı məhsullarının istehsalı artır. Digər yandan, Azərbaycana gələn ballar keyfiyyətsiz ballardır. Xüsusilə İran və Rusiyadan gələn balların keyfiyyəti aşağıdır. İrandan ölkəmizə idxal edilən balın 90-99 faizi, Rusiyadan gələn balların 70 faizi aşaı keyfiyyətli, şərbət ballarıdır. Kənd Təsərrüfatı Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi və Azərbaycan Arıçılar Assosiasiyası dəfələrlə bir neçə şirkətdən bal alıb bu yoxlamanı həyata keçirib. Yəni bu səsləndirdiyim fikirlər tam dəqiq fikirlərdir. Rusiya balları ilə bağlı bu yoxlamalar aparılıb və nəticə yuxarıda dediyim kimidir. İran ballarını yoxlamağa ehtiyac belə yoxdur. Çünki ordan gələn balın keyfiyyətsiz olduğu gözlə görünə biləcək məsələdir. Rusiya şirkətlərindən birinin balı hətta 0 diastaza göstərirdi. Bu, o deməkdir ki, ya arıya şərbət verilib, ya da bal vaxtı keçmiş, istiyə məruz qalmış məhsuldur. Digər şirkətin balı isə bizdə ən aşağı göstərici olan ballarla uyğun gəldi – 6-6,5. Məsələn, şəxsən mənim istehsal etdiyim balda ən aşağı göstərici 8,3olub bir dəfə. Diastaza düzdür, çox vacib elementlərin başında gəlmir, amma onlardan biridir. Balın keyfiyyətini ölçmək üçün müxtəlif yollar var”.
E.Bayramlının sözlərinə görə, bal idxalına qadağa qoyan ölkələrdə əhəmiyyətli inkişaf qeydə alınıb. Həmin ölkələrdən İsrail və Türkiyəni misal çəkən həmsöhbətimiz qeyd edib ki, İsrail bal idxalçısından bal ixrac edən ölkəyə çevrilib: “Ona görə biz idxala qadağa qoyulmasının tərəfdarıyıq. Təklifimizi vermişik, amma hökumət razılaşmayıb. Bizim öz balımız özümüzü təmin edirsə, keyfiyyət də varsa, niyə idxal olunmalıdır? Heç olmasa müəyyən məhdudlaşdırıcı tədbirlər görülməlidir. Elə məhsullar var ki, ölkədə kifayət qədər istehsal edilmir, onun idxalı normaldır. Amma bal və bal məhsulları kifayət qədər istehsal edilir. İdxal edilən ballar Azərbaycan insanının süfrəsinə dəyər qatmır, əksinə dəyərsizlik gətirir süfrəmizə. Necə hazırlandığı bəlli olmayan balın ölkəmizə idxalı dayandırılmalıdır. Bu, bizim xalqımızın, arıçılığımızın faydası üçün edilməlidir. Ən azı minimuma endirilməlidir idxal, ən keyfiyyətlisi gətirilməlidir”.
Azərbaycan hazırda Çin, Yaponiya, ərəb ölkələrinə bal ixrac edir. E.Bayramlının sözlərinə görə, ixrac edilən ballar keyfiyyətli və bahalı məhsullardır: “İxracın artırılması potensialı var. Bunun üçün də yenə idxal dayandırılmalıdır. İdxal dayansa, inkişaf daha güclü olar, böyük təsərrüfatların sayı artar. Bal satılmadıqca, müəyyən problemlər yarandıqca istehsal ləngiyir və inkişaf tormozlanır”.

HƏBİBƏ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu