“Türkün-türkdən başqa dostu yoxdur” şüarının efirlərdən səsləndirilməsi düzgündürmü? - MÜZAKİRƏ


Azərbaycanda “Türkün-türkdən başqa dostu yoxdur” ifadəsi son vaxtlar tez-tez səslənməyə başlayıb. Xüsusilə Vətən Müharibəsindən sonra gündəmə gələn şüar efirlərdən də eşidilir. Bu isə biz çox hallarda narazılığa səbəb olur. Etiraz edənlərin fikrincə, Azərbaycan çoxmillətli ölkədir və 44 günlük savaşda da şahidi olduq ki, ölkəmizdə yaşayan qeyri-türk vətəndaşlar heç də az vətənpərvərlik nümayiş etdirmədilər. “Türkün-türkdən başqa dostu yoxdur” şüarı efirlərdən səslənməlidirmi?


Millət vəkili, akademik Nizami Cəfərov mövzu ilə bağlı AFN-ə açıqlamasında bildirdi ki, “Türkün-türkdən başqa dostu yoxdur” şüarı bu günün deyil, köhnə zamanlardan gələn bir sözdür: “Onun azsaylı xalqlara, Azərbaycanda, bütövlükdə türk respublikalarında yaşayan xalqlara aidiyyatı yoxdur. Həmin xalqlarla türk xalqlarının həmişə çox səmimi dostluğu olub, türk xalqları onları elə türk hesab edib. Çünki türk sözü tək etnik mənada deyil, həm də siyasi, dövlətçilik, humanizm mənasındadır. N.Gəncəvi öz əsərlərində türk sözünü yüz dəfədən çox işlədib. Dəyərli alimimiz Tağı Xalisbəyli onun təhlilini aparmışdı və deyirdi ki, yüz dəfə türk sözünü işlədilib, hamısı müsbət mənadadır. Azərbaycan türk dövlətlərindən biridir və o xalqlar da burada əks olunur. Atatürk də Osmanlı dövlətinin adını Türkiyə qoyanda izah etmişdi ki, bu dövlətin tərkibində çoxlu xalqlar var. Yunanlardan başlamış ərəblərə qədər hamısının adı türk oldu. Bildirdi ki, bu etnik ad deyil, sosial, vətəndaş adıdır. Yəni Türkiyə Cümhuriyyətidir, vətəndaşı da türkdür. Bu türk sözü o mənadadır ki, “adamım adamdan başqa dostu yoxdur”, “humanizmin humanizdən başqa dostu yoxdur”, “həqiqətin həqiqətdən başqa dostu yoxdur”. Ona görə də bunu o məzmunda anlamaq lazımdır. Ölkəmizin digər vətəndaşlarının inciməsi söhbəti ola bilməz. Digər vətəndaşlar da bilir ki, türk sözü nə mənada işlənir. Azərbaycanda türk sözünü həmişə ehtiyatla işlətmişik. Konstitusiyamızda da bu söz işlənmir. Ancaq tarixən müəyyən dəyərlər var və bu dəyərlərin ifadəsidir. Biz heç bir sənəddə etnos mənasında türk sözünü işlətmirik. Nə Azərbaycan türkləri, nə də türk demirik. Bu sözdən nə qorxmaq lazım deyil, nə də anlaşılmaz baxmaq lazım deyil. Sadəcə tarixi bilmək lazımdır. Tarixi dərk etmədən bu sözün dəyərini bilmək çox çətindir”.

Politoloq Cümşüd Nuriyev isə deyir ki, bu, əslində uğursuz bir şüardır: “44 günlük müharibə göstərdi ki, Azərbaycanda olan bütün etniklər bizim qardaşımızdır, dostumuzdur. Hətta başqa dinlərdən olanlar belə, bir azərbaycanlı vətəndaşı kimi öz mövqeyini göstərdilər. Məqsəd ondan ibarətdir ki, Rusiyadan bizə çox güclü təzyiq var. Əslində Azərbaycan-Türkiyə məsələsi qoyulmalıdır. Bu şüarı başqa müstəviyə çəkmək olur. Burada Azərbaycan-Türkiyə konfederasiyasından söhbət gedir. Məqsəd bunu gündəmə gətirməkdir, ancaq deyiliş tərzi bir qədər uğurlu seçilməyib. Rusiya hazırda aqressivləşib və Belarusla vahid dövlət məsələsini gündəmə gətirib. Digər dövlətləri, o cümlədən Azərbaycanı bura daxil etmək istəyir. Bu mənada Azərbaycanda daxili narahatçılıq yaranıb, eyni zamanda bundan bəziləri yararlanmağa çalışır. Əslində türkçlüyü bu şəkildə qabardanlar türkləri sevənlər deyillər. İslama görə də bütün müsəlmanlar qardaşdır, talış, ləzgi, avar və digərləri bizim qardaşımızdır, onlar bu müharibədə əsl qardaşlıq nümunəsi göstərdilər. Ona görə də mən bu tip şüarların əleyhinəyəm”. Politoloqun sözlərinə görə, millətçilik heç bir xalqa xoşbəxtlik gətirməyib: “Bu şüarın deyiliş tərzi uğursuzdur, ancaq Azərbaycanda birgə yaşayan qardaşlarımız bizdən inciməsin, elə şüarlara fikir verməsinlər. Yəhudilər başqa dindən olsa belə özlərini bu müharibədə göstərdilər. Bizim ölkədə yaşayan digər etnik qardaşlarımız kifayət qədər şəhid verib, onların qarşısında baş əyirik . Onlar bu kimi şüarlara fikir verməsinlər. Təbii ki, bizim məqsədimiz bir konfederasiya yaratmaqdır və o mənada istəyərik ki, Türkiyə ilə birlikdə olaq”.

NİGAR



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu