Naxçıvan Qarnizonu qoşunlarında komandir hazırlığı məşğələləri keçirilib


“Naxçıvan Qarnizonu Qoşunlarının 2021-ci tədris ilinə uzlaşma planı”na əsasən tabor, divizion komandirləri və müavinləri ilə komandir hazırlığı məşğələləri keçirilib.



AFN xəbər verir ki, komandir hazırlığı məşğələlərində əsas diqqət zabitlərin sülh və müharibə şəraitində komandir keyfiyyətlərinin əsasını təşkil edən mənəvi-psixoloji dayanıqlığının qorunmasına və bölmələri idarəetmə bacarıqlarının təkmilləşdirilməsinə yönəldilib.

Tabor, divizion komandirləri və müavinləri ilə keçirilən komandir hazırlığı məşğələlərində 44 günlük Vətən müharibəsində iştirak edən bölmələrin döyüş təcrübəsini özündə əks etdirən praktiki fəaliyyətlər imitasiya edilib.

Tabor və divizionlarda taktiki-sıra məşğələlərinin təşkili və hazırlanması metodikası göstərilib, düşmənin kiçik ölçülü pilotsuz uçuş aparatlarına və dronlarına qarşı mübarizənin üsul və vasitələri nümayiş etdirilib, praktiki fəaliyyətləri icra edən minaatan batareyaları simulyator minaatanlarından atışlar keçiriblər.

Müasir tank texnikalarının gecə şəraitində döyüşdə tətbiqi ilə minalı sahələrdən, süni və təbii maneələrdən keçməklə atəş tapşırıqlarını yerinə yetirməsi praktiki olaraq göstərilib.

Komandir hazırlığı məşğələlərinə cəlb edilmiş zabitlərdən müxtəlif ixtisas və fənlər üzrə məqbullar qəbul edilib.

Məşğələlərin yekununda bildirilib ki, zabitlərin bölmələri idarəetmə vərdişlərinin təkmilləşdirilməsində, müxtəlif silah sistemlərindən və silahlanmaya yeni daxil edilmiş hərbi texnikalardan istifadə bacarıqlarında, məşğələ və təlimlərin keçirilməsi üzrə hazırlıqlarında müsbət nəticələr əldə edilib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu