Nuran Abdullayev: "Yoluxma artsa, qonaq getmək məsələsində də say limiti qoyula bilər"


Azərbaycanda COVID-19-a yoluxma sayında artım müşahidə olunur

“Bütün dünya ölkələrində olduğu kimi Azərbaycanın da koronavirusla mübarizə ilə bağlı kifayət qədər təcrübəsi var. Təcrübələrə uyğun olaraq virusla mübarizədə yeni strategiyalar meydana gəlir. Almaniyada olduğu kimi, eynilə Azərbaycanda da insanlar arasında yoluxma sayı o həddə çatır ki, nəticədə bundan səhiyyə sistemi əziyyət çəkmiş olur”.

Bu fikirləri “Report”a açıqlamasında Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev deyib.

Onun sözlərinə görə, hazırda yoluxma sayında müşahidə olunan artım insanları qaydalara tam riayət etməyə səsləyir:

“Yoluxma saylarında gördüyümüz rəqəmlər və insanların buna münasibəti narahatlıq doğuran məqamlardandır. Elə ona görə də bu, maksimum şəkildə tətbiq olunan qaydalara əməl etməyi və vaksinasiyada iştirak etməyi zəruri edir. İnsanlar vaksinasiyaya qoşularaq özünü qorumaqla yanaşı, digərlərinin də virusu yüngül formada keçirməsinə və əsas da yoluxmamasına səbəb olur. Misal olaraq, son günlər aparılan elmi tədqiqatlarda peyvəndləmənin 70 %-ə yaxın yoluxmanın qarşısını aldığı məlum olub. Ona görə də vaksin edilmək vacibdir”.

Azərbaycanlı alim bildirib ki, əgər aktiv şəkildə vaksinasiya prosesi icra edilməsə və virusla mübarizə ilə əlaqəli qoyulan qaydalara ciddi əməl edilməsə, səhiyyə sistemi yenidən yüklənəcək:

“Odur ki, tək çıxış yolu yenidən sərt karantin rejiminin tətbiqi ola bilər. Burada da məqsəd 70 % əhalinin immunitet qazanmasına və ikinci nəsil peyvənd çıxana qədər sərt karantin rejimi müddətini uzatmaqdır. Çünki nəzərə alaq ki, qarşıdan Novruz bayramı gəlir. Novruz bayramı ərəfəsində adət-ənənəyə uyğun olaraq insanların bir-birinin evinə qonaq getməsi, insanların bir yerə cəmləşməsi ilə bayram mərasimlərinin keçirilməsi və digər bu kimi hallar yoluxma sayının daha da artmasına gətirib çıxaracaq. Belə olan halda isə, məhdudiyyətlərin və qadağaların tətbiqinə zərurət yaranır. Çünki ötən dövrdə istər bayramlarda, istərsə də adi günlərdə yumşalmalar zamanı insanların qaydalara riayət etməməsi səbəbindən yoluxma sayında yenidən qeydə alınan artımı görmüşük. Ona görə də belə davam etsə, sərt karantin rejiminin yenidən tətbiqi və bayramla əlaqədar bir-birinin evinə qonaq gedən insanların iştirakına say limitinin qoyulması vacib məsələ ola bilər. Tədqiqatlar da bunu göstərir ki, ilkin mərhələdə qonaq getmə hallarının minimuma endirilməsi və görüşlərin sayına limitin qoyulması virusun yayılmasının qarşısını alır. Təbii ki, sərt karantin rejiminin tətbiqi ölkənin iqtisadi durumuna və insanların sosial durumuna ciddi təsir edir. Ona görə də yoluxma artarsa, yuxarıdakı strategiya ilkin mərhələdə sərt karantinə keçməzdən öncə Azərbaycanda da edilməli olan strategiyanın tərkib hissəsi ola bilər”.

Qeyd edək ki, son günlər Azərbaycanda COVID-19-a yoluxma sayında artım müşahidə olunur. Əvvəlki sərt karantin rejimləri ərəfəsində də bu tendensiya hiss olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu