Dövlət Komitəsində Koreyanın Azərbaycandakı səfirliyinin nümayəndələri ilə görüş keçirilib


Dekabrın 17-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov Koreya Respublikasının ölkəmizdəki səfirliyinin rəsmisi xanım Ji Youn Woo ilə görüşüb.



Görüşdə səfirlik tərəfindən işğaldan azad olunmuş ərazilərdə icra oluna biləcək humanitar yardım layihələri müzakirə edilib.

Fuad Hüseynov qonaqlara Azərbaycan ordusu tərəfindən sentyabrın 27-də Ermənistan silahlı birləşmələrinin təxribatına cavab olaraq və ərazi bütövlüyünü bərpa etmək üçün başladığı əks-həmlə əməliyyatı haqqında ətraflı məlumat verib. Bildirilib ki, tarixi ədalət, beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tarixi Azərbaycan torpaqları işğaldan azad edilib, ölkə suverenliyi bərpa olunub. Dağlıq Qarabağ münaqişəsi artıq tarixə qovuşub.

Məlumat verilib ki, işğaldan azad edilmiş rayonlarda bərpa quruculuq işləri dəymiş ziyanın müəyyənləşdirilməsi, ərazilərin minalardan təmizlənməsi və qayıdışdan ibarət olacaq. Bu çoxşaxəli prosesdə Azərbaycan dövləti beynəlxalq təşkilatlar və tərəfdaş ölkələrlə, həmçinin Koreya ilə əməkdaşlıqda maraqlıdır. İnanırıq ki, Koreya hökuməti ötən illərdə məcburi köçkünlərə dəstək məqsədi ilə icra etdiyi layihələri onların qayıdışı və bərpa-quruculuq işlərinin aparılması dövründə də davam etdirəcəkdir. Diqqətə çatdırılıb ki, 30 ilə yaxın bir müddətdə Ermənistan işğal altında saxladığı ərazilərdə vandalizm aktı törədib, mövcud infrastrukturu tamamilə məhv edib. Bu da o deməkdir ki, rayon və kəndlərin əksəriyyətində bərpa-quruculuq işləri sıfırdan başlayacaq.

Koreya Respublikasının ölkəmizdəki səfirliyinin rəsmisi xanım Ji Youn Woo hazırda işğaldan azad edilmiş ərazilərdə Azərbaycan hökuməti üçün yenidənqurma işlərinin həyata keçirilməsinin prioritet olduğunu bildiklərini qeyd edib. Bu səbəbdən Koreya səfirliyi məcburi köçkünlərə dəstək tədbirlərini genişləndirmək niyyətindədir. Qeyd edilib ki, Koreya Xarici İşlər Nazirliyi tərəfindən İnkişafa dəstək proqramı həyata keçirilir. Bu proqram çərçivəsində Koreya hökuməti tərəfindən işğaldan azad edilmiş rayonlarda məktəb, tibb məntəqələri kimi infrastruktur obyektlərinin yenidən qurulması zamanı zəruri olan avadanlıq və digər zəruri materiallar təmin oluna bilər.

Dövlət Komitəsinin sədr müavini həm müharibə dövründə və ondan sonra, həm də koronavirus pandemiyasının geniş yayıldığı müddətdə məcburi köçkün ailələrinə etdiyi yardımlara görə Koreya Respublikasının ölkəmizdəki səfirliyinə təşəkkür edib, hökumətin dəstəyi yüksək qiymətləndirilib. Qeyd olunub ki, səfirliyin işğaldan azad olunmuş ərazilərdə gələcək humanitar layihələrin istiqaməti ilə bağlı təkliflər Dövlət Komitəsi tərəfindən təqdim olunacaq.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu