Oruc tutmaq COVİD -ə yoluxma riskini artıra bilərmi?


Qarşıdan müqəddəs Ramazan ayı gəlir.


AFN xəbər verir ki, aprelin 13-ü niyyət gecəsidir, 14-ü isə orucluq başlayır. Hər il milyonlarla müsəlman sübh tezdən gün batana qədər Ramazan ayında 30 gün ərzində oruc tutur. Bu bir faktdır ki, insanlar bir ildən artıqdır pandemiya şəraitində yaşayırlar. Pandemiya dövründə orqanizmin immunitet sisteminin güclü olması çox önəmlidir. Uzun müddət ac qaldıqda qidalanmanın pozulması nəticəsində orqanizm infeksiyaya daha tez yoluxur. Nəzarətsiz qidalanmanın immun sisteminə təsir etdiyini unutmaq olmaz. Hazırda xəstəliyə yoluxmamaq məqsədilə immuniteti gücləndirmək üçün əlavə vitaminlər də qəbul edilir. Oruc tutarkən maye, vitamin itkisi bütün infeksiyalarda olduğu kimi, COVİD-19 üçün də zəmin yaradır. Oruc tutmaq immuniteti zəiflədə və COVİD-ə yoluxma riskini daha da artıra bilərmi?
Terapevt Nərminə Abbasova AFN-ə açıqlamasında bildirdi ki, Ramazan ayında xəstələrin immun sistemi lap düşə bilər, xəstə ağırlaşar: “İmmun sistemi güclü olanlarda isə orqanizmin detoksikasiyası sayəsində daha da güclənmiş immun sistemi əldə etmək olar. Ümumiyyətlə, pandemiyanın növbəti dalğasının geniş yayıldığı bir zamanda bu sualın cavabı çətindir. İmmunitetin zəifləməsi COVİD-ə daha tez yoluxmaq üçün şərait yaradır. Bəli, bu birmənalıdır. Çox sayda xəstələrimdə bunun təsdiqini öz təcrübəmdə bir daha təsdiqlədim. İl boyu öz sağlamlığı ilə səliqəli davranan insanlardan danışsaq, yoluxdular və asanlıqla müalicə etdim, uğurlarıma çox sevinirəm. Əfsuslar olsun ki, ağırlaşan xəstələr haqqında da məlumatımız az deyil. Xroniki xəstəlikləri aradan qaldıraraq immun sistemimizi normada saxlamağa üstünlük verməliyik. Bundan ötrü hər kəs şikayətinə uyğun terapevtə müraciət etməlidir”.
Həkimin sözlərinə görə, əgər insanın immun sistemi aşağı olarsa hətta COVİD-ə yoluxmadan sonra antitel yaranması belə sual altındadır: “Yəni immuniteti zəif olanların covid riski daha yüksəkdir. Çox yüksəkdir. Məsləhət görərdim ki, qidalanmaya düzgün riayət etsinlər, təbii şirələrdən istifadə etsinlər, yuxu rejimini normada saxlasınlar, əsəb sistemini sakit saxlasınlar, içəcək dərmanları varsa səhər-axşam, yaxud gecə qəbul etsinlər. Amma səhhətlərində ciddi problem varsa oruc tutmamaqları məsləhətdir. Çünki ağırlaşa bilərlər. Təzə yoluxub sağalan xəstələrə isə tövsiyəm budur ki, risk etməsinlər. Çünki lazımı qədər maye qəbul olunmasını hər kəs bilir. Qanın qatılaşmaması üçün su vacibdir. Susuz qalmaq isə yeni xəstəliyin yaranmasına səbəb ola bilər”.

NİGAR



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu