“Turizm haqqında” yeni qanun Azərbaycanda turizmin inkişafına necə təsir edəcək?


Fevralın 18-də Azərbaycan Prezidenti İlham Əliyev ölkədə turizmin dayanıqlı inkişafını təmin etmək, beynəlxalq turizm bazarında Azərbaycanın etibarlı və cəlbedici imicini formalaşdırmaq və rəqabət qabiliyyətini artırmaq məqsədilə hazırlanmış 2021-ci il 27 dekabr tarixli 448-VIQ nömrəli “Turizm haqqında” Qanunun tətbiqi barədə fərman imzalayıb.


Qanun Azərbaycanda turizm sənayesinin tənzimlənmə mexanizmlərini, turizm sahəsində dövlət idarəetməsinin əsaslarını, turizm ehtiyatlarından səmərəli istifadə qaydalarını və turizm sahəsinin maliyyələşdirilmə mənbələrini müəyyən edir.
Qanunda turizmdə xidmət keyfiyyətinin yüksəldilməsi, turoperator və turagentlərin turizm zərfinin və ya turizm xidmətinin turistlərə satışını yazılı müqavilə əsasında həyata keçirməsi, eləcə də müqavilə şərtlərini pozmağa görə sığortaçı ilə mülki məsuliyyətin sığortası müqaviləsi bağlaması, Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən mehmanxanaların (hotellərin) ulduz kateqoriyası əldə etməsi, turizm bələdçilərinin sertifikatlaşdırılması, turizm sənayesi subyektlərinin etik davranış kodeksləri və digər məqamlar haqqında hüquqi çərçivə öz əksini tapıb.
Fərmana əsasən Dövlət Turizm Agentliyinə üç ay müddətində turoperator və turagentlərin mülki məsuliyyətinin sığortası üzrə sığorta məbləğinə dair minimum tələbləri Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırmaqla təsdiq etmək, həmçinin mehmanxanaların (hotellərin) ulduz kateqoriyaları üzrə qiymətləndirmə meyarlarını təsdiq etmək tapşırılıb.

Eyni zamanda Nazirlər Kabineti tərəfindən üç ay müddətində turizm və rekreasiya zonalarının nümunəvi əsasnaməsinin layihəsi hazırlanmalı, turizm sahəsində layihələrin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi qaydası və yerləşmə vasitələrində yerləşmə xidmətindən istifadə edən şəxslərin elektron qeydiyyatının aparılması qaydası təsdiq edilməlidir.

Turizm sahəsində dövlətin apardığı siyasətin əsas istiqamətləri və dövlətin bu sahədə vəzifələri müəyyənləşdirilən qanunda turizm sənayesi subyektləri barədə məlumatların toplanılmasını, reytinq cədvəllərinin formalaşdırılmasını və turizm sahəsində elektron xidmətlərin göstərilməsini təmin edəcək Turizm Reyestri haqqında məlumatlar da təsbit olunub.



Yeni qanun Azərbaycan turizm bazarının dünya turizm bazarına inteqrasiyasını təmin edəcək

Qeyd edək ki, Azərbaycanda “Turizm haqqında” sonuncu qanun 1999-cu ildə qəbul edilmişdi. Ötən müddətdə turizm sektorunun inkişafı, eləcə də dünya turizmində baş verən yeniliklər bu sahəyə dair yeni qanunun hazırlanmasını zəruri edib. Yeni qanun layihəsinin hazırlanmasında məqsəd Azərbaycanda turizm sahəsində yaranan ictimai münasibətlərin kompleks şəkildə tənzimlənməsi, turizm xidmətlərinin müasir standartlara uyğunlaşdırılması və Azərbaycan turizm bazarının dünya turizm bazarına inteqrasiyasının təmin edilməsidir.
Yeni qanunun qəbulu Azərbaycanın turizm qanunvericiliyi ilə Avropa standartları arasındakı fərqlərin aradan qaldırılmasına yardım edəcək, Dünya Turizm Təşkilatının qərar və tövsiyələrinin Azərbaycanda tətbiqini və ölkə qanunvericiliyinə implementasiya edilməsini sürətləndirəcək. Sənədin qəbulu ilə turizm sahəsində xidmətlərin keyfiyyəti artacaq, turizm infrastrukturu yenilənəcək, bu sahəyə investisiya qoymaq imkanları genişlənəcək və turizm sənayesi daha da inkişaf edəcək.



Azərbaycan Turizm Agentliyinin şöbə müdiri Məhəmməd Muradov: “Ulduz kateqoriyası almayan hotellər cərimələnəcək”

“Turizm haqqında” yeni qanunda diqqəti çəkən məqamlardan biri ulduz kateqoriyası olmayan hotellərin İnzibati Xətalar Məcəlləsi ilə cərimələnməsidir. Qanuna görə, belə hotellər 2 min manatdan 5 min manatadək cərimələnəcək.
Məsələyə münasibətini bildirən Azərbaycan Turizm Agentliyinin (ATA)Turizm siyasəti və strategiyası şöbəsinin müdiri Məhəmməd Muradovun sözlərinə görə, hazırda Azərbaycanda 600-dən çox yerləşmə obyekti fəaliyyət göstərir ki, bunun da 60-70 faizini hotellər təşkil edir: “İndiyədək hər hansı bir mexanizm olmadığına görə hotellər ulduzsuz fəaliyyət göstərirdi. Yeni qanunla Azərbaycan Turizm Agentliyi artıq hotellərə ulduz almağı seçim kimi yox, tələb kimi qoyur. Mehmanxana adlı yerləşdirmə vasitəsi mütləq ulduz sertifikasiyasından keçməlidir. Ən azı bir ulduz kateqoriyalı sertifikata malik olmalıdır. Əgər mehmanxana yeni fəaliyyətə başlayıbsa, 6 ay müddətində bu tələbi yerinə yetirməlidir. Ulduz kateqoriyası almayan hotellər cərimələnəcək”.

Agentlik rəsmisi bildirir ki, ulduz almaq şərtləri beynəlxalq standartlara uyğunlaşdırılıb. Azərbaycanın sertifikatlaşdırma haqqında qanunvericiliyinə görə mehmanxananın bir ulduz alması üçün minimal tələblər mövcuddur. Bunlar ən azı 11 otağa malik olmaq, qeyd-qəbul xidməti vermək, otaqlara xidmətin təşkil edilməsi və s. kimi şərtlərdir: “Yeni qanuna görə, hotelə ulduz kateqoriyası uyğunluğu qiymətləndirən qurum tərəfindən verilir. Bu qurum isə akkreditasiya orqanı tərəfindən müəyyən edilir. Uyğunluğu qiymətləndirən qurum ulduz meyarları əsasında bu işi aparacaq. Qanun Dövlət Turizm Agentliyinə səlahiyyət verir ki, həm ulduzla bağlı minimal meyarları müəyyən etsin, bu meyarlar əsasında uyğunluğu qiymətləndirən qurum birbaşa yerində audit həyata keçirməklə mehmanxananın ulduz kateqoriyasını müəyyən etmiş olacaq”.
Məhəmməd Muradovun sözlərinə görə, Dövlət Turizm Agentliyi tərəfindən monitorinqlər aparılacaq, hotellərin ulduz kateqoriyasına malik olub-olmadığı müəyyənləşdiriləcək: “Bir məqamı da qeyd edim ki, mehmanxanaları ulduz almağa dəvət etmək Dövlət Turizm Agentliyinin işidir. Bu, təbii ki, maarifləndirmə tədbirləri ilə həyata keçiriləcək. Agentlik turizm sənayesi ilə sıx şəkildə işləyəcək ki, mehmanxanaları ulduz almağa yönləndirsin”.



Göydəniz Qəhrəmanov: “Qanun qeyri-sağlam rəqabətin qarşısını alacaq”

Qanunun qəbuluna turizm sektoru təmsilçilərinin münasibətini öyrəndik.

Azərbaycan Turizm Agentlikləri Assosiasiyası Ekspertlər Şurasının sədri Göydəniz Qəhrəmanov AFN.az-a açıqlamasında bildirdi ki, “Turizm haqqında” Qanun bir neçə il idi hazırlanırdı, ictimaiyyətin müzakirəsinə təqdim olunmuşdu, Milli Məclisdə turizm sektoru təmsilçilərinin iştirakı ilə dinləmələr keçirilmişdi: “ Düşünürəm ki, ölkəmizdə turizmin inkişafında bu qanun böyük rol oynayacaq. Mənim alqışladığım məqam vahid turizm reyestrinin yaradılması ilə bağlıdır. Bütün turizm müəssisələri özləri haqqında məlumatları bu sistemə daxil etməlidir. Məhz bu məqam qeyri-sağlam rəqabətin qarşısını alacaq.

Son illər turizm şirkətlərinin lisenziya alması kimi tələb ləğv olunmuşdu. Bu, bir tərəfdən yaxşı idi. Çünki hansısa bürokratiyanı, rüsum xərclərini aradan qaldırmışdı. Amma təəssüflər olsun ki, bundan sui-istifadə edənlər var idi. Ofisi, yeri, işçiləri olmayanlar sadəcə evdə oturmaqla fəaliyyət göstərə bilirdilər. Bu da qeyri-sağlam rəqabətə gətirib çıxarmışdı. Çünki şirkətlər vardı ki, ofis kirayələmişdi, işçiləri vardı, onlara maaş ödəyirdi, vergi verirdi, bank xərcləri vardı. Turizm şirkətləri bu xərcləri qarşılamaq üçün təkliflər paketinə müəyyən komisyon əlavə etməlidir. Həmin o qeyd etdiyim şirkətlər böyük dempinqlər edirdilər, xidmət paketlərinə 1-2 faiz əlavə edirdilər, qazandıqları da qalırdı özlərinə. Bu isə qeyri-sağlam rəqabət yaradırdı. Ən adlı-sanlı şirkətlər belə bazarda onlarla rəqabətə davam gətirə bilmirdi. Onlar da xərclərini üstələmək üçün əməkdaşlarını işdən çıxarmaq məcburiyyətində qalırdılar, daha kişik ofisə köçürdülər və s. Bu isə yerli turizm şirkətlərinin səviyyəsini aşağı salırdı, son nəticədə bu sahədə xidmətin keyfiyyətinin aşağı düşməsinə səbəb olurdu. Yeni qanunla bütün bu problemlər öz həllini tapacaq, hər kəs şirkət üzərindən fəaliyyət göstərəcək. Bu addım ciddi şirkətlərin hüquqlarını qoruyacaq.

Bu qanun heç kimin haqqına girməyəcək. Çünki heç kimə işləmə deyilməyəcək, amma hansısa qaydalar, standartlar çərçivəsində.
Azərbaycan dövləti son illər turizmin inkişafını prioritet elan edib. Əgər ölkəmizə gələn turistlərə beynəlxalq standartlara uyğun səviyyəli xidmət təqdim etmək istəyiriksə, qaydalara uyğun çalışmalıyıq. Biz turizm sektorunun təmsilçiləri bu qanunun qəbulunu çoxdan gözləyirdik. Bundan sonra daha böyük addımlarla, həvəslə işimizlə məşğul olacağıq.



Ceyhun Aşurov: “Vahid turizm reyestrinin yaradılması turizm müəssisələrinin keyfiyyət reytinqini formalaşdıracaq”

“New Baku” hotelinin baş meneceri Ceyhun Aşurov qanunda hotellərin ulduz sertifikatını almasının məcburi olması ilə bağlı məqama toxunaraq qeyd etdi ki, indiyə qədər bəzi hotellər özlərini ulduz kateqoriyasında təqdim edirdilər: “Bir çox hallarda onların təqdim etdiyi ulduz standartı ilə göstərdiyi xidmət arasında bir uyğunsuzluq olur ki, bu da müştəri məmnuniyyəti ilə ziddiyyət təşkil edir. Qanunda bu kimi hallarla bağlı nəzərdə tutulur ki, monitorinq əsasında hotellər xüsusi təftiş olunacaq, əslində layiq olduğu ulduz kateqoriyasını alacaq. Bu, eyni zamanda düzgün rəqabət mühiti yaradacaq ki, bu da xidmətin keyfiyyətinə təsir göstərəcək.

Təsnifatdan keçməyən hotellərə cərimə də nəzərdə tutulub. Mən azad bazar iqtisadiyyatı şəraitində cərimələmənin tərəfdarı deyiləm. Amma cərimə düşünürəm ki, layihədə nəzərdə tutulmuş müddəaların daha qısa zamanda keyfiyyətli şəkildə icra olunmasına xidmət edəcək”.
Müsahibimiz deyir ki, yeni qəbul edilmiş “Turizm haqqında” Qanunda daha çox turistlərin rahatlığı, keyfiyyətli xidmətlə təmini, sığortası kimi məqamlara diqqət yetirilib: “Qanunun turizm şirkətləri ilə bağlı hissəsində turistlərin sığortalanması məsələsi var. Turizm şirkətlərinin fəaliyyəti zamanı bəzən neqativ hallara rast gəlinirdi, müştərilərin aldadılması halları baş verirdi. İndi turistlərin sığortalanması məsələsi qanunda öz əksini tapıb.
Qanunun diqqət yetirilməli müddəalarından biri də vahid turizm reyestrinin yaradılmasıdır. Azərbaycanda fəaliyyət göstərən bütün turizm subyektləri – hotellər, turizm şirkətləri özləri haqqında məlumatları bu reyestrdə yerləşdirməlidirlər. Bu məlumatları hər kəs görə biləcək ki, bu da həmin turizm müəssisələrinin keyfiyyət reytinqinin formalaşmasına səbəb olacaq”.

Fəxriyyə Abdullayeva



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu