Rasim Məmmədovun şikayəti təmin olundu
“Baku Steel Company” şirkətinin sabiq rəhbəri Rasim Məmmədovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Musavat.com xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Habil Məmmədovun sədrliyi ilə baş tutan prosesdə müdafiə tərəfi vəsatət qaldıraraq məhkəmə protokolları ilə tanış olmaq üçün şərait yaradılmasını istəyib.
Vəkillər məhkəmə istintaqı dövründə onlara protokollarla tanış olmaq fürsəti yaradılmadığını bildiriblər. Məhkəmə vəsatəti təmin edib və iş yenidən Bakı Ağır Cinayətlər Məhkəməsinə qaytarılıb.
Qeyd edək ki, Rasim Məmmədov və vəkilləri apellyasiya şikayətində bəraət hökmünün çıxarılmasını istəyib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rasim Məmmədov 14 il müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən, R.Məmmədovun cinayət işi ilə bağlı üzərinə həbs qoyulan 70 milyon manatlıq əmlakının müsadirə olunması barədə qərar qəbul edilib.
“Baku Steel Company” MMC-nin Müşahidə Şurasının sədri Məmmədov Rasim Hikmət oğlunun tutduğu vəzifədən irəli gələn səlahiyyətlərdən sui-istifadə edərək, ölkə ərazisində metallurgiya sənayesinin inkişafına, fiziki və hüquqi şəxslərin hüquqlarına, dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran qanunsuz əməllərə yol verməsi ilə bağlı faktlara dair daxil olmuş məlumatlar Dövlət Təhlükəsiziyi Xidməti tərəfindən araşdırılıb. Rasim Məmmədov müvafiq vəzifədə işlədiyi dövrdə öz səlahiyyətlərindən qulluq mənafelərinə qəsdən zidd olaraq istifadə edib. Rəsmiləşdirilmiş satış üzrə müəssisəyə mədaxil edilmiş pul vəsaitlərindən 13 milyon 200 min manatı mənimsəmə yolu ilə talamasına, 42 milyon manat dəyərində istehsal olunmuş məhsulu israf etməsinə əsaslı şübhələr müəyyən olunub.
Eyni zamanda, onun bu əməlləri ilə “Baku Steel Company” MMC-nin maliyyə ehtiyatlarına və davamlı fəaliyyətinə mühüm ziyan vurmasına, həmçinin müxtəlif şəxslərdən külli miqdarda pul vəsaitini aldatma və etibardan sui-istifadə etməklə ələ keçirib təkrar dələduzluq əməlləri törətməsinə də əsaslı şübhələr müəyyən edilib. Rasim Məmmədov ümumilikdə 185 milyon manat mənimsəmə və ya israf etməkdə təqsirli bilinir. İstintaq orqanı tərəfindən R.Məmmədovun barəsində Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 179.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri ilə ittiham elan edilib. Cinayət işi üzrə zərərçəkmiş qismində “Baku Steel Company” MMC tanınıb.